Xəbər lenti

AXCP sədrinin müavini Gözəl Bayramlının 3 il azadlıqdan məhrum edilməsi haqda hökmün qüvvədə saxlandığı, yoxsa dəyişdirildiyi aprelin 2-də Gəncədə məlum olmalıydı. Çünki Gəncə Apellyasiya Məhkəməsində bu işə baxan Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası sonuncu dəfə martın 12-də keçirilən iclasda prokurorun, vəkilin çıxışından, təqsirləndirilən siyasətçi xanımın son sözündən sonra qərar vermək üçün müşavirəyə getmişdi. Qərarın da bu gün açıqlanacağı elan olunmuşdu.

Aprelin 2-də məhkəmə zalına gələn hakimlər bildirib ki, G.Bayramlı Gürcüstan-Azərbaycan sərhədini keçərkən «Sınıq körpü» gömrük-buraxılış məntəqəsindəki kameraların qeydə aldığı görüntülərdən ötrü müvafiq orqanlara sorğu göndərilib:

«Ötən məhkəmədə videogörüntülərlə bağlı vəsatət təmin olunub. Həm Dövlət Gömrük Komitəsinə, həm də Dövlət Sərhəd Xidmətinə sorğu göndərilib. Amma hələ cavab gəlməyib. Cavabı gözləmək məqsədiləməhkəmə aprelin 20-nə qədər təxirə salınır».

G.Bayramlının vəkili Elçin Sadıqov isə buna etiraz edib. Müdafiəçi hesab edir ki, bu, prosesi süni şəkildə uzatmaqdan başqa bir şey deyil. E.Sadıqov deyir ki, videogörüntülərin alınmasıyla bağlı məhkəmədə vəsatət qaldırsalar da, hakimlər onu təmin etməmişdi:

«Ötən iclasda proses yekunlaşdı. Çıxışlar mərhələsi bitdi, prokuror da, mən də çıxışımızı etdik, Gözəl xanım sözünü dedi. Hakimlər vəsatət üçün yox, qərarın elan olunması üçün müşavirəyə getmişdi. İndi isə gəlib, vəsatətin təmin olunduğunu elan edir. Bu, müşavirə otağında həll olunası məsələdeyil. Bu, istintaqın təzələnməsidir. Ona görə bu vəsatətə ayrıca baxılmalıydı».

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. (Azadlıq Radiosu) 

 




Ana səhifəyə qayıt        Baxış: 624          Tarix: 2-04-2018, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma