“Ukrainskaya pravda”,
Ukrayna, 27 sentyabr 2018-ci il
“Bellingcat”ın jurnalistləri Skripalların zəhərlənməsində şübhəli bilinən “Petrov” və “Boşirov”un Avropada apardıqları öncəki əməliyyatların üstünü aça və onların RF-nin Baş Kəşfiyyat İdarəsində (BKİ) işlədiyini təsdiq edə biliblər.
Bu barədə “Bellingcat” özü məlumat verir.
Aparılan təhqiqatda deyilir: ““Bellingcat” və “The İnsider” birmənalı təsdiq edə bilər ki, “Petrov” və “Boşirov” BKİ-nin əməkdaşlarıdır. Bu nəticə obyektiv məlumatlardan və ən azı, iki şübhəli şəxsdən biri ilə tanış olan Rusiya mənbələrinin məlumatlarından ortaya çıxır”.
Qeyd olunur ki, Skripalların zəhərlənməsində şübhəli bilinən şəxslərin BKİ ilə əlaqəsinin olmasını daha inandırıcı şəkildə onların xarici pasportlarının nömrələri sübut edir.
Şübhəli şəxslərin daxili pasportları haqqındakı qeydlərdə onların xarici pasportları haqqında məlumatın göstərilməməsinə əsasən, demək olar ki, bu pasportlar şəxsiyyət vəsiqələrinin mərkəzləşdirilmiş dövlət reyestrinə hesabat verməyən hansısa xüsusi təşkilat tərəfindən verilib.
Jurnalistlər qeyd edir ki, əgər bu təşkilat xarici pasportları uydurulmuş “əfsanəsi” olan yalançı şəxs(iyyət)lərin – əməkdaşların adına verirsə, belə əlaqənin olmaması məntiqlidir.
Təhqiqatda deyilir: “Şübhəli şəxslərin yalnız son rəqəmində 3 fərqi olan pasport nömrələrinin bir-birinə yaxınlığını da (Rusiyanın xaricdə fəaliyyət göstərən xüsusi xidmət orqanlarında məhdud, nisbətən az sayda agentin işlədiyini ehtimal etmək məntiqli olar) belə “xüsusi təşkilat”ın mövcudluğu ilə izah etmək olar”.
Jurnalistlər eyni zamanda müəyyən ediblər ki, “Petrov” və “Boşirov”un pasportları BKİ-nin digər əməkdaşının, Rusiyanın Varşavadakı sabiq hərbi attaşesi olan polkovnik Eduard Şişmakovun pasportunun aid olduğu “dəst”dəndir. O, Eduard Şirokov adına verilən saxta pasportla səyahət etmiş və Podqoritsada (Çernoqoriyanın paytaxtı – tərc.) qərbyönlü hökumətə qarşı təşkil edilən uğursuz çevrilişin təşkilatçılarından biri olmuşdur.
Aparılan araşdırmada deyilir:““Petrov” və “Şirokov”un pasport nömrələri (müvafiq olaraq, 654341297 və 654341323) arasındakı fərq cəmi 26-dır.“Şirokov”a pasportun 2016-cı ilin avqustunda verilməsi göstərir ki, “Petrov” və “Boşirov”un pasportları da bir qədər əvvəl elə həmin ildə, həmin “xüsusi təşkilat” tərəfindən verilib”.
“Petrov” və “Boşirov”un beynəlxalq səfər tarixlərindən görünür ki, onlar 2016-cı ilin əvvəlindən səyahət etməyə başlayıblar.
“Bellingcat” yazır: “Bu, 2016-cı ilin aprel-avqust tarixləri ərzində “xüsusi təşkilat”ın cəmi 26 pasport verdiyi mənasına gəlir”.
Şişmakovun BKİ ilə təkzibolunmaz əlaqəsinin mövcud olması öncə müəyyən olunduğuna görə, jurnalistlər qeyd edir ki, “Petrov” və “Boşirov”un Rusiyanın digər xüsusi xidmət orqanının əməkdaşları olması ehtimalı azdır.
Bundan əlavə, jurnalistlərin sərəncamında, onların xarici pasportlarının qüvvədə olduğu 2016-cı ildən indiyədək olan müddətdə, “Petrov” və “Boşirov”un Avropa və Asiyanın müxtəlif ölkələrinin sərhədlərini keçmələri haqqında məlumatlar vardır.
İki əməliyyat işçisi yeni pasportlarla dünya səyahətinə 8 aprel 2016-cı ildə – “Petrov” (ola bilsin, “Boşirov” da, çünki“Bellingcat” yalnız “Petrov”un pasport məlumatlarını izləyib) Belarusun paytaxtı Minskə gəlib, oradan da Amsterdama uçarkən başlayıb. O, Ukraynanın AB ilə assosiasiyası haqqında keçirilən qalmaqallı referendumdan iki gün sonra Hollandiyaya gəlib, lakin 10 gün sonra Moskvaya geri uçub.
11 iyul 2016-cı ildəki növbəti səfəri zamanı “Petrov”, qazax sərhədçilərinə getdiyi yeri 5000 km məsafədə yerləşən Pekin olaraq göstərərək, rus-qazax sərhəddini avtobusla keçib. Lakin 15 gündən sonra onun izləri itirilib, sonra o, Moskva reysində, ancaq Pekindən deyil, Təl-Əvivdən gələn reysdə yenidən peyda olub.
İki ay sonra “Petrov” yenidən Amsterdama yollanıb, oradan isə Londona uçub. Bu səyahət bütövlükdə bir həftədən az zaman alıb.
Londondan qayıtdıqdan iki ay sonra “Petrov” təkrar Amsterdama uçub. Bu dəfə o, Avropada 12 gün olub. Noyabrın sonunda o, Moskvaya Paris reysi ilə dönüb.
“Petrov”un növbəti səfəri 28 fevral 2017-ci ildə başlayıb. Bu dəfə o, yenidən Böyük Britaniyaya yollanıb. O, orada 6 gün olub və martın 4-də geri qayıdıb.
2017-ci ilin sentyabrından 2018-ci ilin fevralınadək “Petrov” 5 dəfə Fransada və İsveçrədə olub.
Adətən, o, Parisə uçub, geri isə Cenevrədən qayıdıb. Bu səfərlərdən sonuncusu ən uzunu olub, o, 23 yanvardan 6 fevraladək – iki həftə Avropada olub. Bu dəfə Cenevrəyə uçub, elə oradan da geri qayıdıb.
Növbəti səfər onların Avropaya sonuncu səfəri olub. Onların hər ikisi, öncəki axşam bu reysə bilet alaraq, 2 mart 2018-ci ildə Qetvik hava limanına (Londona – tərc.) enib. Ertəsi günü Sergey Skripalın qızı Londona gəlib. Martın 4-də isə Skripal və qızı zəhərlənib.
Jurnalistlər həmçinin Qərbi Avropanın hüquq-mühafizə orqanlarındakı mənbədən öyrəniblər ki, “Petrov” və “Boşirov”u Hollandiya ərazisində saxlayıblar.
“Bellingcat” saxlanmanın zamanı və səbəbi haqqında məlumat almayıb, lakin qeyd edilir ki, yazda Avropa KİV-ləri adı çəkilməyən iki rus casusunun Hollandiyada həbs olunması və deportasiyası haqqında məlumat veriblər.
Həbs, guya, Şpitsdəki laboratoriyaya “girmək” üçün İsveçrəyə haker avadanlığının keçirilməsi cəhdilə bağlı olub. Bu laboratoriya Suriyadakı kimyəvi hücumların tədqiq olunması, sonra isə “Skripal işi”ndəki zəhərli maddənin müəyyən olunması üzərində işləyirdi.
Tərcümə Strateq.az-ındır
Paylaş: