Açığı, ermənilər son zamanlar Moskvanın bilavasitə göstərişi ilə xeyli fəallaşıblar.
Bu sözləri Axar.az-a açıqlamasında cəbhə xəttində ermənilərin fəallaşması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ermənilərin təxribatları yüksələn xətt üzrə gedir və onlar hər vasitə ilə Azərbaycanı müharibəyə cəlb etmək istəyirlər:
“Ermənilər son zamanlar Moskvanın bilavasitə göstərişi ilə xeyli fəallaşıblar. Bu fəallaşma özünü müxtəlif sahələrdə, xüsusilə də hərbi kəşfiyyat sahəsində göstərir. Görünür, düşmən Rusiyadan yetərincə silah əldə etdikdən sonra xeyli ruhlanıb. Üstəlik, lazım gələrsə, Ermənistan ərazisində olan rus qoşunlarının da hərbi əməliyyatlarda iştirak edə biləcəyi haqqında məlumatdan sonra savaş ritorikasını artırıblar. Belə görünür ki, Rusiya Ədliyyə Nazirliyinin iddiası ilə ÜAK-ın qeydiyyatının Ali Məhkəmədə ləğv edilməsindən sonra Azərbaycana qarşı şantaj və təzyiqlər indi də cəbhə boyunca başlayıb. Bu, Azərbaycanı cəbhənin hansısa bir nöqtəsində ermənilərə çox ciddi cavab verməyə vadar edir. Yəni onları yerində oturtmalıyıq, başqa cür alınmayacaq. Azərbaycan Ordusu onsuz da bütün təmas xətti boyunca ən müasir silahlarını yerləşdirib və istənilən vaxt istənilən istiqamətdə bu silahlarla hərbi əməliyyatlara başlaya bilər. Əlbəttə, bu məsələlər ciddi müzakirələrdən sonra həll olunur. Güman edirəm ki, ermənilər təxribatları bu cür davam etdirsələr, çox yaxın vaxtlarda Azərbaycan Ordusunun mütləq əks zərbəsi ilə üzləşməli olacaqlar”.
Qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
16 may axşam saatlarından başlayaraq isə gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
Paylaş: