Xəbər lenti

 

"Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir". 

 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.

 

"Bu yaxınlarda biz 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına sədrlik etməyə başladıq. Mən sizə deyim və Bakıda keçirilmiş Zirvə Görüşü onu bir daha göstərdi, bu ölkələr arasında ixtilaflar kifayət qədər çoxşaxəlidir. Elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir. Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri – 119-u bizə səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qalmadı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb. 2003-cü ili xatırlayaq. Prezident seçkilərindən sonra Azərbaycanda çevriliş cəhdi. Heç kimə sirr deyil ki, mən prezident seçkilərində təmiz qələbə qazanmışdım. Çünki insanlar Heydər Əliyev siyasətinə səs vermişdilər. İğtişaş törədildi. 2005-ci il. Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir. Çünki oralara bu zəhərli inqilab toxumu səpilmişdi. Necə ki, bu zəhərli alaq otu kimi Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətdə bir il qaldı. O qədər zəhərlədilər ki, bu günə qədər də o zəhərin təsiri bəzi yerlərdə qalır. Ona görə növbəti məntəqə biz olmalı idik və narıncı maykaları da gətizdirmişdilər, sadəcə olaraq, özünü müxalifət adlandıran ünsürlər bir daha öz kütlüyünü göstərmişlər. Fikirləşmədilər ki, noyabr ayında parlament seçkiləri keçirilməli idi, noyabr ayı soyuq keçir. Ona görə o maykaları bilmirlər necə geyinsinlər, bəziləri pencəyin üstündən maykalar geymişdilər. Yəni, çox gülməli bir mənzərə idi. O da alınmadı. Nəyə görə?! Xalq istəmədi! Xalq dedi ki, yox, bəsdir, görmüşük sizi, necə ki, hakimiyyət uğrunda mübarizə naminə talamısınız, döymüsünüz, söymüsünüz, öldürmüsünüz, Gəncəni bombalamısınız, vətəndaş müharibəsini başlamısınız, Qarabağı satmısınız, Şuşanı satmısınız, Laçını satmısınız. Sonra da fərari kimi qaçmısınız, prezident Kələkiyə, dövlət katibi Kələkiyə, o birilər isə vəzifələrini dondurdular. Belə də hakimiyyət olar? Belə də qorxaq adamlar olar? Heç adi adam hansı ki, özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun. Amma bunların belə utanan üzü yoxdur. Bu yaxınlarda yenə də o mənzərəni hamımız görmüşük, biabırçılıqdır, xəstədilər, dəlidirlər, nədirlər, vallah deməyə söz tapmıram. Ona görə bu gün müxalifət düşərgəsində boşluq yaranıbdır və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar. Sağlam müxalifət yaradılmalıdır. Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinərik əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür. Bizim xarici siyasətlə bağlı uğurlarımız təkcə bu sədrliklə məhdudlaşmır. Halbuki bu, çox önəmli məsələdir. Oktyabr-noyabr aylarında - cəmi iki ay ərzində görün nə qədər böyük hadisələr baş verdi. Prezident Putinin dəvəti ilə mən “Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni, biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü. Ondan sonra MDB Zirvə Görüşündə, - o, “Valday”dan bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı “СМЕРШ” idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı “Смерть Шпионам”, “СмерШ”, yəni, “Casuslara ölüm”. Yəni, casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi. İndi, görün, Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni, bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir. Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni, onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında. Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar? Biz dəfələrlə İslam həmrəyliyi ilə bağlı tədbirlər keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir. O cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!", - deyə dövlət başçısı qeyd edib. 

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsınla faşisti eyniləşdirdi: "Ona görə bizim bu istiqamətdə siyasətimiz davam etdiriləcək. Amma məsələ bununla bitmir. Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsınla faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir nəticə çıxaraydı. Çünki həm mətbuatda, özü də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu, nə deyir, nə danışır, bu, nədir? Ondan sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?! Mən, eyni zamanda, bu misalları ona görə gətirirəm ki, gənclər yaxşı oxusunlar, gələcəkdə belə gülünc vəziyyətə düşməsinlər, tarixi yaxşı bilsinlər. Amma bunu deyən bu gün o ölkənin rəhbəridir. Yəni, onlardan nə gözləmək olar? Bu sual ritorik sualdır".

 

"Elə bu iki ay ərzində bizim xarici siyasətlə bağlı digər önəmli hadisələr də baş vermişdir. Biz oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərimizə götürdük və Zirvə Görüşünü Bakıda keçirdik. Qoşulmama Hərəkatının sədrliyini öz üzərimizə götürmüşük. Üç il ərzində biz bu təşkilata sədrlik edəcəyik. Bu, BMT-dən sonra dünyada ikinci təşkilatdır və əslində, birinci təşkilatdır. Çünki BMT indi elə vəziyyətdədir ki, onu islah etmək istəyənlərin sayı gündən-günə artır, bu, bir. İkincisi, BMT-nin rəhbəri yoxdur. Heç bir ölkə BMT-yə rəhbərlik etmir. Təhlükəsizlik Şurasına da sıra ilə rəhbərlik olunur. Biz də, o cümlədən rəhbərlik etmişik. Bu rəhbərlik müddətlidir. Biz isə dünyanın BMT-dən sonra ən böyük təşkilatının sədriyik və indi bizim sözümüz keçəcəkdir. Gündəliyi biz formalaşdırırıq, məsələləri biz müzakirəyə çıxaracağıq. Əlbəttə ki, öz məsələmizi və əzilmiş, ədalətsizliyə düçar olmuş ölkələrin məsələlərini qaldıracağıq, onları müdafiə edəcəyik. Noyabr ayında Bakıda Dünya dini liderlərinin II Zirvə Görüşü keçirilmişdir, 70 ölkənin dini liderləri Bakıya gəlmişlər. Dünyada buna bənzər ikinci yığıncaq yoxdur. Mən iclaslarda bir-birinin yanında oturanlara fikir verirdim, əgər onlar başqa yerdə görüşsəydilər, bəlkə başqa cür danışardılar. Amma oturublar, bir-birini dinləyirlər, bir-birinə salam verirlər. Biz bunu istəyirik. Çünki dünya başqa istiqamətdə gedir. Deyirlər ki, multikulturalizm ölübdür, yoxdur. Müsəlman miqrantlarını qəfəsdə saxlayırlar, “Stop İslam” deyirlər demokratiya beşikləri. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik, - mən Avropa ölkələrini nəzərdə tuturam, - ancaq müsəlman miqrantları yox. Deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Amma biz göstəririk ki, yox, elə deyil. Bu, siyasi iradədən, baxışlardan asılıdır, sən nə istəyirsən, hansı siyasət yürüdürsən. Bax, biz bu siyasəti yürüdürük. Bu siyasət yeganə düzgün siyasətdir. Əks təqdirdə, gələcək müharibələr, o cümlədən ola bilsin, dini müharibələr qaçılmazdır. Ona görə, bax, dini liderlərin Zirvə Görüşünün keçirilməsi belə səviyyədə və belə təmsilçiliklə bir daha bizim hörmətimizi, rolumuzu göstərir. Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik", - deyə dövlət başçısı əlavə edib. (Report)




Ana səhifəyə qayıt        Baxış: 289          Tarix: 26-11-2019, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma