Xəbər lenti

Politoloq Zərdüşt Əlizadə ilə “Qaynar Qazan”da müsahibədə çoxdandır görüşmək planımız var idi, amma heç cür alınmırdı ki alınmırdı. Gah bizim, gah da Zərdüşt bəyin vaxtı olmurdu. Bir ara heç “Qaynar Qazan”a müsahibəyə gəlmək istəmədi, mən də taleyimlə barışası oldum. Amma yaxın günlərdə Zərdüşt bəylə anlaşa bildik və onunla “Qaynar Qazan”da söhbətləşməyə razılıq ala bildim.

Mən Zərdüşt bəyi illərdir – hələ Türkiyədə təhsil aldığım tələbəlik illərindən tanıyıram. Hər Bakıya gələndə bütün siyasilərlə görüşürdüm. Zərdüşt bəylə də hər gələndə görüşür, söhbətləşirdik. Zərdüşt bəy fərqli idi. Onu səmimiliyi və düzgünlüyü digərlərindən fərqləndirən əsas amillərdən biri idi. O zaman Bakının ən prestijli yerində, “Nizami” kinoteatrının yanında Sosial Demokrat partiyasının qərargahı var idi və hər dəfə partiyaya gedəndə oranı adamlarla dolu görərdim.

Zərdüşt bəyi o illərdən böyük demokrat kimi tanıyıram. Biz belə götürəndə fərqli dünyaların və ideoloji görüşlərin adamları idik və normalda biz heç bir zaman normal münasibətlərdə olmamalı idik, amma Zərdüşt bəyin böyük demokratlığı və insanlara səmimi yanaşması bizim dostluğumuzun indiyə qədər davam etməsinə vəsilə oldu. Azərbaycanda bu cür demokrat adamların olması, əslində ölkə üçün ciddi bir şansdır.

Bəlkə buna görədir ki, Zərdüşt bəylə söhbətimizin ortasında onun 73 yaşı olduğunu biləndə gerçəkdən şok oldum. Mən elə bilirəmmiş ki, o, hər zaman mənim o zaman – 27 il bundan əvvəl gördüyüm adamdır. Zaman bəzən işlərin və həyatın axarında durur – elə bilirsən, o zamandır, amma hiss edəndə, hesablayanda, biləndə ki doğrudan da Zərdüşt bəyin 73 yaşı var – bax o zaman fərqinə varırsan ki, Zərdüşt Əlizadə də çürüyən nəsillərin möhtəşəm bir nümayəndəsidir. Bizim hamımız kimi…

Zərdüşt Əlizadə həm də Azərbaycanın ən obyektiv politoloqlarından biridir. “Qaynar Qazan”da da buna sadiq qalıb. Azərbaycanı və onu çevrələyən dövlətlərin siyasətlərini mükəmməl bir şəkildə izah edib. Bizi əhatə edən dövlətlərin Azərbaycana və bölgəyə olan münasibətini dəqiq konturları ilə cizib. Ermənistanda baş verənlərə, Gürcüstanda baş verənlərə elə açıqlamalar gətirib ki, inanmaya bilmirsən.

Zərdüşt Əlizadə ölkəmiz kimidir bəzən. Ölkəmizin də xarici siyasətdə bəzi uğurları gözə dəysə də, daxildə hər şey bərbaddır. Zərdüşt bəylə də daxili – öz məsələləri ilə danışmaq bir az çətin oldu. Təbii ki siyasətdən danışan kimi söz AXC-yə, Əbülfəz Elçibəyə və milli hökumətə getdi. Bu məqamlarda Zərdüşt bəy qatıdır. O qədər ki, onun müsahibəsini yayınlamaq üçün Əbülfəz Elçibəyin 80 illik yubiley tədbirlərinin keçirilməsini gözləməli oldum. Zərdüşt Əlizadə AXC-yə, Elçibəyə, milli hökumətə çox sərt, amansız və qətidir. Bu müsahibədə də bir çox sensasion məqamlardan danışıb.

Zərdüşt bəy qardaşı Araz Əlizadəyə aid suallara da qapalı oldu. O haqda heç danışmaq istəmədi, ancaq mən onun Araz Əlizadəyə görə çox əziyyət çəkdiyini hiss etdim. Onun haqqında susdu.

“Qaynar Qazan”da Zərdüşt Əlizadə ilə söhbətimiz çox maraqlı alındı. Bunu təbii ki, Oxucular daha yaxşı qiymətləndirəcək. Elə isə Zərdüşt Əlizadəni dinləyək. Görkəmli Azərbaycan politoloqu və siyasi şərhçisini. O, həm də qocaman jurnalistlərimizdən biridir, zamanında “İstiqlal” qəzetinin təsisçisi və baş redaktoru olub. Danışır Zərdüşt Əlizadə.

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

 

II hissə

Bütöv Azərbaycanda prezident kim olacaq?

– Bütöv Azərbaycan ideyası məncə nədən keçir. Qonşu İran Cümhuriyyəti ilə qardaş, dost münasibətlərdən. Sərhədlər açıq olsun, viza rejimi ləğv edilsin…

– Sərbəst iqtisadi zonalar yaradılsın…

– O qədər səbəb var ki. O qədər yaxın olmalıyıq ki, bir-birimizdən heç bir şəkk-şübhə olmasın. Mən oturum maşınıma, gedim Astaradan rahatca keçim Təbrizə, bibim oğlunun nəvəsinin toyunda iştirak edim. Qoy bu cür olsun Bütöv Azərbaycan. Yox, əgər qapalı, anti-demokratik Azərbaycan fərz edək ki, İranı dağıdıb Cənubi Azərbaycanı özünə birləşdirmək istəyirsə, mən də bu sualı verirəm: Orada 22 milyon azərbaycanlı, burada 10 milyon azərbaycanlı, birləşdik, seçki keçirildi, prezident kim olacaq? Deputatlar kim olacaq? Bu vəzifələri kim satacaq? Torpağı kim satacaq, rüşvəti kim alacaq? (Gülür…) O saat səsləri kəsilir… Mən hesab edirəm ki, millətin birləşməsi dostluqdan keçir. Xalqın ərazilərində yaşadıqları dövlətlərin dostluğundan keçir. Rusiya ilə də dost olmalıyıq – ağlı olan dost olar. Tramp gördünüz ki, Baltikyanı ölkələrin prezidentləri ilə görüşdü. Nə dedi? Dedi, Rusiya ilə düşmənçilik edənin ağlı yoxdur, axmaqdır. Onların üçü də düşmənçilik edir, susdular, bir şey deyə bilmədilər.

– Böyük dövlətlər də balaca dövlətlərin problemlərini istəmirlər… Zakir Cavanşirli soruşur: “Rüşvət, korrupsiya çirkabına bulaşmayan neçə nazir tanıyırsınız?

– Heç birini də tanımıram. Mən ümumiyyətlə, nazirlərlə tanış deyiləm. Mənim o yuxarı tayfa ilə – deputatdır, nazirdir, Prezident Aparatıdır – heç biri ilə əlaqəm yoxdur. Mən adi bir adamam. Jurnalistləri də çox tanımıram. Tanıyırdım Allah qəni-qəni rəhmət eləsin, Rauf Talışınskini, o qədər savadlı, o qədər istedad sahibi idi ki. Dünya səviyyəli nadir azərbaycanlı jurnalistlərdən idi. Onun qələmi, onun baxışı – mən onları tanıyırdım. Elçin Şıxlını, Zeynal Məmmədlini tanıyıram, səni tanıyıram, (Məlahət Zeynallıya müraciətlə – Red.) sizi tanıyıram, amma yuxarı tayfanı tanımıram. Ona görə də deyə bilmərəm ki, kim bulaşıb, kim bulaşmayıb və s. Nəzəri baxımdan orada rüşvət almasan, qala bilməzsən.

– Arada jurnalist kimi mötərizə açım və sual verim…

– Buyurun.

– Sizin bir Bakı Jurnalistika Məktəbiniz var. Necədir vəziyyət?

– Siz onu soruşun bizim tələbələrdən, razıdırlar, yoxsa razı deyillər. Əgər desələr ki, pis öyrədirik, o zaman biz günahkarıq, desələr ki, yaxşı öyrədirik, deməli, vəziyyət yaxşıdır.

Deyə bilərsiniz ki, Zərdüşt qocalıb…

– İllərdir bu işin içindəsiniz. Gənclərin içində bir az da özünüzü gənc saxlayırsınız…

– Bəli, mən gəncləri çox istəyirəm, tələbələrimin xətrini çox istəyirəm. Hərçənd ki, onların savad səviyyəsindən çox narazıyam. Bizim sovet dövrünün məktəbi, şagirdlərinin, tələbələrinin mütaliə dairəsi, dünya görüşləri indikinə nisbətən hədsiz yüksək idi. Deyə bilərsiniz ki, Zərdüşt qocalıb, qoca kişi kimi deyinir, bütün qocalar yeni nəsli tanımır, deyinir, mən də onlardan biriyəm… Amma mən belə fikirləşirəm.

– Yox, hələ qocalmayıbsınız.

– Yox, qocalmışam.

– Neçə yaşınız var ki?

– 73.

– !!!

– Bəli. 1946-cı ildənəm – 73. Burada təəccüblü bir şey yoxdur.

– Elə şey ola bilməz! Sizin 73 yaşınız var?!

– Vaxtanq Kikabidze deyir ki, “moi qoda moi boqatstvo” (mənim illərim mənim zənginliyimdir). (Gülür…) Bəli, 73 yaşım var, 46-cı ildənəm.

– İnanmadım. Çox cavan görünürsünüz.

– Ruhum cavandır, narahat olma.

– Mahir Rəşidov soruşur: “Xalqının başına bu qədər oyunlar açan və zərbələr vuran, korrupsiya və başqa yollarla xalqın varını və dövlətini talayan, yüzlərlə insanları fikir və söz azadlığına görə günahsız yerə şərləyərək zindanlarda saxlayan və öz doğma vətənindən didərgin salan, bir sözlə, Azərbaycan xalqına qəddar düşmən kimi davranan bu rejimi Zərdüşt bəy dəstəkləyir, ya yox?” Əslində, sizin fikirləriniz hər zaman məlumdur, amma yenə də nə düşünürsünüz?

 

Vəziyyətin günahı xalqdadır

 

– Dəstəkləmirəm, kəskin tənqid edirəm və s., amma mən bununla yanaşı, həm də bütün bu yaranmış xoşagəlməz vəziyyətin günahını xalqın özündə görürəm. Yaxşını pisdən ayırmır.

– Xalq neyləsin? Xalq bu son 30 ildə 5 dəfə, 6 dəfə…

– Neyləyib? Neyləyib?

– …qalxdı, inqilab elədi.

– İnqilab eləməyib. Hər dəfə yanlış liderlərin arxasınca düşüb, ilğımların…

– İnanıb da, neyləsin bəs?

– İnanmasın da. Oxusun. Kitab oxusun. Heç olmasa, Mirzə Cəlili, Mirzə Ələkbəri, Üzeyir bəyi, Cəfər Cabbarlını oxusun.

– Deyirsiniz, onlarda hər şey var?

– Var. Onlardan əlavə, başqa şeylər də var, amma oxusunlar, savadlansınlar. Yeni nəsil mütaliə ilə çox zəif məşğuldur.

Hər bir inqilabdan sonra diktatura gəlir

– Ceyhun Fətullayev soruşur: “Zərdüşt bəy, sizcə Azərbaycanda inqilab olacaq, yoxsa bu sülalənin getmə ehtimalı var?

– Bilirsiniz, mən ümumiyyətlə, inqilabların əleyhinəyəm. Çünki onlar çox böyük itkilərlə müşayiət olunur. Hər bir inqilabdan sonra diktatura gəlir. Bu, aksiomadır. Böyük fransız inqilabından sonra Napoleon diktaturası gəldi.

– Bütün zamanlarda elə olub.

– 1917-ci il inqilabından sonra Lenin-Stalin diktaturası gəldi. Bizdə də Xalq Cəbhəsi dərəbəyliyindən sonra diktatura gəldi. İstəyirsiniz, bir dəfə də inqilab edin, yenə diktatura gələcək. Heç bir inqilab olmayacaq, təkamüllə getmək lazımdır. Oxumaq, hansısa mütərəqqi özəklər yaratmaq, tərbiyə eləmək, işləmək, çalışmaq, hüquqları müdafiə eləmək, nəhayət, öz konstitusion hüququnu öyrənmək… Çox sadə izahlardır…

– Namiq Salam soruşur: “YAP-ın axırı necə olacaq?”

– Sov.İKP-nin axırı necə oldusa, YAP-ın da axırı elə olacaq. Saxta bir qurumdur.

– Nurlan Bağırov soruşur: “Zərdüşt Əlizadə iqtidara müxalifdir, bunu bildik, bəs müxalifətə niyə müxalifdir?

– Hamıya yox, məsələn, mən ReAL-a, ADR-ə qarşı müxalif deyiləm. İlqar bəy və silahdaşlarına, Qubad bəy və silahdaşlarına çox müsbət münasibət bəsləyirəm. Amma qalan müxalifətdə mən zəka potensialı, düzgün siyasi yol və özlərində demokratiklik görmürəm. Mən demokratiyanın tərəfdarıyam. Mən 21 il Sov.İKP-nin üzvü olmuşam. Sov.İKP-nin evini o yıxdı ki, bizim partiyanın daxilində demokratiya yox idi. Məsələn, Mixail Qorbaçov satqın idi, gəldi hakimiyyətə, onu hey aşırmaq istədilər, aşıra bilmədilər. Demokratiya yox idi. Bizdə də müxalifətdə demokratiya yoxdur. Müxalifətçiliklə dərəbəyliyi qarışdırırıq.

Əli Kərimli kif iyi verən köhnəlmiş Elçibəy irsindən ayrıla bilmədi

 

– ReAL-la ADR-də var, eləmi?

– Oralarda hər halda bunun işartıları var. ReAL-da xeyli var, amma Qubad da gözü açıq, ziyalı adamdır və hələlik, hansısa müstəbidlik meylləri onda görmürəm.

– Yadımdadı, siz ANS-in “Nəzər nöqtəsi” verilişində bir dəfə Əli Kərimliyə “parlayan ulduz” demişdiniz.

– “Parlaq gələcəyi var” demişdim.

– Proqnozunuz doğrulmadımı?

– Doğrulmadı, nəyə görə, çünki özünü mənasız şeylərə xərclədi. Çox heyf ona. Qədd-qamətli, yaraşıqlı, dilli-dilavər – Azərbaycan demokratik hərəkatında, ümumiyyətlə, Azərbaycanın müasir dövründə ən parlaq natiq sözsüz ki, Əli Kərimlidir. Gözəl nitq qabiliyyəti, nitqləri var.

– Amma yenə öndədir, daha neyləməlidir, ay Zərdüşt bəy? Yenə vuruşur, yenə döyüşür…

– Yox, o görüntüdür. Kif iyi verən köhnəlmiş Elçibəy irsindən ayrıla bilmədi, ona görə ki, bu, onun mirasıdır, təməlidir. Yarı batmış, dor ağacı sınmış, yelkənləri cırılmış gəminin kapitanıdır, sular onu ora aparır, bura aparır. Özünün bir strateji xətti, görüşü yoxdur. Nə qədər demək olar ki, onlar getsin, biz gələk. Onlar niyə getsin? Gül kimi oturub yeyirlər də? Onlar getsin, sən gəlib yeyəsən? İstəməz… Heç olmasa dursun desin ki, biz bir il hakimiyyətdə olanda filan-filan səhvləri eləmişik və bu səhvləri filan-filan adamlar edib. Biz indi elə bir demokratik partiya qururuq ki, burada heç bir buqələmunluq, məsləksizlik, əqidəsizlik yoxdur. Biz hansısa təməl prinsiplərə sadiqik – bunu demir. Eləmir, mən də deyirəm ki, mənim ümidlərim doğrulmur. Çox istərdim ki, o, potensialından istifadə edə bilsin, amma edə bilmədi. Xərclədi xırda siyasi intriqalara, İsa ilə itələşdi, Lalə Şövkətlə, İlyas İsmayılovla, onunla-bununla itələşdi. Yəni bu adam strateji məsələləri qiymətləndirə bilmirsə, ondan nə gözləmək olar? Ona görə də müxalifətdədir və müxalifətdə də qalacaq. Əgər o, alternativ, yaxşı alternativ təklif edərsə, xalq onun arxasınca gedər. Hakim qüvvənin əlində cəbr aparatı var və bu cəbr aparatından istifadə edərək, müxalifəti əzir, satın alır, aldadır, bihal edir.

– Zərdüşt bəy, Müsavatla, İsa bəylə əlaqələriniz varmı? Xəstəliyi ilə bağlı…

– Heç bir əlaqəm yoxdur. Allah şəfa versin.

– O vaxtdan əlaqələriniz yoxdur?

– Bəli, o vaxtdan əlaqəm yoxdur. Allah şəfa versin.

– Bu günlərdə İsa bəyin qardaşı Rövşən Qəmbər maraqlı bir açıqlama verdi…

– Mən onunla 80-ci illərin sonunda tanış olmuşam. Çox ziyalı, mötədil, yaxşı adamdır. O vaxt köçüb getdi Almaniyaya. O vaxtdan da görməmişəm.

– Maraqlı bir açıqlama verdi ki, atamı Ayaz Mütəllibovun tapşırığı ilə KQB öldürüb.

 (Təəccüblənir…) İndi mənim 73 yaşım var, sabah mən yıxılıb ölsəm, kimsə durub deyəcək ki, Zərdüştü KQB öldürüb? Hər bir adam o yaşda ölə bilər…

İsa Qəmbərin atası nər kişi idi

– Mütəllibov tərəfindən mitinqlər olmasın deyə İsa Qəmbərə xəbərdarlıq olunub. 8 sentyabr 1991-ci ildə seçkilər idi axı.

– Xəbərim yoxdur. Mən onun atasını tanıyırdım. Yunus müəllim çox ziyalı, çox mülayim bir kişi idi. Bir dəfə mən Xalq Cəbhəsini təzə-təzə təşkil etdiyim zamanlarda məni dəvət elədi öz institutuna, Qaraşəhərdə, Şaumyan metrosunun yanında Kimya İnstitutunun müdir müavini idi. Kabinetində oturduq, xeyli söhbət elədik. O, etnik milliyyətçiliyi ən böyük bəla kimi görürdü və Xalq Cəbhəsinin ondan qorunmasını məsləhət gördü. Mənə bir kitabça kimi qovluq verdi. Orada yazmışdı, necə bir beynəlmiləl siyasət yürütmək olar. Bakı ermənilərini necə müdafiə etməli, iş görməli və şərait yaradılmalıdır. Yəni xalqımızda bir məsəl var: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.” Mən gördüm ki, bu, nər kişidir. Azərbaycanlı oğlu olan bir adam erməni millətindən olan alimlərə bu cür şərait yaradıb ki, onlar azad, asudə işləyiblər Azərbaycanda. Sonra nankor çıxıblar, o başqa məsələ. Sən öz nər işini gör, öz yaxşılığını elə. Mən ona çox minnətdar oldum, o qovluğu da özümdə saxladım – Azərbaycan nəcibliyinin və nəcabətinin nümunəsi kimi. Həmişə də ermənilərlə görüşəndə deyirəm ki, bax deməyin ki, biz sizi təqib eləmişik, sıxmışıq, elə deyil, əlimizdən gələn yaxşılığı sizə eləmişik. Keçmişdə ürəkbulandıran çox hadisə olub, amma biz özümüzdə mərdlik tapıb unutmuşuq. Və o, yenə deyirəm, savadlı, nəcib insan idi, Allah rəhmət eləsin! Vəssalam. Amma mənim xəbərim yoxdur ki, Ayaz Mütəllibov kimisə öldürsün. Ayaz Mütəllibov qətiyyətsiz, qorxaq, ağciyər bir adamdır.

– Ayaz Mütəllibovla görüşübsünüzmü, görüşürsünüzmü?

– Yox, bir dəfə Xalq Cəbhəsinin İdarə Heyəti Mərkəzi Komitənin üzvləri ilə görüşəndə görüşmüşəm onunla, görmüşəm. Bir təklif etmişəm, qəbul etməyib, ondan sonra heç görüşümüz olmayıb.

– Nə təklif vermişdiniz?

– 1989-cu ilin noyabr ayı idi. Mərkəzi Komitənin Bürosu dəvət elədi AXC İdarə Heyətini görüşə. Gəldik. 10-12 nəfər idik. Telman Orucov MK katiblərindən biri idi, dedi ki, Vəzirov Moskvadadır və oradan zəng edib ki, Qorbaçov onun sözünə baxmır, Azərbaycanın mənafelərini nəzərə almır və Qarabağ məsələsini də qanun çərçivəsində həll eləmək istəmir. Biz də bilmirik neyləyək. Sizi dəvət eləmişik ki, sizin rəyinizi soruşaq. Çox gülünc idi. İctimai təşkilat olan Xalq Cəbhəsi və hakim partiya Kommunist Partiyası. Hakim partiyanın rəhbərliyi bizi – ictimai təşkilatı çağırır ki, bizimlə məsləhətləşsin. Hamı susdu. Yəni bu acizlik etirafına qarşı heç kim heç bir söz tapa bilmədi. Mən dedim ki, mənim bir təklifim var.

 

Dedim, Azərbaycan SSRİ-nin tərkibindən çıxsın

 

– Xalq Cəbhəsinin bütün İdarə Heyəti orada idi?

– Yox, 10-12 nəfər var idi. Yadımda deyil, amma deyəsən, 3-4 nəfər yox idi. Mən dedim ki, mənim 2 təklifim olacaq. Dedilər, buyur. Dedim, əvvəla, siz mənim bir sualıma cavab verin. Siz bu komitənin rəhbərliyində olan şəxslər bir-birinizə inanırsınızmı, sadiqsinizmi, Azərbaycana sadiqsinizmi? Etinasızlıqla “əlbəttə” dedilər. Dedim, lap yaxşı, o zaman mən sizə görün nə təklif verirəm. Polyaniçko da orada idi. Dedim, bax, biz çıxıb gedirik. Siz yığışıb qərar çıxarırsınız və Mərkəzi Komitənin plenumunu çağırırsınız. Plenumu bir gün ərzində çağırmaq mümkündür. Polyaniçko deyəcək ki, siz neyləyirsiniz? Deyin ki, biz plenum çağırırıq. Plenumu nə üçün çağırırsınız? Azərbaycan Kommunist Partiyasının növbədənkənar qurultayını çağırmaq məqsədilə. O saat Moskvadan sizə zənglər gələcək, hədələyəcəklər. Siz bir-birinizi satmayın, möhkəm olun. Biz Azərbaycan Kommunist Partiyasının rəhbərliyi qərar veririk ki, biz növbədənkənar qurultay çağırırıq. Uçub gələcəklər. 37-ci il deyil, heç kimi güllələməyəcəklər. Deyin ki, MK qurultayın gündəliyinə bir məsələ salır: Sovet İttifaqı Kommunist Partiyasının və Sovet dövlətinin münasibətinə Azərbaycan Kommunist Partiyasının müvafiq mövqeyi. Azərbaycan Kommunist Partiyası Sovet İttifaqı Kommunist Partiyasından çıxır. Və bu, birinci addımdır ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxır. Əvvəl hədələyəcəklər, sonra ayağınıza düşəcəklər, yalvaracaqlar. Ondan sonra deyəcəklər nə istəyirsiniz? O zaman tələb edəcəksiniz: Qarabağdakı hərəkatı yatırdın! Əks halda, biz öz fikrimizdə qalırıq. Dedim, ondan sonra görəcəksiniz ki, bir həftə ərzində bütün Yerevanın, xaricin emissarlarını tutub salacaqlar qoduqluğa və Qarabağ hərəkatı yatışdırılacaq.

– Qətiyyətli olsaydılar, olardı.

– Sükut, sükut, bir də sükut… Hamı baxır mənə. Sonra Telman Orucov boğuq səslə deyir: “Biz belə bir iş görə bilmərik.” Dedim, o zaman mənim ikinci bir təklifim var. Dedilər, buyur. Dedim, Ayaz müəllim, siz Nazirlər Sovetinin sədrisiniz. Məxməri səsiylə dedi, həəə. Dedim, Azərbaycan milisi mərkəzi milisin tərkib hissəsidir, amma Azərbaycan milisi müəyyən dərəcədə sizə tabedir, eləmi? Dedi, bəli. Dedim, onda siz qərar verirsiniz, Bakı milisinin şəxsi heyəti bütünlüklə yığışır və ezam olunur Dağlıq Qarabağa. Başlayırlar pasport rejimini yoxlamağa. Qarabağın əhalisi olmayan bütün adamları tutursunuz, göndərirsiniz Ermənistana. “Bəs Bakıda əmin-amanlıq nə olacaq?” Dedim, Xalq Cəbhəsinin Bakıda 100.000 nəfər üzvü var. Söz veririk ki, Bakıda nizam-intizamı biz təmin edərik. Dedim, hətta oğrular da bilsə ki, Azərbaycan milisi gedib Qarabağa, onlar da cinayət etməyəcəklər. Dedi, mən bunu edə bilmərəm. Dedim, onda siz burada niyə oturmusunuz? Siz – ev sahibləri bu xalqın ağır günündə özünüzdən başqa heç kəsi fikirləşmirsinizsə, qorxursunuzsa, siz niyə bu ölkədə oturmusunuz, siz niyə bu otaqda oturmusunuz? Tez Polyaniçko durdu ki, fasilə elan olunur. Çəkdi məni pəncərə tərəfə. Dedi, bu qardaş haqqında nə fikirləşirsən, dedi, ilanın ağına da lənət, qarasına da. Başa düşdüm ki, nəsə Araz onu nəsə acılayıb. Ondan sonra Polyaniçkoya fısıldadı-fısıldadı, başladı ki, sən anla, biz heç nə edə bilmirik. Dedim, niyə eləyə bilmirsiniz? Dedi, Stepanakertə gedə, camaatla işləyə bimirik. Dedim, mən sizə deyim necə işləmək lazımdır. Dedi, necə? Dedim, “Krunk”un bütün rəhbərliyi cinayətkar partiya-təsərrüfat rəhbərləridir. Hamısı rüşvətə bulaşmış adamlardır. Hamısını dərhal həbs edin, mən əminəm ki, hamısına qarşı Azərbaycan prokurorluğunda, Xalq Nəzarət Komitəsində materiallar var, hamısını həbs edin. Dedi ki, bəs bütün dünya haray qaldırar ki, bəs erməni xalqına qarşı repressiya başlayıb. Dedim, yox, iki erməni, bir azərbaycanlı tutun, bir erməni, iki azərbaycanlı tutun. Azərbaycanda oğruların sayı çoxdur. Deyin ki, biz korrupsiyaya qarşı mübarizə aparırıq. Bir erməni korrupsioneri, iki erməni korrupsioneri – heç kim söz tapa bilməzdi. Dedi yox, biz bunu edə bilmərik. Dedim, onda siz deyin ki, əqidə dəyişib, məslək dəyişib və dövlətdə intizam yoxdur.

Nəsə, döndüm və çıxıb getdim. Yəni Mütəllibovla görüşüm o vaxt olub. Gördüm ki, çox məzmunsuz, qətiyyətsiz adamdır. Ondan sonra həmişə yazanda yazırdım ki, mülayim adamdır, evyıxan deyil – ona görə inanmıram ki, Yunus müəllimi o öldürüb – amma qətiyyətsiz adamdır. Siyasətçi üçün əsas məziyyətlərin biri də qətiyyətdir.

– Sualların içərisində Araz Əlizadə ilə bağlı xeyli suallar var. İsmayıl İslamoğlu, Şakir Abışov, Ramiz Mirzəoğlu, Mətanət Bayramova, Nazim Səfəvi Həmzəyev, Mehman Muradov Əlibəyli, Emin Ramiz, Ülfət Ədalətoğlu və s. Siz prezident seçkilərinə səsverməyə getmişdiniz?

– Yox, getməmişəm. Mən 2003-cü ildən sonra seçkilərə getmirəm.

– Çünki İsmayıl İslamoğlu soruşur ki, prezident seçkilərində kimə səs verdiniz?

– 2003-cü ildən sonra heç bir seçkiyə getməmişəm.

– Araz Əlizadə ilə uzun müddətdir münasibətiniz yoxdur, yoxsa?

– 2000-ci ildən sonra.

– Nə oldu səbəb, Zərdüşt bəy?

– Siyasi yollarımız ayrıldı, baxışlarımız ayrı oldu. Onun öz həyatı var, mənim öz həyatım var. Vəssalam. Bununla da qurtardı.

 

Əlləm-qəlləm bir tarixi olub ADR-in

 

– Burada soruşulur ki, Zərdüşt Əlizadə Araz Əlizadənin Məhəmməd Əmin Rəsulzadə haqqında dedikləri fikirlərlə razıdırmı?

– Heç bilmirəm nə deyib. Allah rəhmət eləsin, Məhəmməd Əmin Rəsulzadə haqqında mənim öz fikrim var, böyük siyasi xadimdir, böyük vətənpərvərdir. Başqa şey deyə bilmərəm. O, bizim nakam ADR-in liderlərindən biri olub. Nəyə görə nakam, çünki çox əlləm-qəlləm bir tarixi olub ADR-in. Heç bir zaman öz ərazilərinə tam nəzarət edə bilməyib. Öz neftinə tam nəzarət edə bilməyib. Həmişə ərazisində yadelli qoşunlar olub. Bu, işqlı, vətənsevər insanların bir cəhdi idi. Alınmadı. İndi maşallah ki, bütün təşkilatların üzvüyük – İSESKO-dan YUNESKO-ya qədər.

– Bilirsiniz, niyə soruşuram. Araz Əlizadənin açıqlamaları cəmiyyətdə çox böyük əks-səda doğurur, sizə də hücum gəlir. Bundan heç narahatçılığnız yoxdurmu?

– Xəbərim yoxdur, maraqlanmıram, mənim üçün heç fərqi yoxdur. O, çox başqa insandır axı.

– Ramiz Mirzəoğlu soruşur ki, dost-doğma qardaşdırlar?

– Bəli.

– Bu qədər kəskin ziddiyyətlər var. Cəmiyyət sizi başqa cür tanıyır. Təbii ki, qardaş qardaşa görə cavab vermir, amma yenə də…

– İndi həyat yollarımız ayrılıb.

– Orta məktəbdə necə oxuyurdunuz?

– Bunun heç bir əhəmiyyəti yoxdur. O da, mən də bir insan, siyasətçi kimi göz qabağındayıq. Bizim əlaqələrimiz indi yoxdur. Vaxtilə qardaş olmuşuq, hərəkatda olmuşuq, bir partiyada olmuşuq.

– Burada bir sual var, deməsəm olmur…

– Deməlisən də, sən “Qaynar Qazan”ın aparıcısısan…

– Nazim Səfəvi Həmzəyev soruşur: “Ataları vaxtilə Əbülfəz Elçibəyin işində iştirak edib üzünə durub.” Atanızın Əbülfəz bəyin işi ilə nə əlaqəsi var?

– Deməli, Xalq Cəbhəsində mənə qarşı Əbülfəz bəy mübarizə aparanda deyirdi ki, mənim atam onu tutdurub və mən Zərdüşt Əlizadə KQB agentiyəm. 1988-ci ildə oktyabrın 27-28-də AXC-nin Ali Məclisi idi. Orada mənim 12 nəfərlik qrup – sevimli naxçıvanlı biradərlərim məni ifşa etdilər. Diqqətlə qulaq asdım onlara. İddia edirdilər ki, atam Əbülfəz bəyi tutdurub. Mən o zaman xaricdə idim. 1973-1976-cı illərdə Cənubi Yəməndə mütərcim işləyirdim.

Əbülfəz bəyin əleyhinə 3 adam ifadə vermişdi

– Əbülfəz bəy həbs olunanda?

– Bəli, mən o zaman Bakıda yox idim. Cənubi Yəməndə Sovet səfirliyinin nəzdindəki iqtisadi müşavirin tərcüməçisi idim. AXC-nin həmin məşhur sessiyası qurtaran axşam sizin bir yerliniz olan və çoxdan tanıdığım Yaşar Məsimov adlı bir adamla görüşməyə çalışdım. Bu milliyyətçi hərəkatla çox bağlı bir adam idi. Tapdım Yaşarın nömrəsini, ona zəng elədim, getdim “Xutor”da tapdım evini. Yaşarı çağırdım evindən bayıra, dedim, Yaşar, qardaşım, mənə danış Əbülfəz bəyin məhkəməsi necə olub. Dedi ki, 1-ci iclasdan sonuncu iclasa qədər mən iştirak eləmişəm. Dedim, onu mənim atamın ifadələri əsasında həbs ediblər? Dedi, yox, 3 nəfər ona qarşı ifadə vermişdi. Biri Hafiz Misgər, ərəbşünas, raykomun işçisi, ikincisi, Fəzail Ağamalı, üçüncüsü, Aydın Hacıyev – atası Mərkəzi Komitənin görkəmli işçisi olmuşdu. Hafiz Hacızadənin əmisi oğlu. O da Diplomatik Akademiyada professor idi, sonra köçüb getdi Moskvaya. Onun ifadələri əsasında yenə bir neçə nəfər DTK tərəfindən tutulmuşdu – müstəqillik illərində.

– O, harada işləyirdi ki?

– Mən bilmirəm. Fəzail Ağamalını tanıyırdım, çünki AXC-də Əbülfəzin tərəfdarlarından idi. Hafiz Misgəri tanıyırdım, çünki o da ərəbşünas idi, mən də ərəbşünasam. Dedim, çox sağ ol, atamın ifadəsi yox idi, dedi, yox, sənin atanın ifadəsinin nə işi var. Durdum səhər gəldim AXC-nin Ali Məclisinin sessiyasına. Yenə məni ifşa etdilər. “Kommunist”, “Moskvanın agenti”, “DTK-nın agenti”, “Əbülfəz bəyin düşməni” və s. və s. Axırda söz istədim. Söz vermək istəmirdilər. Demokratiyaya hazır deyildilər, birtəhər söz aldım. Dedim, Əbülfəz bəy, axı siz səhərdən deyirsiniz ki, sizi atamın ifadəsi ilə həbs ediblər. Axı sizə qarşı ifadə verən Fəzail Ağamalı burada oturub. Zal bir-birinə dəydi.

– Onu ilk dəfə siz deyibsiniz?

– Bəli. Tez ayağa durdu, əlini uzatdı Lenin kimi, dedi ki, Fəzail bəy mənim göstərişimlə onu edib, biz təşkilatımızı qorumaq istəyirdik, ona görə mən ona dedim ki, sən mənə qarşı ifadə ver, amma təşkilatımız qalsın. Dedim, təşkilatınız qalır? Bəs niyə o zaman mənim yaratdığım təşkilata gəlib onu içəridən dağıdırsınız? …Sonra Əbülfəz bəy prezident oldu. Bəndəniz ona “İstiqlal” qəzetində açıq məktub yazdı ki, bəy, mənə qarşı mübarizə aparıb mənə “DTK agenti” deyibsiniz, acizanə şəkildə xahiş edirəm, mənim dosyemi açın, xalq görsün mən necə mənfur casusam. Açın mənim dosyemi, amma öz dosyenizi də açın. Xalq Cəbhəsinin digər rəhbərlərinin də dosyesini açın. Hamının dosyesi var, açın. Bir yazdım açmadı, iki yazdım açmadı, üç yazdım açmadı, axırda dedilər ki, bəy deyir, bu məndən nə istəyir, hey yazır ki, öz dosyeni də aç, mənim dosyemi də aç. Dedi, mən dosyeləri açsam, vətəndaş müharibəsi başlayar. Yazdım ki, bəy, xalqımızdan bədgüman olma. Xalqımızda casusların sayı olsun 5 min, maksimum 10 min. 10 min adam 7 milyonluq xalqa bir şey etməz.

“Soyudis”in Ali Seyminin 35 üzvündən 17-si KQB agenti çıxdı

– Zərdüşt bəy, siz də elə hesab edirdiniz ki, arxivlər açılmalı idi?

– Əlbəttə. Açılmadı ki, bu gündəyik də. Mən sizə misal çəkərəm, nə üçün açılmadı. Litva Xalq Cəbhəsi “Soyudis” hakimiyyətə gələndən sonra parlamentin birinci qərarlarından biri qanun çıxarmaq oldu – bu qanun nə demək idi. İstənilən ictimai xadim haqqında KQB arxivinə sorğu vermək olar ki, onun dosyesində nə var. Və məlum oldu ki, “Soyudis”in Ali Seyminin 35 üzvündən 17-si KQB agentidir. O cümlədən “Soyudis”in ideoloqu və baş naziri. Nə baş verdi, vətəndaş müharibəsi oldu? Yox, təbii ki. Bunlar çəkilib ictimai-siyasi həyatdan getdilər. Qurtardı. Nəyi soruşuram, əgər Litva KQB-si “Soyudis”in hakim tərkibinə 50 faiz casus sala bilibsə, bizim ulu öndərin qayğısı ilə yetişmiş Azərbaycan KQB-si Azərbaycan Xalq Cəbhəsinə neçə faiz casus sala bilər? Mən bu sualı verirəm. Heç kəsdən cavab yoxdur.  Deyirəm ki, axı casus o adama deyilər ki, hakimiyyətin xeyrinə hərəkətlər eləsin. Mən hər zaman demişəm: zorakılıqdan qaçın, təkamüllə gedin, demokratiya bizim silahımızdır, xalqla işləyin, xalqa söykənin. Onlar nə deyiblər: vur, yıx, dağıt. Nəticədə nə olub, ordu gəlib güllələyib, gəlib KQB əzib və axırda da hakimiyyətdə KQB-dir. Kim kimdir indi, kim KQB-dir?

– Maraqlıdır ki, arxivlərin açılmasını Nemət Pənahlı da tələb edib, siz də. Amma sizin münasibətləriniz həmişə gərgin olub.

– Nemətlə maraqlanmıram, çünki o qədər məzmunsuz insandır ki. Mənə məzmunsuz insan maraqlı deyil. Və… günlərin bir günündə “İstiqlal” qəzetində, sizə tanış olan kabinetimdə əyləşmişdim. Telefon zəngi gəldi. Təxminən 1993-cü ilin yanvar ayı idi, götürdüm dəstəyi. Bir səs gəldi ki, mənə Zərdüşt Əlizadə lazımdır, dedim, Zərdüştdür danışan. Dedi, mən sizə müsahibə vermək istəyirəm, dedim, buyurun gəlin, qapım açıqdır. Dedi, yox, mən gələ bilmərəm, siz mən deyən ünvana gələ bilərsinizmi? Dedim gələ bilərəm, problem yoxdur. Ünvanı dedi, yazdım. Sonra fikirləşdim ki, əşi, hər yerdə Xalq Cəbhəsi məni söyür, vurur – gedərəm, orada məni vurub öldürərlər. Sonra fikirləşdim ki, Allahın işidir, lazım bilsə öldürərlər. Nə isə, durub getdim o ünvana. Məlum oldu ki, KQB-nin binasının yanında 14 mərtəbəli yaşayış evidir. Zəngi basdım, açıldı qapı. Bəstəboy, səliqəli bir kişi idi, saçları arxaya daranmış, yanında da bir xanım. Məni çox hörmətlə qarşılayıb yer göstərdilər.

Dedilər ki, Moskvadan bir istintaq qrupu gəlib, bir dissidentin istintaqı gedir

– Siz hələ bilmirsiniz kimdir?

– Kimdir bilmirəm. Gözəl də bir süfrə açmışdılar. Yemək, içmək. Və… danışdı. Dedi, mən KQB-nin İstintaq İdarəsinin rəisi, KQB polkovniki Əziz Rəsulovam.

– Əziz Rəsulov.

– Əziz Rəsulov. Dedi, mən sizə öz həyatımı danışmaq istəyirəm. Çıxarıb diktofonu qoydum, dedim, buyurun. Dedi, mən əslən Lənkərandanam. Mən çağa ikən atam müharibədə həlak olub. Anam kəndçi arvaddır. Məni öz zəhməti ilə tək böyüdüb. Mən məktəbdə əlaçı oxumuşam. Məktəbi qurtarandan sonra məni orduya çağırıblar. Orduda rus dilini öyrənmişəm, məni partiyaya qəbul ediblər. Gəlmişəm, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşam. Yetim adamam, heç bir tapşırıq rol oynamayıb. Əlaçı oxumuşam, partiya bürosuna seçiblər məni. Əlaçı oxuya-oxuya gəlib 5-ci kursa çatanda təyinat ərəfəsində məni çağırıblar ki, sənin dəvət edirik DTK-ya işə. Kasıb yetim uşaq, DTK-ya iş. DTK təminat deməkdir, hörmət deməkdir, demişəm mən razı. 6 ay mənim bütün əslimi-nəslimi yoxlayıblar. Deyiblər ki, layiqdir, zəhmətkeş ailəsidir. Amma son mərhələdən keçmədim. Son mərhələ nədir – 1973-cü il. Deyiblər ki, bütün KQB kadrlarını birinci katib Heydər Əliyev qəbul edir. Aparırlar məni Heydər Əliyevin qəbuluna. 2 saat mənimlə söhbət edir. Çox mehriban, ədəbiyyatdan, tarixdən, həyatından, güzəranından, qohumlarından – hər şeydən danışdı. Sonra durub dedi ki, bəyənirəm, qal sədaqətlə Vətənə xidmət elə, sıxdı əlimi, dedi ki, get, hesab edirəm ki, sən DTK-da işləyə edə bilərsən. Məni gətirdilər leytenant rütbəsi verdilər və dedilər ki, birinci işə gedirsən. Moskvadan bir istintaq qrupu gəlib, bir azərbaycanlı dissidentin istintaqı gedir və o, rus dilini bilmir, sən tərcüməçi olacaqsan. Bu dissident kim ola, kim ola?

– Əbülfəz bəy…

– Əbülfəz bəy…

II hissənin sonu

 

 

Strateq.az

Zərdüşt Əlizadə qardaşı Araz Əlizadə haqqında sərt sözlər dedi: “Vaxtilə qardaş olmuşuq”

 




Ana səhifəyə qayıt        Baxış: 1 217          Tarix: 19-07-2018, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma