Xəbər lenti

İranda Müdafiə Şurası yaradılır. Məlumata görə, bu məqsədlə Ali Milli Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər ediləcək. Müdafiə Şurasına ölkə prezidentinin sədrlik edəcəyi, şuranın tərkibinə qanunverici və məhkəmə hakimiyyəti rəhbərlərinin, ordu komandanlarının daxil olacağı bildirilir.

İran İslam Respublikasında Müdafiə Şurasının yaradılması haqqında xəbərlər ölkənin təhlükəsizlik və müdafiə siyasətində əhəmiyyətli institusional dəyişikliklərin baş verdiyini göstərir. Yeni qurum İranın Ali Milli Təhlükəsizlik Şurasının strukturunun dəyişilməsi nəticəsində yaradılır. Strukturu yaxın zamanda tamamlanacaq olan yeni şura ölkənin müdafiə siyasəti sahəsində strateji missiyalar daşıyacaq.

Bu fonda tanınmış keçmiş parlament sədri və hazırda Ali Rəhbər Xameneinin siyasi müşaviri olan Əli Laricaninin Müdafiə Şurasının katibi vəzifəsinə gətiriləcəyi ehtimal olunur. Ali Milli Təhlükəsizlik Şurasının hazırkı katibi Əli Əkbər Əhmədiyan isə ölkənin strateji sənədlərinə nəzarət funksiyasını öz üzərinə götürəcək.

Yeni qurumun ölkənin müdafiə siyasətinin formalaşdırılmasında əsas rol oynayacağı gözlənilir. Ölkə konstitusiyasının 176-cı maddəsinə əsasən, bu dəyişikliklərin Səid Cəlilinin Təhlükəsizlik Şurasından kənarlaşdırılması ilə müşayiət olunacağı ehtimal edilir.

Məlumata nəzər salsaq, eləcə də son 12 günlük İsrail-İran müharibəsi onu deməyə əsas verir ki, şuranın əsas vəzifəsi ölkənin müdafiə siyasətinin strateji istiqamətlərini müəyyənləşdirmək, xarici təhdidlərə qarşı cavab tədbirlərini koordinasiya etmək və silahlı qüvvələrin imkanlarının artırılmasını təmin etmək olacaq. Yəni bu struktur dəyişiklikləri İranın təhlükəsizlik arxitekturasını daha çevik və funksional etmək məqsədi daşıyır. Müdafiə Şurası xarici təhdidlərin artdığı hazırkı dövrdə operativ qərarların qəbuluna və resursların daha səmərəli idarə olunmasına xidmət edəcək.

Cənubi azərbaycanlı siyasi fəal, "GünAz" TV-nin rəhbəri Əhməd Obalı Oxu.Az-a açıqlamasında bildirib ki, 1980-88-ci illərdə İran və İraq arasında baş vermiş silahlı münaqişədə də belə bir şura yaradılmışdı:

"Bu şura, əslində, müharibə üçün yaradılmışdı və prezidentə tabe idi. Həmin şura qarşıdurmanın gedişinə, ölkənin müdafiə sisteminə, silah-sursatın alınmasına və bu kimi proseslərə nəzarət edirdi. Şurada başda prezident olmaqla Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhlükəsizlik Nazirliyi, parlamentin sədri kimi ölkənin mühüm orqanlarının rəhbərləri təmsil olunurdular. Bu gün, sadəcə, həmin şura yenidən yaradılır. Yenə də quruma prezident rəhbərlik edəcək, digər orqanların rəhbərləri ilə koordinasiya aparılacaq".

"Bu daha İsrailə, Amerika Birləşmiş Ştatlarına, ümumiyyətlə Qərbə bir jestdir ki, İran müharibəyə hazırdır. Lakin quruma kimin rəhbərlik etməsinin heç bir əhəmiyyəti yoxdur, yenə də Xameneiyə tabe olacaq. Xamenei də nə desə, o olacaq. Bu baxımdan, bu şuranın mahiyyəti də olmayacaq", - deyə müsahibimiz əlavə edib.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 1 467          Tarix: Bu gün, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma