Xəbər lenti

Sentyabrın 27-də Kremli təhqiqat saytı Bellingcatın Britaniyada keçmiş Rusiya casusu Sergey Skripal və onun qızını zəhərləyənlərin Rusiya hərbi kəşfiyyatının zabitləri olduğuna dair məlumatına şübhə etdiyini bildirib.

Bellingcat sentyabrın 26-da bildirmişdi ki, İngiltərənin Solsberi şəhərində kimyəvi hücum həyata keçirənlərdən birinin – Ruslan Boşirovun əsl adı polkovnik Anatoli Çepiqadır.

Bu ayın əvvəllərində Britaniya prokurorları iki rusiyalı – Ruslan Boşirov və Aleksandr Petrov barəsində Skripal və onun qızına qarşı Noviçok kimi tanınan kimyəvi zəhərlə qətlə qəsd ittihamı irəli sürüblər. Britaniya bunu da bildirir ki, bu iki nəfər Rusiya hərbi kəşfiyyatı – GRU-nun məxfi agentləridir.

Kəşfiyyat məsələlərini araşdıran Bellingcat bildirib ki, təhqiqat partnyoru Insiderlə birlikdə Ruslan Boşirov kimi tanınan şəxsin əslində Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki Anatoly Çepiqa olduğunu müəyyənləşdirə bilib.

Çepiqanın vaxtilə Çeçenistanda xidmət etdiyi və Rusiyanın ən yüksək mükafatı olan Rusiya Federasiyasının Qəhrəmanı medalı ilə təltif olunduğu bildirilir. Bu mükafatı Rusiya prezidenti Vladimir Putin şəxsən verir. Bellingcat bildirir ki, Çepiqanın şəxsiyyəti onu tanıyan mənbələr tərəfindən təsdiq olunur.

Ötən həftə Bellingcat xəbər verirdi ki, iki şübhəlinin Rusiya Baş Kəşfiyyat İdarəsi ilə bağlılığını aşkar edib.

Sentyabrın 27-də Kremlin sözçüsü Dmitri Peskov Bellingcat saytının xəbərini şərh edərkən deyib: “Çox adamlar bir-birinə oxşayır. Amma mən bu təhqiqatda adı çəkilən vətəndaşın kim olduğunu bilmirəm”.

Rusiya indiyədək Skripallara kimyəvi hücumda Moskvanıın əli olduğunu inkar edir.

Bundan əvvəl prezident Vladimir Putin İngiltərənin Solsberi şəhərində Skripalın evinin yaxınlığında təhlükəsizlik kamerasına düşmüş iki rusiyalının turist səfərinə çıxmış iki vətəndaş olduğunu demişdi.

Bellingcat saytının məlumatından sonra Putinin bəyanatına münasibət barədə suala cavab verən Peskov deyib: “Prezident deyib ki, bu adamlar mülki şəxslərdir. O aldığı informasiyaya əsaslanıb…Siz və mən bu adamların keçmişi haqqında heç nə bilmirik. Bu bizim iş funksiyamızın xaricindədir”.

Peskov deyib ki, Rusiya rəsmiləri Bellingcat saytının informasiyası ilə bağlı məsələni araşdıracaqlar.

Bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Bellingcat saytının məlumatını Rusiyaya qarşı informasiya kampaniyası adlandırmışdı.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 578          Tarix: 28-09-2018, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma