Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 26 noyabr 2018-ci il
ABŞ Konqresi Türkiyəyə satılacaq F-35-lərin göndərilməsi haqqındakı qərarını iki ölkə arasındakı əlaqələrin ən pis olduğu aylarda Pentaqondan tələb etdiyi “Türkiyə hesabatı”nın bu quruma təqdim edilməsindən sonraya təxirə salmışdı.
Konqresin bu tələbi Müdafiə naziri Ceyms Mattisə çatar-çatmaz, o, Türkiyə haqqında dəyərləndirmənin başlamasına göstəriş vermişdi.
Konqresin verdiyi müddət keçsə də, nəhayət, Pentaqon bu hesabatı hazırlayıb qanunverici orqana göndərdi.
Türkiyə haqqında qərar
Bu üzdən Konqres bu həftə içində F-35 proqramı ilə bağlı ABŞ-ın işə Türkiyə ilə birlikdə davam edib-etməyəcəyi haqqında öz qərarını verə bilər.
Bəzi mənbələrə görə, Konqresin ilk qərarını verdiyi gündən bu yana Türkiyə-ABŞ münasibətləri düzəlmə yoluna girsə də, arada olan bəzi qeyri-müəyyənliklər hələ də davam edir.
İkitərəfli münasibətlərin yaxşılaşdırılması üçün ABŞ administrasiyası müəyyən addımlar atsa da, Konqresin bəzi üzvlərinə bağlı olduqları mərkəzlərdən (məsələn, yevangelistlərdən) Türkiyəyə təzyiqin davam etdirilməsi tələbi gəlir. Konqresin Demokrat Partiyasından olan üzvləri isə, insan hüquqları və demokratiya prinsipləri baxımından, Türkiyəyə olan təzyiqin zəiflədilməsinə qarşı ola bilərlər.
S-400 problemi
Konqresin müdafiə sənayesi ilə bağlı olan üzvləri də “əgər Türkiyə Rusiyadan alacağı S-400 raket komplekslərini F-35-lərlə birlikdə istifadə edərsə, rus raketlərinin təyyarələrin radara görünməmə xüsusiyyətini poza biləcəyini” söyləyərək, F-35-lərin göndərilməsinə qarşı çıxa bilərlər.
Digər tərəfdən, Pentaqonun “Türkiyə hesabatı”ndan da göründüyü kimi, F-35-lərin istehsal prosesində Türkiyənin çox həyati önəm daşıyan bir ölkə olduğu və türk şirkətlərinin dövrədən çıxarıldığı halda, həm təyyarənin maya dəyərinin çox artacağı, həm də onların sifarişçilərə təslim edilməsinin, ən azı, 2 il yubanacağı söylənilir.
Buna rəğmən, Pentaqon öz hesabatında dəqiq bir mövqe bildirmir. Müdafiə naziri Mattisin könlündən bu işə Türkiyə ilə birlikdə davam edilməsi keçsə də, hesabatda bu haqda bir görüş bildirilmir. Sadəcə alınacaq mümkün qərarların hər birinin müsbət və mənfi təsirləri göstərilərək, qərar qəbulu Konqresə buraxılır.
Ona görə də bu məsələ ilə əlaqədar müsbət bir qərarın çıxması üçün hazırda Vaşinqtonda, ümumiyyətlə, uyğun bir atmosfer olsa da, Konqresin iki istiqamətə də gedə biləcəyinə diqqət çəkilir.
Bu, Türkiyə baxımından həftə ərzində Vaşinqtonda izlənməsi lazım olan önəmli bir prosesdir.
Tərcümə Strateq.az-ındır
Paylaş: