Prezident Donald Trampın Türkiyə lideri Ərdoğana göndərdiyi məktub ABŞ-ın bir dövlət kimi iç üzünü açır. Əgər indiyə qədər bu kimi məsələləri ABŞ-da dərin dövlət həll edirdisə, Tramp gəldikdən sonra dərin dövləti də kənara atıb və daha çox ABŞ biznesmenlərinin marağını güdür.
Ovqat.com xəbər verir ki, bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev ABŞ Prezidenti Donald Trampın Türkiyə lideri Ərdoğana göndərdiyi təhqiramiz məktubu haqqında danışarkən deyib.
Politoloq bildirib ki, bu məktuba başqa ad vermək olmaz. Onun fikrincə, Tramp öz tərbiyyəsinə uyğun olaraq dövlətlərarası məxfi məktubda başqa dövlətin başçısını “axmaq” adlandıracaq səviyyəyə düşməyi özünə rəva görüb: “Normalda dövlətlərarası məktublarda təhqiramiz ifadələr işlənmir. Bu qeyri diplomatik məktubdur. Adama qəribə gələn odur ki, Tramp bəyan edir ki, Türkiyənin apardığı əməliyyata mən yaşıl işıq yandırmamışam. Axı sən kimsən? ABŞ sanki dünyanın sahibi olduğunu gündəmə gətirir. Amma ABŞ-a belə bir hüququ heç kim verməyib. Əslində bu məktub Trampın peşəkar siyasətdən uzaq bir şəxs olduğuna dəlalət edir”.
C.Nuriyev əlavə edib ki, bütün hallarda Tramp öz ampulasındadır: “Burada siyasətdən kənar biznesmen kimi çıxış edir. Məktubda, istər Türkiyə ilə bağlı mövqeyində, istərsə fəaliyyətində peşəkar siyasətçi kimi davranmır. Açıq şəkildə deyir ki, indiyə qədər PKK-nı biz silahla təmin etmişik. Terrora dəstək verən dövlətin adının necə olduğunu hamı bilməlidir. Hesab edirəm ki, Türkiyə bundan yararlanmalıdır. Düzdür, hazırda türk hökuməti sərt mövqeyini ortaya qoyur. Adam diplomatik etket gözləmədən 80 milyonluq dövləti təhdid edir. Hələ ABŞ Maliyyə Nazirliyi də Türkiyənin 3 nazirinə sanksiyalar tətbiq edir. Necə olar ki, ABŞ-ın uzaq Asiyada milli təhlükəsizlik marağı olur, amma Türkiyənin öz qonşuluğunda olan terrorçu PKK ilə bağlı marağı olmur? Hələ indi də ABŞ deyir ki, PKK ilə İŞİD-in fərqi yoxdur. Əgər fərqi yoxdursa o mövqe nədir, bu mövqe nədir? Tramp gündə tviterdən bir mövqe bildirir. Belə dövlət başçısımı olar? Çox biabırçı bir vəziyyət yaranıb”.
Paylaş: