Xəbər lenti
Bu gün, 19:25

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Bu barədə ADP mətbuat xidmətindən Strateq.az-a məlumat verilib.

Toplantı iştirakçıları ilk öncə ABŞ-ın öz səfirliyini İsrailin paytaxtı Təl-Əvivdən bir neçə səmavi dinin qərar tutduğu Qüdsə köçürülməsinə etiraz olaraq dinc yürüşə çıxan çoxsaylı insanların öldürülməsi faktından ciddi narahat olduğunu bildirib və bu vəhşi aksiyanı qətiyyətlə pisləyib. ADP İdarə Heyəti belə hesab edib ki, İsrailin rəsmi paytaxtı Təl-Əviv olduğu halda ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi diplomatik nümayəndəliklər haqqında beynəlxalq hüquq normalarına, İsrail və Fələstin dövlətinin yaradılması haqda 1947-ci il tarixli BMT-nin qərarına ziddir və eyni zamanda bu addıma etiraz edən dünya ictimaiyyətinin mövqeyinə hörmətsizlikdir, Yaxın və Orta Şərqdə dünya nizamını pozan təxribatçı hərəkətdir.

İdarə Heyəti Türkiyənin patronajlığı ilə keçirilən fövqəladə İslam Konfransı Təşkilatının toplantısında islam ölkələrinin ABŞ və İsrailin beynəlxalq diplomatiyaya zidd hərəkətinin və 62 nəfərin ölümü, minlərlə insanın ağır yaralanması ilə nəticələnən faciəvi faktı pisləməsini, Fələstin xalqına maddi və mənəvi dəstək verilməsi barədə gördükləri tədbirləri təqdir edib, eyni zamanda bütün müsəlman dünyasını Qüdsdə baş verənlərə daha həssas münasibət göstərməyə çağırıb.

İdarə Heyəti Rusiya xarici işlər nazirliyi rəsmisinin qondarma Abxaziya respublikasının yaranmasının 25 illiyinə həsr olunmuş tədbirdə iştirakını, bu tədbirə seperatçı Dağlıq Qarabağ rejiminin və MDB ərazisində Rusiyanın dəstəyi ilə yaradılan digər separatçı qüvvələrin iştirakını qətiyyətlə pisləyib. Qeyd edilib ki, seperatçı qüvvələrin açıq şəkildə dəstəklənməsi planı arxasında Rusiyanın “parçala və hökm sür” siyasəti durur və  neçə ki dünya dövlətləri Rusiyanın müstəqil ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn aqressiv hərəkətlərinin qarşısını almayıb bu məkrli planlar davam edəcək.

İdarə Heyəti AŞ-nın həmin qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Seyidov və korrupsiyada əli olan digər Avropa deputatları barədə çıxardığı sanksiyanı təqdir edib və AŞ rəhbərliyini bundan sonrakı fəaliyyətini şəffaflıq üzrə qurulması istiqamətində ciddi addımlar atmağa çağırıb. Həmçinin partiya yetkililəri hüquq mühafizə orqanlarını adı korrupsiyada hallanan S.Seyidov haqda təhqiqat işləri başlatmağa və bu barədə ictimaiyyəti məlumatlandırmağa çağırıb.

İdarə Heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Naxçıvan Muxtar Respublikası sərhədlərndə atəşkəsin pozulması nəticəsində bir əsgərimizin şəhid olmasından ciddi narahat olduğunu bildirib, şəhidin doğmalaraına baş sağlığı ünvanlayıb. Qeyd olunub ermənilər tərəfindən ardıcıl olaraq atəşkəsin pozulması, işğal olunmuş ərazilərimizdə Ermənistana məxsus hakimiyyət strukturlarının yaradılması Bişkek protokolunun tələblərinə ziddir və onların ilhaqa yönəlik hərəkətlərinin qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycan hakimiyətinin bu cür hərəkətlərə yalnız  aşağı dərəcəli məmurlar dili ilə mövqe bildirməsi, bunun əksinə olaraq DQ taleyi ilə bağlı məsələlərə Ermənistanın Baş naziri tərəfindən mövqe bildirilməsi onu göstərir ki, hakimiyyət DQ məsləsinə loyal mövqe nümayiş etdirir.

İdarə Heyəti Miqrasiya xidmətində baş verən korrupsiya faktları, kadrların təyinatının qohumluq əlaqələri üzrə qurulması halları ilə bağlı gündəmə gələn məsələlərə münasibət bildirib və digər hakimiyyət strukturlarında da kök salan bu neqativlərin qarşısının alınması üçün ən ciddi addımların atılmasının vacibliyini diqqətə çatdırıb. Təklif olunub ki, adı korrupsiya və rüşvətxorluqda hallanan işdən azad edilmiş nazirlərin hər birinin fəaliyyəti əsaslı şəkildə yoxlanılmalı, mənimsədikləri külli miqdarda vəsait dövlət büdcəsinə qaytarılmalıdır.

İdarə Heyəti Milli Məclisin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Naxçıvanlı Aqiyə Həbib qızının çoxuşaqlı ailələri aşağlayan açıqlamalar verməsini qətiyyətlə pisləyib, bu açıqlamanı Azərbaycan xalqının genosidinə çağırış kimi dəyərləndirib və müvafiq dövlət orqanlarını adı çəkilən deputat haqqında ölçü götürməyə çağırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 606          Tarix: 21-05-2018, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma