Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi
Görürsünüz, Fransada və digər Avropa ölkələrində, ümumiyyətlə bütün dünyada hegemonluq uğrunda müdhiş bir müharibə gedir. Görünənlərin dibində isə qlobal nizamı ələ keçirmə uğrunda gedən müharibə yatır. Çalxantılar hər yönə yayılmağa meyl edir.
Türkiyə, atdığı ağıllı addımlarla, yanaşması və təcrübəsilə bu böyük çalxantıdan kənarda qalma şansına sahib olan, bəlkə də, yeganə ölkədir. Nizamını pozmaq üçün edilən xarici və daxili hücumlara, dünyanın ən qeyri-sabit bölgəsinin mərkəzində olmasına rəğmən, rəhbərliyi prinsipial davranaraq dik duruş nümayiş etdirdiyinə görə, Türkiyə özünü çalxantılardan qorumuş kimi görünür.
İdxal düşüncələri
Ona görə “qorumuş kimi” deyirəm ki, bu sabitliyi pozmağa niyyətli olan bəzi dairələr vardır.
““Sarı jiletli inqilab”ı idxal təşəbbüsü” adlandırdığım bu mövqe Fransada baş verən hadisələrə bənzər hadisələrin Türkiyədə də baş verməsini arzulayan dairələrin davranışını nəzərdə tutur.
Öz gəncliyimi də nəzərdə tutaraq deyirəm: türk gəncliyi təqlidçilik xəstəliyindən heç cür qurtula bilməyib. Bizim gənclik dövrümüzdə moda xarici düşüncə olan marksizm idi. Marksizm həmin dövrdə öz antitezisi olan faşizmi ortaya çıxardı. Bu da Türkiyəyə xas olan bir hadisə deyildi, əslində o da idxal edilmiş bir düşüncə idi.
Türkiyədə gənclik, xüsusilə Qərb aləminin təsiri altında, özünəxas mövqelər formalaşdıra bilmədi. İndi də eyni xəstəliyi xortlatmağa çalışırlar.
Bu arada müzakirə edilən “Gəzi Parkı hadisələri” də, əslində, “Wall Street-i işğal et!” hərəkatının bir təqlidi idi.
Provakatorlardan, pis niyyətli hərəkatçılardan ağzı çox yanmış olan bir böyük qardaşınız (əminiz) olaraq “Gəzi Parkı hadisələri” başlayanda televiziyadan və çox az istifadə etdiyim sosial mediadan belə bir xəbərdarlıq etmişdim: ““Gəzi Parkı hadisələri” elə ilk günün sonunda bitirilməliydi. Çünki hər hansı bir etiraz ancaq dinc qaldığı təqdirdə cəmiyyətdən dəstək alır və uğurlu olur. Etiraz hərəkəti uzadıldığı təqdirdə kütlənin içinə sızan peşəkarlar hər şeyi yandırıb dağıda bilər”.
Təəssüf ki, dediyim də oldu.
Pis niyyət yenə dövrəyə girib
İndi pis niyyətli bəzi provakatorlar yenə də sosial mediada gəncliyin romantik üsyançı ruhuna xitab edən proqramlar verirlər. Fransada baş verən rəzalətdən qəhrəmanlıq haqqında yalanlar uydurmağa çalışırlar. Bu oyuna düşmək vətənə xəyanətdən başqa bir şey deyildir.
Türkiyə bu çalxantılı dünyada dik dura bilmişkən və sakit limana çəkilmə imkanını ələ keçirmişkən, çalxantıları idxal etməyə çalışmaq tam mənası ilə xainlikdir.
Xoşbəxtlikdən indiki gəncliyin bizim dövrün gənclərindən daha ağıllı çıxacağına mənim ümidim var. İslamçı gənclik mövcud problemləri onsuz da öz aralarında düzgün, çoxyönlü olaraq müzakirə edir. Atatürkçü gənclik isə öz keçmişindən daha çox dərs almışa bənzəyir.
Bu oyuna düşülməyəcəyinə inancım tam olsa da, yenə də həyat təcrübəsi olan bir böyüyünüz kimi “xəbərdarlıq edim” dedim.
Ortaq məxrəc vətənpərvərlik olsun
Türkiyənin ən böyük və təcili ehtiyacı olan şey islamçı kəsimlə atatürkçülərin ortaq məxrəcə, vətənpərvərlik əsasında bir araya gələrək, danışmalarıdır.
Nəyə görəsə böyüklər bunu etməyə çətinlik çəkirlər, bəlkə, işləri gənclik öz əlinə alsın. Şərait buna tam uyğundur, bu addımı atmağın tam zamanıdır. Türkiyənin buna ehtiyacı vardır.
Paylaş: