Xəbər lenti

 

Sentyabrın 17-də Yerevan məhkəməsi “1 mart” işində ittiham edilən keçmiş Ermənistan Prezidenti Robert Koçaryanı həbsdə saxladı. Məhkəmə Koçaryanın vəkilinin Ermənistan Konstitusiya Məhkəməsinin sentyabrın 4-də qəbul etdiyi qərara əsasən, qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətini qəbul etmədi.

Vəkillər məhkəmədə Koçaryanın girov qarşılığında azadlığa buraxılması barədə vəsatət qaldırıblar. Məhkəmə isə bu barədə qərarını sentyabrın 20-də elan edəcəyini bildirib. Amma artıq Rusiyanın azadlığa buraxılmasına çalışdığı Koçaryanın istənilən halda həbsdə qalacağı hiss edilir. Çünki Konstitusiya Məhkəməsinin də qərarı nəzərə alınmayıb.

Media.Az məsələ ilə bağlı rusiyalı ictimai xadim, tarix elmləri üzrə elmlər namizədi və “Reqnum” agentliyinin baş redaktoru Modest Kolerovun fikrini öyrənib.

- Ermənistan hakimiyyətinin Nikol Paşinyan timsalında Moskva ilə münaqişəyə girdiyi təsəvvürü yaranır. Çünki oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri gözlənilir. Rusiya lideri Robert Koçaryanı öz dostu hesab edir. Amma Nikol Paşinyan ciddi-cəhdlə keçmiş prezidenti həbsdə saxlamağa çalışır.

- Sentyabrın 16-da Nikol Paşinyanın Konstitusiya Məhkəməsinin statusunu şübhə aldığından başlayaq. Hələ o dövrdə də məhkəmənin qərarının nəzərə alınmayacağı məlum idi. Paşinyan “ədalətə keçid” sistemi qurmağa çalışsa da, buna nail ola bilmədi.

Nəticədə, ədaləti “əl ilə idarə edilən” rejimə keçirdi. Bunu niyə etdiyi aydındır. Əgər o, dövlət çevrilişini inqilab adlandırırsa, buna uyğun olaraq da özünü inqilabçı kimi aparmalı, inqilab diktaturası qurmalıdır.

- Paşinyan niyə bu addımı Moskvanı nəzərə almadan atır?

- Paşinyanda belə bir fikir formalaşıb ki, əgər Moskva Ermənistanın Avrasiya İqtisadi Birliyində və KTMT-də təmsil olunmasında maraqlıdırsa, o zaman Moskvaya öz iradəsini qəbul etdirə bilər. Bu isə kifayət qədər yanlış fikirdir. Düşünürəm ki, vaxt keçdikcə Paşinyan Moskvanın siyasi güzəştə getmə bacarığını sınaqdan keçirəcək. Bu, Moskvanın səbri tükənənə qədər davam edəcək.

Hərbi-texniki əməkdaşlığa nəzər salaq: bu yaxınlarda Nikol Paşinyan Ermənistanın hərbi-sənaye kompleksi qarşısında nəinki silah istehsalı, eyni zamanda, xarici bazarlara çıxmaq barədə tapşırıq qoyub. Bu, gülməlidir. Ermənistan prinsip etibarilə silah istehsal edə bilməz. Bu isə o deməkdir ki, Paşinyan Rusiya ilə silahlanma bazarında rəqabət imkanından danışır.

Eynilə, Paşinyan bu yaxınlarda Rusiyanın maraqlarına zidd olaraq qlobal erməni kəşfiyyatının yaradılması barədə tapşırıq verib. Düşünmürəm ki, Paşinyan hansısa plan üzrə hərəkət edir. Bu, onun psixoloji vəziyyəti ilə bağlıdır. Paşinyan bəzi dövlətlər kimi Rusiyanın səbrini sınayır.

Düşünürəm ki, Moskvanın Ermənistan üçün səsləndirdiyi siqnal kifayət deyil. Yerevanda bunu ciddi qəbul etmirlər. Nə Bakıda, nə Moskvada, nə də Yerevanda illüziya qurmaq lazım deyil.

- Bəs bu son nəyə səbəb ola bilər?

- Rusiya və Ermənistan arasında yaranan münasibətlərin qopmasına. Təkrar edirəm, Paşinyan Rusiya ilə münasibətləri qoparacaq.

- Nikol Paşinyana Ermənistanda “isti payız sözünü veriblər”. Bu barədə müxalifət də, Paşinyanın ictimai və ekoloji təşkilatlardakı keçmiş tərəfdaşları da danışıblar və danışırlar. Bu yaxınlarda keçirilən mətbuat konfransında “İstefaya getməyə hazırsınızmı” sualına Paşinyan “Siz niyə bunu soruşursunuz?” cavabını verib.

- Düşünmürəm ki, payız ayları Ermənistanda “isti” keçəcək. Sosioloji məlumatlara görə, Paşinyanın hələ də dəstəyi var. Siyasi sinif, intellegent təbəqənin ona münasibəti dəyişib.

Amma Paşinyanın hələ də xalq tərəfindən dəstəyi var.

- Bununla belə, Rusiyanın dəstəyini itirdikdən sonra Paşinyan nəyə ümid edir? Qərbə və ABŞ-a? 21 sentyabr tarixində Paşinyan ABŞ-a səfər edəcək. Amma ABŞ prezidenti ilə görüşəcəyi barədə razılaşma hələ də yoxdur.

- Nə olsun ki? Paşinyan hələ cavandır, öyrənəcək.

- Yəni, Paşinyan Qərbə ümid edir?

- Şübhəsiz.




Ana səhifəyə qayıt        Baxış: 369          Tarix: 18-09-2019, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma