Sumqayıtda Almaniyanın Lüdviqshafen şəhəri ilə dostluğun 30, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 40 illiyi münasibətilə keçirilən yubiley tədbirləri mayın 5-də davam edib.
Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar əvvəlcə paytaxt Bakı ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Sonra Almaniyanın Azərbaycandakı səfirliyində Sumqayıt və Lüdviqshafen şəhərlərinin rəhbərliyi və ictimaiyyət nümayəndələri üçün ziyafət təşkil olunub. Ziyafətdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Lüdviqshafen şəhərinin oberburqomistri doktor xanım Eva Louze iştirak ediblər.
Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab 1977-ci ildə təməli qoyulmuş əlaqələrdən, iki şəhər arasında son illər xüsusilə fəallaşmış uğurlu əməkdaşlıqdan danışıb.
Günün ikinci yarısında qonaqlar Sumqayıtdakı alman hərbi əsirlərin dəfn olunduğu qəbiristanlığa baş çəkiblər. Burada 311 alman əsirinin qəbri üzərinə tər qərənfillər düzülüb.
Sonra 2005–ci ildən Sumqayıtda Lüdviqshafen şəhərinin maliyyə və təşkilati dəstəyi ilə fəaliyyət göstərən Alman dili Mərkəzinə gələn qonaqlar mərkəzin işi ilə tanış olublar. Alman nümayəndə heyəti mərkəzə televizor, DVD və videomaqnitofon hədiyyə ediblər.
Qonaqlar axşam saatlarında Sumqayıt Şəhər İcra Hakimiyyəti qarşısındakı meydanda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən su festivalını böyük maraqla izləyiblər. Festival almaniyalı qonaqlarda xoş təəssürat yaradıb.
Paylaş: