Beynəlxalq Böhran Qrupu dünyadakı bəzi münaqişələrlə bağlı son icmalında Dağlıq Qarabağ münaqişəsinə də yer ayırıb.
Qurum Ermənistandakı hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsi ətrafındakı duruma qeyri-müəyyənlik gətirdiyini qeyd edir. Ölkəni on il müddətinə prezident kimi idarə edəndən sonra baş nazir postuna seçilmiş Serj Sarkisyan apreldə küçə etirazları nəticəsində vəzifədən getməli oldu, onun yerinə etirazların lideri Nikol Paşinyan seçildi.
“Ölkəiçi məsələlərə başı qarışmış yeni hökumətin Azərbaycanla 30 ilik münaqişənin həlli yönündə hansısa böyük addım atacağı, yaxud Ermənistanın münaqişəylə bağlı çoxdankı mövqeyinə yenidən baxacağı gözlənilmir. Münaqişənin həlli üzrə hər hansı irəliləyişin olmaması isə onun qızışmasına yol aça bilər; yəni durum getdikcə Azərbaycanı daha da dilxor edə və güc yoluyla ərazilərini geri qaytarmaq arzusunu gücləndirə bilər”, – icmalda deyilir.
Qurum vurğulayır ki, Azərbaycan və Ermənistan, eləcə də onların müttəfiqləri üçün prioritet münaqişənin güclənməsi risklərinin azaldılması olmalıdır. Belə ki, 2012-ci ildən konflikt zonasında artan insidentər sülh danışıqlarına ümidləri sürətlə darmadağın edə bilər.
“Liderlərə daha çox birbaşa kommunikasiya kanalları lazımdır. Onlar görüşləri bərpa etməlidirlər, 2017-ci ilin oktyabrından liderlər görüşməyib. İki ölkənin xarici işlər nazirləri isə iyulda bir araya gəldilər… Avropa İttifaqı (Aİ) uzun müddətdir Dağlıq Qarabağa danışıqlarında rolunu genişləndirmək istəyir. Ermənistandakı hakimiyyət dəyişikliyinin yaratdığı qeyri-müəyyənlik bundan ötrü bəzi imkanlar aça bilər”, – Beynəlxalq Böhran qrupu qeyd edir.
İmkanlar sırasında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi elçisinin danışıqlara cəlbi, ölkələr arasında kommunikasiya kanallarının yaradılmasına kömək göstərməsi sadalanır. Bundan başqa, 2017-ci ildə Ermənistanla Azərbaycan konflikt zonasına işləyən ATƏT müşahidəçilərinin sayını artırmağa razılaşsalar da, yeni müşahdəçilərinin yerləşdirilməsinin aspektləri üzrə fikir ayrılığı var. Bu durumun həllindən ötrü Aİ resurslar təklif edə, digər münaqişələrdəki təcrübəsini paylaşa bilər. Aİ-yə tövsiyə olunur ki, sülhyaratma fəaliyyətini gələcək sülh sazişinə ictimai dəstəyin stimullaşdırılmasına yönəltsin. Bu iş özəlliklə gənclik qrupları və cəbhə xəttində aparılsın.
“Aİ və digər beynəlxalq oyunçular əlavə maliyyə dəstəyini nəzərdən keçirə bilər. Maliyyə BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin münaqişənin potensial qızışmasının humanitar fəsadlarını aradan qaldırmaq səylərinə ayrıla bilər”, – sənəddə vurğulanır.
Beynəlxalq Böhran Qrupu qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ siyasəti məhduddur. O, son 20 ildə müharibədə şəxsi rolu olmayan ilk liderdir, baxmayaraq ki, Ermənistanın Tavuş rayonunda anadan olub. Azərbaycanın şərq sərhədində yerləşən bu region konflikt ucbatından ciddi iqtisadi geriləmə yaşayıb.
Ancaq Pashinyanın baş nazir postunda olduğu ilk həftələrdə Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə inam yaratmağa çalışdığı vurğulanır. Axı, onlar Sarkisyana sadiq idilər. Di gəl, Paşinyanın Qarabağın sülh prosesində iştirakının gücləndirilməsi çağırışları Bakıda xoş qarşılanmayıb. Rəsmi Bakı da Qarabağdan didərgin salınmış azərbaycanlıların prosesdə iştirakında təkid edir.
Beynəlxalq Böhran Qrupu iki ölkə arasında kontaktların yalnız prezidentlər və xarici işlər nazirləri səviyyəsində qurulduğunu bildirir. İki ölkə rəhbərləri daha aşağı səviyyəli həmkarları arasında həmkarlar arasında kanal yaradılmasına hazır olmağa çağrılır.
İcmalda qeyd olunur ki, Azərbaycan və Ermənistanın yeni rəhbərliyi danışıqları bərpa edərək kompromis həll yolu tapmalıdırlar. Bu, vasitəçilərdən də davamlı səylər tələb edəcək. Burada da Aİ-nin vacib rol oynaya biləcəyi vurğulanır. Gələn il belə bir dialoqun stimullaşdırılmasını hədəfləyən iki proqrama investisiya bitir. Həmin proqramlar – Dağlıq Qarabağ Münaqişəsinin Sülh Yoluyla Həllindən ötrü Avropa Tərəfdaşlığı və İmkanların və Vətəndaş Cəmiyyətinin İştirakını Artırmaqla Sülhrayatma adlanır. Qurum Aİ-ni bu proqramları yeniləməyə çağırır.
(Azadlıq radiosu)
Paylaş: