“2017-ci ildə Azərbaycan terrorla mübarizədə Azərbaycan Birləşmiş Ştatların güclü tərəfdaşı olub. Azərbaycan hökuməti terrorçu cəhdlərinin aşkarlanması və dəf olunması üçün fəal iş görüb”. Bunu ABŞ Dövlət Departamenti “2017-ci il Ölkələr üzrə Terrorçuluq Hesabatı”nda bildirir.
Terrorçuluq cəhdləri Azərbaycanın quru və dəniz sərhədlərindən, həmçinin Cənubi Qafqaz ərazisindən adam, pul və material keçirməyi hədəfləyib.
“Terror riski azalıb”
“Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri terror hücumlarını pozmaq və önləmək üçün əməliyyatlar keçirib, şübhəli terrorçuları həbs və təqib edib, Azərbaycandan kənarda terrorçu qruplara qoşulandan sonra ölkəyə qayıtmış azərbaycanlıları məsuliyyətə cəlb edib. Azərbaycanın antiterror əməkdaşlığı ABŞ vətəndaşlarının tez-tez baş çəkdiyi turizm məkanlarına və Birləşmiş Ştatların Azərbaycandakı iqtisadi maraqlarına terror hücumları riskini azaldıb”, – hesabatda vurğulanır.
Sənəddə qeyd edilir ki, Azərbaycan ötən il terrorçu və terrorçuluğun hüquqi tərifini genişləndirib. Dəyişikliyə görə, terrorçu fəaliyyətdə təşkilatçı, qızışdırıcı, yardımçı, iştirakçı kimi birbaşa, yaxud dolayısı ilə iştirak edən, terror hücumunu planlaşdıran, onun gerçəkləşməsinə cəhd edən, yaxud terror hücumlarının gerçəkləşdirilməsində mütəşəkkil cinayətkar qruplaşmaya kömək edən şəxs terrorçu sayılır. Daha öncə terrorçu fəaliyyəti həyata keçirən şəxs terrorçu hesab olunurdu.
Departament bildirir ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri ölkə ərazisində terrorçuluğun aşkarlanması, önlənməsi bacarıqlarını ortaya qoyublar. Antiterror fəaliyyəti üçün məsuliyyəti bir neçə hökumət qurumu daşıyır. Bu sahədə Daxili İşlər Nazirliyinin Dövlət Təhlükəsizlik Xidməti ilə sıx əməkdaşlıq etdiyi bildirilir.
Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi isə sərhəd təhlükəsizliyini birgə idarə edir, terrorçuların Azərbaycanın quru və dəniz sərhədlərindən adam, pul və material keçirilməsi cəhdlərinin qarşısını alır. Baş Prokurorluq isə terrorçuluqda suçlananların cinayət məsuliyyətinə cəlb olunmasına cavabdehdir.
Potensial terror hücumları önlənib
Hesabatda qeyd olunur ki, Azərbaycanın hüquq mühafizə və təhlükəsizlik xidmətləri ötən il bir neçə potensial terror hücumunu önlədiklərini bildiriblər. Yanvarın 27-də şübhəli dini ekstremist Ceyhun Ocaqovun həbsinə müqavimət göstərdiyi üçün öldürüldüyü xəbər verilir.
Fevralın 1-də Dövlət Təhlükəsizlik Xidməti terrorçu təşkilatlara bağlı olduğu bildirilən qruplaşmanın dörd üzvünü öldürüb.
Avqustun 28-də terrorçuluqda şübhəli sayılan Yaşar Cavadov öldürülüb.
Oktyabrın 27-də isə Suriya və İraqda savaşmaqda şübhəli sayılan dörd azərbaycanlı saxlanıb.
Hesabatda Azərbaycanın beynəlxalq antiterror təşəbbüslərinə də üzv olduğu vurğulanır.
Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin ölkənin dini icmalarında radikallaşmanı önləməkdən ötrü maarifləndirmə işi apardığı qeyd olunur.
ABŞ Dövlət Departamenti Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təkmilləşdirilməsi yönündə cəhdlərini davam etdirməsindən də söz açır.
(Azadlıq radiosu)
Paylaş: