Roman Dobroxotov
“Əl-Cəzirə”
Son bir neçə gündə kremlpərəst media Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun böyük “uğurunu” qeyd edir. Rusiya dövlət başçısı Vladimir Putin forum çərçivəsində Fransa prezidenti Emmanuel Makron, Yaponiyanın baş naziri Şinzo Abe və Çin vitse-prezidenti Van Qişanı qəbul edib.
RİA “Novosti” dövlət agentliyi tədbirin bağlanışından sonra bu başlıqlı yazı yerləşdirib: “Hamı Rusiya ilə əməkdaşlıq etmək istəyir. Təcrid çat verdi”.
“Çat”ı Makronun iştirakı və ifadələri yaradıb. Fransa prezidenti Ukraynadakı müharibə, Skripal iddiası və Suriyada kimyəvi silahlardan istifadə kimi çətin mövzulardan yayınıb və söhbəti yalnız əməkdaşlıq müzakirələrinə yönəldib.
Ümumiyyətlə, Makronun ifadələri? 2017-ci ilin əvvəlindəki Trampdan fərqli olaraq, Putinə münasibətdə daha sülhsevər təəssürat yaradıb.
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərkən və Rusiyanın əsas müttəfiqi İran daha çox təzyiq altına alınarkən, Makron dialoq çağırışı edib.
Bundan əlavə, forumdan bir neçə gün əvvəl Birgə İstintaq Qrupu (JIT) Malayziya Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağı araşdırmanın nəticələrini açıqlayıb. Qrup rus ordusunun 53-cü briqadasını bu cinayətdə ittiham edib. Həmin dövrdə Rusiyanın hərbi kəşfiyyat şöbəsinin müdiri Oleq İvannikovun Skripala hücumda rol oynadığı aşkarlanıb.
Əlbəttə, prezident Putin forumda istintaqla bağlı suallardan yayınmağa çalışıb. “Bloomberq”in baş redaktoru Con Mikletveyt Rusiyanı birbaşa ittiham etdikdə, o deyib: “Əlbəttə, biz təqsirkar deyilik!”
Putinin sağ tərəfində oturan Makron buna heç bir təpki verməyib. Əslində, o da ittihamlarla bağlı danışmaqdan çəkinib: “Mən prezident Putinin tamamilə doğru fikirdə olduğunu düşünürəm, biz faciə qurbanlarını və onların ailələrini unutmamalıyıq. Hollandiyalı məhkəməsi ilə əməkdaşlıq lazımdır”.
Makron hətta fransız biznesmenlərini Rusiyaya sərmayə qoymağa çağırıb. “Əlaqələrimizin təməlini yenidən nəzərdən keçirməli, birlikdə işləməliyik”.
Forumdan cəmi bir həftə qabaq Putin başqa bir Avropa lideri ilə bir araya gəlib. Almaniya kansleri Angela Merkel də Moskvada bayram əhval-ruhiyyəsi yaradıb. Merkel beynindəki fikirləri dilə gətirməkdən çəkinməyib və Rusiyada insan haqları məsələlərinə toxunaraq, problemlər barədə açıq danışıb. Ancaq səfərin ümumi ahəngi sülhpərvər olub və bu, əlaqələrdəki buzlağın əriməsinin başqa bir göstəricisi kimi səciyyələndirilib.
Bu, Kremlin üçün vədəverici əlamətlərdir. Həm də Ukraynada baş verən müharibədən sonra ilk.
Əvvəl-axır Kreml də özünün anti-Qərb ritorikasını azaldıb. Neft qiymətlərində baş verən artım bəzi iqtisadi problemlərin müvəqqəti həllinə imkan yaradıb, hökumətin kassaları pulla dolub.
Bu yaxınlaşma Soçidə keçiriləcək Olimpiya Oyunlarına bənzər dünya futbol çempionatı baxımından da hadisələr önəmlidir.
Hər halda, Moskvanın bayram əhval-ruhiyyəsində tələskənlik var. Doğrudur, hər iki ölkə – Rusiya və Fransa indi İrana təzyiqi artırmanın zahirən əleyhinədir. Bununla yanaşı, Almaniya “Nord Stream-2” qaz kəməri layihəsi ilə Rusiya qazının Şimal dənizi vasitəsilə ölkəyə çatdırmaq üçün bəzi məsələləri həll etməlidir.
Amma, əlbəttə, münasibətlərdə buzlağın əriməsi uzun sürməyəcək. Almaniya və Fransa hər zaman öz qərbli müttəfiqlərini Rusiyadan daha vacib hesab edir və müttəfiqlər də Rusiya ilə münasibətlərin normallaşdırılmasında maraqlı deyillər.
Birləşmiş Ştatların Konqresi və Ağ Ev sanksiyalar vasitəsilə Moskvaya təzyiq artırır, xüsusi müstəntiq Robert Möller hələ də Rusiyanın ABŞ-ın daxili işlərinə müdaxiləsini, o cümlədən Trampın əlaqələrini araşdırır. Üstəlik, demokratlar yaxın müddətdə Konqresdə böyük əksəriyyəti qazanma şansına sahibdir və bu, Putin üçün yaxşı bir şey vəd etmir.
Rusiya-Britaniya əlaqələri bütün zamanların ən aşağı səviyyəsindədir və Solsberidə keçmiş rus casusu Sergey Skripalın zəhərlənməsi ilə bağlı davam edən istintaq hər şeyi daha pis edə bilər. Birləşmiş Krallıq Rusiya və Almaniyanı əhatə edən böyük diplomatik hücum təşkil edərək ağırlığını artırıb. Şərqi Avropada siyasi sığınacaq axtaran rusların axını ilə böyüyən anti-Putin əleyhdarlığı var.
Rusiyaya qarşı sərt ritorikasını qoruyub saxlayan JIT üzvləri, əsasən, Hollandiya, Belçika və Avstraliya, Almaniya və Fransa ilə müqayisədə, Rusiyaya diş qıcırdırlar.
“MH17” təyyarəsi ilə bağlı araşdırmanın yekun nəticələri bir il müddətində açıqlanacaq və şübhəsiz, hadisənin Rusiyanın iştirakı ilə baş verməsinə daha çox sübutlar gətiriləcək. Bu, Ukrayna münaqişəsində hərbi iştirakın rəsmi təsdiqi olacaq.
Ukrayna artıq Haaqada Beynəlxalq Cinayət Məhkəməsində (BCM) Rusiyaya qarşı iddia qaldıraraq, onu hərbi müdaxilədə günahlandırıb. “MH17” və Mariupolun bombalanması məhkəmədəki işdə iki əsas nöqtə olacaq. Rusiya BCM müqaviləsini təsdiq etmir, amma məhkəmə ona qarşı çıxsa, bu, ölkə üçün əhəmiyyətli diplomatik zərbə və Qərb liderlərinin Putindən uzaq durmasının vacib səbəbi olacaq.
Beynəlxalq təcriddən çıxmaq üçün yeganə yol güzəştdir, amma Putin bunu heç vaxt etməyəcək. Rusiya “MH17”-ni məhv etməsini etiraf edə bilməz, çünki bu, onun Ukraynada iştirakının sübutu və bu barədə yalan danışması deməkdir.
Rusiya ukraynalılarla Minsk müqaviləni yerinə yetirə bilməyib, çünki bu, Donbasdan geri çəkilməni nəzərdə tutur və Putinin tərəfdarlarını qəzəbləndirəcək.
Rusiya Bəşər Əsədin dəstəklənməsini dayandıra bilməz, çünki Suriya lideri Müəmmər Qəddafi və Səddam Hüseynin aqibəti ilə qarşılaşacaq.
Rusiya, həmçinin İrana nüvə razılaşması məsələsində kömək etmək istəmir, çünki bu, neftin qiymətində azalmaya gətirə bilər.
Yəqin ki, Rusiya haker hücumları, trolların canfəşanlığı və xaricdə siyasi sui-qəsdləri məhdudlaşdıra bilər, ancaq bu, beynəlxalq izolyasiyanı qaldırmaq üçün kifayət etmir.
Tərcümə: Strateq.az
Paylaş: