Bu gün Ədliyyə Nazirliyi strukturuna daxil olan idarələrlə Mətbuat Şurasının görüşü keçirilib. Görüşdə bir sıra media orqanlarının, eləcə də Moderator.az saytının rəhbərliyi iştirak edib.
Görüşlə bağlı saytımıza açıqlama verən tanınmış hüquqşünas Əlimməd Nuriyev keçirilən görüş, bu görüşün əhəmiyyəti haqqında danışıb:
“Bu gün çox faydalı bir görüş oldu. Bu görüş Ədliyyə Nazirliyinin strukturları ilə Mətbuat Şurası arasında keçirildi. Tədbirdə Ədliyyə Nazirliyinin bir neçə strukturu iştirak edirdi. Bunlar Probasiya İdarəsi, Qərarların İcrası Baş İdarəsi, İstintaq İdarəsi, Penitensiar Xidmətə Nəzarət üzrə Müfəttişlik, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsi idi. Sonuncu qurum həm də məlum tədbirin təşkilatçısı idi. Bu, Mətbuat Şurası ilə Ədliyyə Nazirliyi arasında keçirilən ilk görüş idi.
Ədliyyə Nazirliyi böyük fəaliyyət planı hazırlayır. KİV-in Ədliyyə Nazirliyinin nəzdindəki bütün idarələrlə görüşünü təşkil etmək, onlar arasında əlaqə yaratmaq və birbaşa informasiya alınması işinin daha effektiv təşkilinə nail olmaq bu planın əsas tərkib hissəsidir.
Ədliyyə Nazirliyinin fəaliyyəti hər zaman aşkarlıq və şəfaflıq prinsipi əsasında olub. Son illərdə bu proses daha da dərinləşməyə doğru gedib. Bütövlükdə, Ədliyyə Nazirliyi sistemində ciddi islahatlar gedir. Bu günlərdə ölkə başçsı tərəfindən Azərbaycan ədliyyəsinin inkişafı ilə bağlı 2019-2023-cü illəri əhatə edən fəaliyyət planı qəbul edildi. Bu fəaliyyət planının əsas istiqamətlərindən biri də şəfafflıq və hesabatlılığın artırılması idi. O cümlədən, vətəndaş cəmiyyəti qurumları ilə, media ilə əlaqələrin genişləndirilməsinə də ayrıca bir fəsil ayrılmışdı.
Bu görüşün məqsədi ondan ibarət idi ki, Ədliyyə Nazirliyinin geniş fəaliyyət istiqamətləri ilə bağlı media ətraflı şəkildə məlumatlansın. Həm də medianın birinci mənbədən informasiya almaq imkanları daha da genişlənsin. Çünki Ədliyyə Nazirliyinin fəaliyyəti elə prinsiplərə söykənir ki, burada dəqiq informasiya daha mühüm əhəmiyyətə malikdir. Media ilə təlimlərin, mütəmadi görüşlərin keçrilməsi nəzərdə tutulur.
Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu görüşlə bütövlükdə bir daha mediaya açıq olduğunu bəyan edir və ölkədə həyata keçirilən şəffaflıq-hesabatlılıq, islahatların dərinləşməsiə sadiqliyini ortaya qoyur.
Ədliyyə Nazirliyi islahatların hazırlanması və icrası prosesində hər zaman lokomotiv rolunu oynayıb. Çünki bütün hüquqi aktlarla bağlı Ədliyyə Nazirliyi rəy verir, bunları qeydiyyata alır. Notariat funksiyası, penitensiar xidmət, reyestr, cəzaların icrası, probasiya, məhkəmə qərarlarının icrası, nigahın bağlanması, xitam verilməsi və s. kimi genişmiqyaslı funksiyaları həyata keçirir.
Mən İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin fəaliyyətini xüsusilə qeyd etməliyəm. Çünki bu qurum media və vətəndaş cəmiyyətlərinə böyük önəm verir, qarşılıqlı əlaqələrin genişlənməsinə xüsusi maraq göstərir.
Hesab edirəm ki, bu görüşlər bütün tərəflər, eləcə də cəmiyyət üçün olduqca faydalıdır”.
Seymur ƏLİYEV
Paylaş: