Xəbər lenti

AXCP sədrinin müavini Gözəl Bayramlının üç il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvəyə mindi. Aprelin 20-də Gəncə Apellyasiya Məhkəməsində siyasətçi xanım barədə qərar elan olunub. Qərara əsasən, G.Bayramlının apellyasiya şikayəti təmin olunmayıb, Qazax Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb.

Qərardan öncə hakim bildirib ki, Gürcüstan-Azərbaycan sərhədindəki gömrük-buraxılış məntəqəsindəki kameraların görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdi. Hər iki orqandan cavab gəlib. DSX-nın İstintaq İdarəsinin rəisi Mübariz Məmmədovun cavab məktubunda yazılıb ki, həmin görüntülər üçün gömrük komitəsinə müraciət olunmalıdır. Gömrük Komitəsindən isə bildirilib ki, görüntülər bir ay ərzində saxlanılır. Bu hadisədən isə bir ilə yaxın vaxt keçir.

Vəkil Elçin Sadıqov deyib ki, eyni cavab istintaq zamanı da alınmışdı: Amma biz istintaq zamanı internetdən əldə etdiyimiz bir sənədi təqdim etmişik. Həmin sənəddə göstərilir ki, DSX 2012-ci ildə avadanlıq alıb. O avadanlıqlar görüntüləri saxlamaq qabiliyyətindədir. Belə çıxır ki, Avropa Birliyinin qrantı ilə alınmalı olan avadanlıq alınmayıb, mənimsənilib.

Daha sonra prokuror çıxış edərək, hökmün qüvvədə saxlanmasını istəyib.

G.Bayramlı özü isə həbsinin siyasi sifariş olduğunu bir daha vurğulayıb: Heç bir ədalətli qərar gözləmirəm. Nə sifariş verilibsə, o da olacaq.

Ardınca qərar elan olunub. (Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 521          Tarix: 20-04-2018, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma