Xəbər lenti


Amerika generalı deyir ki, Ermənistanın KTMT-də üzvlüyü və Rusiyanın Gümrüdəki bazası bizim bu ölkənin müdafiəsinin möhkəmlənməsinə kömək etməyimizə mane olmur...

Qarabağ məsələsi meydana çıxandan çoxumuz Ermənistan ordusunun güclənməsində və ölkənin müdafiəsinin möhkəmlənməsində əsas rolun Rusiyaya məxsus olduğunu düşünürük. Son illər Rusiya  Ermənistanla KTMT çərçivəsində əməkdaşlığı daha da genişləndirir və ermənilərlə birləşmiş ordu da yaradıb. 
Lakin Moderator.az-ın  “Amerikanın səsi” radiosunun erməni redaksiyasına istinadla əldə etdiyi məlumatlardan bir daha bəlli olur ki, münaqişənin ədalətli həllinə boyun olmuş həmsədr ölkə olan ABŞ da bacardıqca işğalçı Ermənistan ordusuna dəstək verir. 
“Erməni əsgərləri fədakarlıqla hərəkət edirlər. Onların hərbi hazırlığı yüksək səviyyədədir. Onlar daim yeni biliklər əldə etməyə, eyni zamanda öz biliklərini digərləri ilə bölüşməyə hazırdırlar”. 
İşğalçı  ölkənin hərbçilərini bu cür tərifləyən Rusiya generalı deyil, Amerikanın Kanzas ştatının milli qvardiyasının komandiri, general-mayor  Li Tafanellidir. 
Generalın sözlərinə görə, artıq ikinci ildir ki, erməni hərbçiləri Kanzasa gəlir və Amerika əsgəri ilə bir yerdə təlim keçirlər. Biz Ermənistana  öz müdafiəsini bir sıra sahələr, o cümlədən fövqəladə vəziyyətlərin idarə olunması üzrə  möhkəmləndirməsi üçün kömək etmək istəyirik”, – deyə Tafanelli qeyd edir. 
Və bizim üçün ən maraqlı məqam ABŞ generalının  aşağıdakı fikirləridir:
“Ermənistanın KTMT-nin üzvü olması ABŞ-ın İrəvanla əməkdaşlığına heç cür təsir göstərmir. Həmçinin, Gümrüdəki Rusiya hərbi bazası da bizim əməkdaşlığımıza mane olmur”.
Bundan əlavə, xəbərdən ABŞ-ın erməni ordusuna hərbi həkimlərin və sülhməramlıların hazırlanmasında, eləcə də silahlanmada kömək etdiyi də bəlli olur.  
Beləliklə, sözügedən informasiyalardan belə bir məntiqi nəticəyə gəlmək olur ki, hər ikisi ATƏT-in Minsk Qrupunun həmsədri olan, amma siyasi meydanda biri-biri ilə rəqib kimi görünən ABŞ və Rusiya  işğalçı ölkənin müdafiəsinin möhkəmlənməsi üçün dolayısıyla birgə çalışırlar.

 




Ana səhifəyə qayıt        Baxış: 975          Tarix: 14-10-2017, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma