Xəbər lenti
Bu gün, 18:24
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Mütəxəssislər deyirlər ki, yanğınlar baş verdiyi ərazi ilə yanaşı, qonşu ölkələrin, ümumilikdə dünyanın ekoloji durumuna da mənfi təsirlər müşahidə edilir
Bir həftədən çoxdur ki, Türkiyədə baş verən yanğınlar dünyanın diqqət mərkəzindədir. Buna paralel olaraq, dünyanın müxtəlif yerlərindən də yanğın xəbərləri almaqdayıq. Ümumiyyətlə, son illər dünyada böyük əraziləri əhatə edən yanğınlar daha çox müşahidə olunur. Bu yanğınlar baş verdiyi əraziyə hərtərəfli zərər vurur. Bəs bu cür yanğınlar ümumilikdə dünyanın ekoloji durumuna, atmosferə necə təsir edir? Yanmış ərazilərin ekosistemlərinin bərpası nə qədər müddət tələb edir?
“Kaspi” qəzetinin araşdırmasını təqdim edirik.
Ekoloq Vaqif Əliyev deyir ki, yanğınlar ilk olaraq hadisə baş verən ərazinin ekologiyasına mənfi təsir göstərir: “Böyük yanğınlar olan ərazilərdə havanın temperaturunda ciddi fərq yaranır. Bu temperatur dəyişikliyi həm qurudakı, həm də sudakı mühitə (dəniz, göl, çay) öz təsirini göstərir. İstənilən ərazidə yaşayan heyvanlar aləminin yaşam üçün öyrəşdiyi bir həyat temperaturu çərçivəsi olur. Elə heyvanlar var ki, temperaturlarının hətta bir dərəcə dəyişməsi belə, onların kütləvi qırılmasına səbəb olur. İndi görün böyük yanğınlar ərazidəki canlı aləmin həyatına necə təsir edir. Biomüxtəliflik tamamilə pozulur. Ərazidə digər yerlərdə bitməyən hansısa bitki növləri ola bilər ki, yanğın onları da məhv edər, onun bərpa edilməsi də mümkünsüz olar. Yanğın olan ərazidə uzun müddət fotosintez prosesi getmir. Yəni karbonu alıb, oksigen verən yaşıllıqlar olmur”.
“O dalğa ora çata bilməz”
V.Əliyev deyir ki, yanğınların digər ölkələrə təsiri dalğavarı qaydada gedir. Yanğınlar baş verdiyi ərazidən sonra yaxınlıqda yerləşən bölgələrin ekoloji durumuna da təsir göstərir: “Meşə yanğınları baş verdiyi əraziyə zərər vurmaqla kifayətlənmir. Hava axını dalğavarı prosesdir. Qonşumuz yanırsa, biz də yanırıq. Yanğın olan ərazidəki hava külək vasitəsilə regiondakı digər ölkələrə daşınır. Yanğın bölgəsindəki hava getdiyi ərazidəki canlıların həyat temperaturunu da dəyişir. İnsan da daxil olmaqla bütün canlı məxluqların hamısının öyrəşdikləri həyat tərzi pisə doğru dəyişir. İlk olaraq yaxınlıqdakı bölgələrə təsir edir. Burda küləyin istiqamətinin də rolu önəmlidir. Tutaq ki, Türkiyədə yanğın baş verən ərazidə küləyin istiqaməti hansı tərəfədirsə, temperaturu, havadakı zərərli maddələri də o istiqamətə yönəldəcək. Təbii ki Türkiyədəki yanğın Amerika kimi uzaq ölkələrə çatmır, oranın ekologiyasına təsir etmir. Çünki ilk təsir yaxın ölkələrə olur. Qalanı dalğavarı prosesin hara qədər davam etməsinə bağlıdır. Məsələn, Qrenlandiyada buzlaqların ərimə tempi ötən illə müqayisədə iki dəfə artıb. Yakutiyadakı yanğınların Qrenlandiyadakı buzlaqların əriməsinə təsiri olduğu güman edilir”.
XXI əsrin “kimyəvi qiçs”i
V.Əliyevin sözlərinə görə, bir yanğın dünyanın ekologiyasını məhv edə bilməz, ancaq bu hadisə təsirsiz də ötüşmür: “Yanğınlar lokal proseslərdir. Baş verən hansısa hadisənin bütöv ekologiyanı əhatə etməsi mümkün deyil. Ancaq yanan ərazinin miqyasına əsasən, onları qlobal məsələ kimi təqdim etmək olar. Yəni yanan ərazinin böyük olması artıq problemi qlobal edir. Çünki böyük yanğınlar təkcə baş verdiyi əraziyə deyil, hava vasitəsilə digər yaxın ölkələrə, ərazilərə də öz zərərli təsirlərini vurmuş olur. Ümumiyyətlə isə, ekologiya yanma prosesini qəbul etmir. Yanma prosesi getməsin deyə, yaşıl energetikanı yaratmaq istəyirlər. Burda nəyin yanması da önəmlidir. Biri var biokütlə yanır, biri də var ki, yanğınlarda ərazidəki hər bir şey yanır. Bunlar isə hava üçün zərərli tullantıdır. Yanğınlar zamanı havaya dioksin buraxılır. Dioksin problemi – XXI əsrin “kimyəvi qiçs”idir”.
Bir götürsən, iki-üçünü verməlisən
V.Əliyev qeyd etdi ki, ekologiyanın qanunlarına görə, təbiətdən nəyi götürsən, gərək yerinə 2-3 qatını qoyasan: “Tutaq ki, 20 illik bir ağac var və onun fotosintezdə iştirak payı böyükdür. Yeni əkilmiş ağac onun qədər bu prosesdə iştirak etməyəcək. Ona görə 20 illik ağacın fotosintezdə iştirakını əvəz etmək üçün gərək 30 yeni ağac əkəsən. Üstəlik, 5-6 il lazımdır ki, ağac böyüyüb əvvəlki kimi effektiv olsun”.
“Planetimizin ağciyərləri yanır”
Ekoloq Kənan Kərimli bildirdi ki, hər bir ağacın, hər bir kolun atmosferə təsiri böyükdür. Onlar yanırsa, deməli, təbiət, ekologiya zərər görür: “Yanğınlar zamanı dünyamızın, planetimizin ağciyərləri yanır. Ekoloji cəhətdən yanaşanda yanğınlar lokal xarakter daşımır. “Filan ölkə yanır, bizə nə?” deyib keçmək olmaz. Çünki küləklər vasitəsilə hava bir ölkədən digərinə daşınır və miqyası böyük olan yanğınların ekologiyaya təsiri də böyük olur. Bu, o demək deyil ki, kiçik yanğınlar zərər vurmur. Hər bir ağacın, hər bir kolun atmosferə təsiri olduqca böyükdür”.
Bərpanın tez getməsi üçün
K.Kərimli deyir ki, təbiətin özünübərpası uzun müddət tələb edən məsələdir. Ona görə, insanlar yanan ərazilərin bərpasını təbiətin ixtiyarına buraxmamalıdırlar: “Təbiətin özünübərpası mümkündür. Ancaq nə qədər müddətə özünü bərpa edə biləcəyini dəqiq demək mümkün deyil. Çünki hər bir ağac növü, onların yetişmə mühiti, müddəti və s. kimi xüsusiyyətləri var. Ona görə demək olmaz ki, filan meşənin bərpası üçün filan qədər müddət lazımdır. Hər meşədə yanan ağac fərqli ola bilər. Yanğınlardan sonra təbiətin özünübərpasını gözləmək olmaz. Çünki orada olan kiçik fidanlar belə yanıb. Belə hallarda özünübərpa uzun müddət çəkə bilər. Ona görə də bərpa üçün insanlar də dəstək verməlidir. Yenidən həmin ərazidə yaşıllıqlar salınmalı, onlara düzgün qulluq olmalıdır ki, bərpa tez reallaşsın”.
Dəniz suyunun bərpaya təsiri
K.Kərimli qeyd etdi ki, bir çox ərazilərdə yanğınlar dəniz suyu ilə söndürülür və bunun özü də həmin ərazinin təbiətinin bərpasında problem yaradan amillərdəndir: “Məsələn, Türkiyə ərazisində olan yanğınlar dəniz suyu ilə söndürülür. Təbii ki, yanğının miqyası genişdir, indi bunu düşünməyin zamanı da deyil. Ancaq dəniz suyu duzlu olur və gələcəkdə torpağın keyfiyyətinə, kimyəvi dəyişikliyinə səbəb olacaq. Bu da sonradan bərpa işlərində çətinliklər yaradacaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar