Rusiya NATO ölkələrinin öz aralarındakı silah ticarəti məsələsinə qarışa bilmədiyi kimi, ABŞ da KTMT daxilindəki məsələlərə, o cümlədən Ermənistanın Rusiyadan silah almasına müdaxilə edə bilməz. Ermənistana qadağa tətbiq edilə bilmədiyi üçün Azərbaycana da belə sanksiya tətbiq edilməyəcək. Çünki ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Qarabağ münaqişəsi bölgəsində iki ölkənin paritet əsaslarla silahlanma hüququnu qəbul etmək məcburiyyətindədir.
Bu sözləri Axar.az-a politoloq Nəzakət Məmmədova ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların nə üçün Ermənistan və Azərbaycana təsirinin olmayacağını şərh edərkən deyib. O bildirib ki, ABŞ-da bu ilin avqustunda qəbul olunmuş “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə qarşı durmaq” haqqında qanun Çin, Rusiya, Şimali Koreya başda olmaqla, onların üçüncü ölkələrə silah satan şirkətlərinə və silah alan dövlətlərə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur:
“Qanunun tətbiqinə 2018-ci ilin yanvarından başlanılacaq. Həmin qanun çərçivəsində Dövlət Departamenti Rusiyanın xüsusi xidmət orqanları və 33 silah konserninin də daxil olduğu siyahı hazırlayıb. Rusiya iddia edir ki, ABŞ bununla Kremli dünya silah bazarındakı rəqabətdə sıxışdırmaq, xüsusilə onun Türkiyə, Səudiyyə Ərəbistanı kimi müttəfiqlərinə silah satmasının qarşını almaq niyyətindədir. Bu sanksiyaların tətbiqi siyasi yox, iqtisadi müharibənin bir vasitəsi kimi nəzərdən keçirilə bilər. Eyni zamanda hərbi əməkdaşlıq siyasi yaxınlaşmanı da labüd edir ki, ABŞ xüsusilə müttəfiq ölkələrin Rusiyadan S-400 almasından sonra Rusiya-Türkiyə yaxınlaşması fonunda bu təhlükəni açıq-aşkar hiss etdi”.
Politoloq qeyd edib ki, bu eksterritorial silah ticarəti sanksiyaları çox böyük ehtimalla Azərbaycanı əhatə etməyəcək:
“Bunun bir neçə çox əsaslı səbəbi var. Nəzərə almalıyıq ki, Ermənistan Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində müttəfiqdirlər. Bu təşkilat isə MDB məkanındakı “Kiçik NATO”-dur. Onun nizamnaməsi mahiyyətinə görə, NATO nizamnaməsinə çox yaxındır. Rusiya ilə öz ordusunu birləşdirən, ABŞ-ın NATO müttəfiqi Türkiyə ilə həmsərhəd ərazidə Rusiya hərbi bazası yaradan Ermənistan qarşısında İranla həmsərhəd, Əfqanıstana tranzit yüklərin keçirildiyi Azərbaycanın hərbi cəhətdən zəifləməsi ABŞ-ın maraqlarına uyğun deyil. Bu, Cənubi Qafqazda güc balansını poza bilər və atəşkəs rejiminin pozulmasına, hərbi eskalasiyaya səbəb ola bilər. Bunu isə ABŞ istəmir”.
Politoloq vurğulayıb ki, digər tərəfdən Azərbaycan çoxdan silah təchizatı mənbələrini şaxələndirib və öz ordusunun təchizatı üçün külli miqdarda silahı həm də ABŞ-ın müttəfiqi olan İsraildən alır:
“Azərbaycan ancaq Rusiyadan silah alsaydı, ABŞ ona birbaşa embarqo tətbiq edə bilərdi. Ümumiyyətlə, Azərbaycan və dünyanın bir çox ölkələri indiyə qədər də Rusiyadan silah alırdı. Sual yaranır ki, bəs niyə məhz indi bu məsələ aktuallaşıb. Qeyd etdiyimiz kimi, bu, S-400 zenit-raket kompleksinin Yaxın Şərq ölkələri tərəfindən alınması ilə bağlıdır. Yəni sanksiyalar bu meyillərin artmasının qarşısının alınmasına yönəlib. Ümumiyyətlə, ABŞ sanksiyaları zərurət yarandıqda məhz ona rəqabət təşkil edən ölkələrə qarşı tədbir kimi nəzərdən keçirilsə, daha düzgün olar. Məsələn, bundan əvvəl Rusiyanın enerji sahəsi də ABŞ sanksiyalarının hədəfinə çevrilmişdi. Çünki məqsəd Rusiyanı Avropa enerji bazarındakı lider ölkə statusundan məhrum edərək onun mövqelərini ələ keçirmək idi. Eləcə də Qətər sıxılmış qaz ixracatı sahəsində ABŞ-a rəqib olduğu üçün Amerikanın müttəfiqi olan Körfəz ölkələrinin sanksiyalarına məruz qaldı. ABŞ sanksiya tətbiq edərkən ilk növbədə ona mane olan, rəqabət təşkil edən ölkələri və onların tərəfdaşlarını nəzərdə tutur. Dövlət Departamenti rəsmiləri də bildirib ki, ABŞ Rusiya ilə əməkdaşlıq edən üçüncü dövlətlərə və onların şirkətlərinə seçici nöqteyi-nəzərdən yanaşacaqdır, hər bir ölkə və onun şirkəti konkret olaraq diqqətlə nəzərdən keçirildikdən sonra sanksiya tətbiqi baş verə bilər. Bununla yanaşı, ABŞ Administrasiyası həmişə olduğu kimi konkret hallarda öz maraqlarından çıxış edərək cəza tədbirlərini tətbiq etmək hüququnu və imkanlarını özündə saxlayır. Bu isə o deməkdir ki, sanksiyalar başdan-başa bütün dövlətlərə və şirkətlərə yox, ABŞ-ın ənənəvi siyasətinə uyğun olaraq ikili standartlar prinsipi əsasında həyata keçiriləcəkdir”.
Qeyd edək ki, ABŞ bundan öncə Rusiyanın 33 hərbi şirkətini və xüsusi xidmət orqanlarını sanksiyalar siyahısına əlavə edəcəyini açıqlayıb. Yeni sanksiyalar ABŞ-a Rusiya hərbi şirkətləri ilə əlaqə saxlayan hər kəsi cəzalandırmaq üçün geniş imkanlar yaradır.
Paylaş: