Xəbər lenti

Ötən ilin payızından etibarən Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsi boşdur. Qeyd edək prezident Vladimir Putin səfir Vladimir Doroxini 2017-ci ilin noyabrında postundan azad edərək geri çağırıb.

Doroxindən sonra səfir vəzifəsinə ermənipərəst mövqeli Georgi Zuyevin təyin olunacağı barədə də məlumatlar yayılmışdı. Lakin bildirildi ki, rəsmi Bakının etirazı Kremli bu təyinatla bağlı mövqeyindən geri çəkilməyə vadar edib. Doğrudur, sonradan Rusiya XİN başçısı Sergey Lavrov bildirdi ki, guya Moskva G.Zuyev üçün Azərbaycandan heç vaxt aqreman xahiş eləməyib. Ancaq 2017-ci ildə S.Lavrovun və Rusiya XİN-in sözçüsü Zaxarovanın bir neçə dəfə Azərbaycanı təhdid edən açıqlamaları səfir təyinatında ermənipərəst namizədə üstünlük verilməsi ehtimalını xeyli gücləndirir. Üstəlik, ötən aylarda Rusiyanın səfiri postunun vakant qalması da suallar doğurur. Bir sıra müşahidəçilər hesab edir ki, səfir təyinatının gecikdirilməsi Rusiyanın Azərbaycana təzyiqi ola bilər.  

Qeyd edək ki, Rusiya 5 ildir Ermənistanda fövqəladə və səlahiyyətli səfir kimi çalışan diplomat İvan Volınkini də əvəz etmək barədə düşünür. Erməni mətbuatı yeni səfirin 2018-ci ilin mart ayına qədər təyin olunacağını yazıb. Yeni səfirin kim olacağı hələlik məlum deyil.

Bəzi müşahidəçilər hesab edir ki, şimal qonşumuz diplomatiyada yeni təzyiq üsuluna əl atıb. Belə ki, 2013-cü il prezident seçkiləri ərəfəsində “Milyarderlər ittifaqı”nı yaradaraq Bakıya təsir etməyə çalışan Moskva bu dəfə də seçkiqabağı situasiyaya səfir təyinatını gecikdirməklə təzyiq etmək istəyir. Düzdür, səfirlik fəaliyyətdədir, Bakı-Moskva münasibətlərində hər hansı açıq gərginlik yoxdur. Lakin beynəlxalq təcrübəyə görə, səfirin təyin olunmaması dolayı təzyiq vasitəsi sayılır. Bir neçə il əvvəl ABŞ də bənzər metoddan yararlanmışdı. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirib ki, o, bu məsələyə böyük diqqət yetirilməsini məsləhət görmür: “Səfirliklərin dövlətlərarası əlaqələrdə özünəməxsus yeri var, amma onların mövqeyi həlledici deyil. Çünki dövlət başçılarının münasibəti, digər məmurların mövqeyi mövcuddur. Vaxtilə səfir vəzifəsinə ayrı bir namizədin adı çəkilirdi, ancaq sonradan bu məsələ arxa plana keçdi. Texniki baxımdan səfirin təyinatı xarici işlər nazirinin səlahiyyətindədir. Yəni o, namizədi irəli sürür və dövlət başçısı təsdiqləyir. Amma Rusiya XİN-in başçısı Sergey Lavrovun ermənipərəst mövqeyi hər kəsə bəllidir. Belə fikirlər səslənirdi ki, o, erməni lobbisinin işlərinə rəhbərlik edir. Rusiyadakı ermənipərəst mövqeli şəxslər Rusiya-Azərbaycan əlaqələrinə ziyan gətirir. İstisna etmirəm ki, ləngimə məsələsi bununla da bağlı ola bilər. Yəni ermənipərəst qüvvələrin bu məsələlərdə əli ola bilər. Amma bir daha təkrar edirəm, bu vəzifə həlledici vəzifə deyil”.




Ana səhifəyə qayıt        Baxış: 515          Tarix: 16-02-2018, 13:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma