Yaxın zamanlarda Rusiyanın Soçi şəhərində keçirilməsi gözlənilən Milli Dialoq Konqresi toplantısında PKK/PYD qruplaşmasının iştirakı nəzərdə tutulmayıb.
Ovqat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyev rus xəbər agentliklərində açıqlamasında bildirib.
Lavrentyev bu qərarın Türkiyənin israrı ilə qəbul olunduğunu da gizlətməyib: "Biz bu toplantıda həm kürdlərin təmsil olunmasını, həm də Türkiyənin etirazlarının nəzərə alınması üçün maksimum səviyyədə səy göstərdik və bu qərara gəldik. PYD/PKK-nın konqresdə iştirakı hələ ki nəzərdə tutulmur."
Əldə edilən məlumata görə, kürdləri Milli Dialoq Konqresində Kürd Milli Şurası təmsil edəcək.
Qeyd edək ki, Soçidə keçirilməsi nəzərdə tutulan konqres Türkiyə, İran və Rusiyanın qarantorluğu altında Suriyanın gələcəyinə qərar verilməsi məqsədilə toplanacaq. Konqresdə Suriyada mövcud olan, amma terrorist fəaliyyətdən uzaq dayanan bütün qrupların iştirakı vacib bilinir. Türkiyə isə əvvəldən bəri PKK-nın bir uzantısı və dolayısıyla terror təşkilatı olduğu iddiasıyla PYD-nin bu müzakirələrə qatılmasına qarşı çıxır.
Son zamanlar Suriya lideri Bəşər Əsəd də ABŞ-la yaxın münasibət qurduğuna görə PYD-ni vətənə xəyanətdə günahlandırmış və onunla yollarını ayırmışdı.
ABŞ-dan 4 min TIR silah-sursat alan PYD xüsusilə Şimali İraqda fəallaşmaqla Rusiyanın da regional siyasətinin tələblərinə cavab vermirdi. Moskvanın son anda Ankaranın mövqeyini müdafiə etməsində bu amillərin də rolu böyükdür.
Məsələylə bağlı daha təfsilatlı məlumat almaq üçün bu yazını oxuya bilərsiniz:
http://ovqat.com/manset/15496-sd-pkk-ya-muharib-elan-etdi-kurd-separatizmi-yaxn-rqin-yeni-d-.html
Paylaş: