Xəbər lenti

Müasir dövrdə Türkiyə və Azərbaycan münasibətləri dünyanın heç bir dövlətlərarası münasibətlərində olmadığı və ola bilməyəcəyi qədər möhkəmdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov vurğulayıb ki, 1918-ci ilin 15 sentyabr tarixi bu möhkəmliyin XX əsrdəki ən böyük sınaq tarixidir:

“Ən əsası isə 15 sentyabrda türk qardaşlığı sınaqdan başıuca, üzüağ çıxdı. Hesab edirəm ki, Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak işğalından azad etməsi 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi cəhətdən özünü təsdiqində son dərəcə mühüm hadisə idi. Bakısız Azərbaycan olardımı? Əlbəttə, olmazdı! Bu mənada 100 il əvvəlki tarixi XX əsrdə əldə etdiyimiz hər iki müstəqilliyin bir növ bütövlük tarixi kimi də dəyərləndirmək mümkündür”.

Millət vəkili qeyd edib ki, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 illiyi münasibətilə ölkəmizdə, eləcə də qardaş Türkiyədə böyük tədbirlər gerçəkləşdirilir, həmçinin müxtəlif təşəbbüslər irəli sürülür:

“Bütün bunlar müştərək tariximizin, eyni zamanda türk dünyasının şanlı səhifəsi olan Bakının işğaldan azad edilməsinin gələcək nəsillərə çatdırılması baxımından son dərəcə vacibdir. Məlum olduğu kimi, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Abşeron rayonunun Qobu qəsəbəsində qərargah qurmuşdu. Təklif edirəm ki, həmin ərazidə türk dünyasının böyük sərkərdəsi Nuru Paşanın adını daşıyan muzey yaradılsın. Bu, həm onun xatirəsinə ehtiramımız olar, həm də tariximizin yaşadılması baxımdan faydalı nəticələr verər”.

 




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 15-09-2018, 16:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma