Xəbər lenti
27-11-2024, 19:25

Maksim Suçkov

“Əl-Monitor”

 

Rusiyanın Suriya üzrə xüsusi səfiri Aleksandr Lavrentyev, xarici işlər nazirinin müavini Sergey Verşinin və Rusiya Müdafiə Nazirliyinin üst səviyyə səlahiyyətlilərinin müşayiəti ilə, noyabrın 6-da Şamda Bəşər Əsədlə bir araya gəlib. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, görüşdə Suriyada mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Sentyabrın 17-də Soçidə imzalanmış İdlibə dair rus-türk memorandumu, Konstitusiya Komitəsinin yaradılması, Suriyada müharibədən sonrakı bərpa və qaçqınların qaytarılması üçün şəraitin yaradılması müzakirələrin diqqət mərkəzində olub.

Ruslar oktyabrın 27-də Türkiyə, Rusiya, Almaniya və Fransa prezidentləri arasında zirvə barədə də Əsədi məlumatlandırıblar.

Moskvanın emissarları Suriyaya Tehrandan gəliblər. Onlar İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani tərəfindən qəbul edilib. Rusiya səfiri və Şəmxani Suriya münaqişəsinin siyasi həllini müzakirə ediblər.

Tehran və Şamda müzakirə olunan məsələlər Moskvanın Suriyadakı prioritet məsələlərində tam əksini tapır.

Birincisi, BMT-nin yeni səfiri – Norveç diplomatı Qeir Pedersen (hazırda bu ölkənin Çindəki səfiridir) noyabr ayının sonunda Staffan de Misturanı əvəz etməlidir. Rusiya öz təşəbbüslərinin regional oyunçular tərəfindən qəbul edilməsinə çalışır. Moskva Konstitusiya Komitəsinin formalaşmasını sürətləndirmək üçün Əsədə təzyiq göstərir. Yüksək səviyyəli nümayəndə heyətinin Şamda missiyasının məqsədi də budur.

Bununla yanaşı, Moskvada xarici işlər nazirlərinin müavinləri Mixail Boqdanov və Sergey Ryabkov son dörd gündə demək olar ki, bütün Yaxın Şərq ölkələrinin səfirləri ilə görüşüblər.

Boqdanov Səudiyyə Ərəbistanının Rusiyadakı səfiri Rabid bin Xalid Qarmali və Suriya səfiri Riyad Həddadla görüşüb, Ryabkov İran səfiri Mehdi Sanii ilə. Daha sonra Boqdanov BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaşla Suriya və Körfəz məsələlərini müzakirə edib.

İkincisi, Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə dördtərəfli danışıqları Moskvada bir çoxlarını bu düşüncəyə gətirib ki, Rusiya Astana formatını iki aparıcı Avropa ölkəsinin qrupu ilə birləşdirir.

Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Misir və İordaniya tərəfindən təşkil edilən qrupa Astanaya üçlüyü (Rusiya, Türkiyə və İran) şübhə ilə baxır. İndi kiçik qrupda hər hansı bir mənalı irəliləyiş Rusiyanın perspektivindən iştirakçıları Suriya münaqişəsinin siyasi həllində öz mövqelərini möhkəmləndirməyə imkan verəcək.

Yaxın Şərqdə işləyən bir rus diplomatı anonimlik şərti ilə “Əl-Monitor”a deyib: “Bu təşəbbüs [kiçik qrup] siyasi gündəmi tutmaq üçün yaradılıb. Artıq ABŞ və Böyük Britaniyadan başqa hamı bizimlə işləmək istəyir”.

İran İstanbul kvartetində olmasa da, Rusiya onu Suriya məsələsinin həllində əhəmiyyətli aktyor kimi görür, Tehran və Şamla məsləhətləşmələri davam etdirir. Moskva Astana formatını İstanbul qrupu ilə birləşdirmək üçün onların səyini vacib sayır.

Astana triosu qüvvələr balansını Əsədin lehinə dəyişmək üçün mühüm idi, amma indi münaqişə siyasi müstəviyə qoyulur, prosesin qanuni olması və maliyyə baxımından problemsizlik məqsədi ilə avropalılarla daha geniş bir koalisiya lazımdır. Alman şirkətləri Suriyanın bərpası üçün mümkün müqavilələr gözləyirlər və qismən Rusiyaya yenidənqurma üçün gərəkli vəsait tapmaqda kömək edirlər.

“Qərb bizimlə Tehran və Ankara arasındakı hər bir səviyyədə paz soxmağa çalışır, – deyə rus diplomatı vurğulayıb. – Hər fürsətdə Suriyadakı iranlılarla aramıza fərq qoyurlar. Əlbəttə, bir çox anlaşılmazlıqlar var. İranlılar asan tərəfdaş deyil, ancaq Suriyada yaşadığımız illər ərzində bu fərqləri qarşılıqlı şəkildə aradan qaldırmağı öyrənmişik və ikimiz də Suriyada ortaq uğur görmək istəyirik”.

Rusiya Suriya sahillərində hərbi mövqeyini də möhkəmləndirir. Noyabrın 5-də Rusiyanın uzun məsafəli “Kalibr” kruiz raketlərini daşıyan yeni bir freqat Aralıq dənizinə göndərilib. Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Gəmi Aralıq dənizindəki Rusiya donanmasının bazasında lövbər atacaq”. May ayının əvvəlində Putin də kruiz-raket daşıyıcı gəmilərin “Suriyadakı terror təhdidinə” qarşı Aralıq dəniz sularında daimi dayanacağını bildirib.

ABŞ-da aralıqsız seçkilərin nəticələri də Rusiyada əsasən Vaşinqtonla münasibətlərin vəziyyətinə mənfi təsir göstərən amil kimi şərh edilir. Moskva Konqresdə yeni sanksiyaların qəbul ediləcəyini düşünür və Tramp administrasiyasının Kremllə, o cümlədən Suriya kimi sahədə əməkdaşlıq üçün yolların bağlanacağını gözləyir.

Putin və Tramp noyabrın 11-də Parisdə keçirilən tədbirdə görüşəcək, lakin görüşün konstruktiv olacağı, praktiki nəticələr əldə edə biləcəyinə ümidlər daha azdır.

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 381          Tarix: 9-11-2018, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma