Xəbər lenti

 

Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvaya səfəri Rusiya-Azərbaycan münasibətlərində yeni səhifə açmaqla yanaşı yeni çalar da gətirir. Təcrübə göstərir ki, ölkələr arasında münasibətlərin inkişafında təkcə siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olması kifayət eləmir. Bəzən ya xarici müdaxilələr, bir çox hallarda müəyyən provokasiyalar xatirinə bu münasibətləri pozmaq mümkündür. Bu əlaqələrin daha dayanıqlı, etibarlı olması üçün münasibətlər humanitar, etimad yaradan dəyərlərlə müşayiət olunmalıdır ki, məhz Mehriban xanımın səfərində bu çalar tamamlandı.

Bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri tarixdə heç zaman olmadığı qədər yüksək səviyyədədir:

“İndiyədək görülən işlər, qarşılıqlı əlaqə və bağların kifayət qədər inkişaf etdirilməsi çox mühüm səylərin nəticəsində mümkün olub. Mehriban xanımın Rusiyada çox böyük nüfuzu var. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən daha əvvəllər də həyata keçirilən layihələrlə Rusiya ictimaiyyəti və siyasi dairələrində Mehriban xanıma rəğbət yaranmışdı. Təcrübə göstərir ki, dövlətlərarası münasibətlər o zaman əsl dost və dayanıqlı olur ki, üç sütun üzərində qurulsun, bunlar - iqtisadi, siyasi və humanitar sütunlardır. Mehriban xanım Əliyeva hər üç sütunu özündə birləşdirə biləcək siyasi xadimdir. Bunu sadə ruslar da, Rusiya hakimiyyəti də, yüksək siyasi liderlər də qəbul edir. Azərbaycanda hər kəs bu potensialı bilir. Bu cəhətdən bu səfər hər üç komponenti özündə birləşdirməklə Azərbaycan-Rusiya münasibətlərini gələcəkdə daha çox qırılmaz, dönməz, hər iki xalqın mənafeyinə xidmət edə biləcək sağlam münasibət həddinə gətirib çıxarır. Dəyişkən dünyada bu cür münasibət qurmaq hər bir dövlət liderinə nəsib olmur, bu əslində əldə etdiyimiz çox böyük uğurdur”.

Deputat keçirilən görüşlərdə mövcud rəqəmlərin potensialı əks etdirmədiyinin hər iki tərəfdən vurğulandığına diqqət çəkib:

“Mövcud rəqəmlərin potensiala uyğunlaşdırılması üçün yeni səylərə ehtiyac var ki, məhz Mehriban Əliyevanın səfərində bu səyləri gördük. Bir tərəfdən yüksək siyasi görüşlər, keçirilən forumda sahibkarlar arasında bağlanan çoxsaylı müqavilələr, bütövlükdə sənayenin inkişafı ilə əlaqədar yeni istiqamətlərin müəyyən olunması onu deməyə əsas verir ki, Rusiya-Azərbaycan iqtisadi münasibətləri bundan sonra daha da böyüyəcək. Bu, sadəcə iki ölkənin iqtisadi münasibətlərini deyil, regional bir iqtisadi inkişaf istiqamətini müəyyən edən mühüm platformadır ki, onun da inkişafı üçün Mehriban Əliyevanın səfəri yeni səhifə və istiqaməti müəyyən edəcək”. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 334          Tarix: 27-11-2019, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma