“Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı torpaqlarımıza tez-tez gəlir, hətta bu səfərlərində ölkəsinin keçmiş rəhbərləri Robert Koçaryanı və Serj Sərkisyanı da üstələyir. Sonuncu ikisi qarabağlı olsalar da, heç bu qədər Dağlıq Qarabağa gəlmirdilər”.
Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
“Paşinyan bu gəlişlərlə göstərmək istəyir ki, guya, Dağlıq Qarabağ separatçılarının mövqeyini nəzərə alır. Əslində isə Qarabağ klanından çəkindiyinə görə tez-tez separatçıların ayağına gedir. Onlara bəhanə vermək istəmir. Paşinyan budəfəki gəlişində Dağlıq Qarabağda “prezidentliyə namizədlər”lə də görüşüb. Bunun da məqsədi aydındır. Paşinyan Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün “namizədlər”ə mesajlarını şəxsən çatdırır”.
Elxan Şahinoğlu qeyd edib ki, maraqlısı odur ki, Paşinyanın Dağlıq Qarabağa gəlişi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişi ilə faktiki üst-üstə düşdü.
“Lavrov İrəvandakı açıqlamasında Dağlıq Qarabağın da maraqlarının nəzərə alınması vacibliyini bildirib və bununla İrəvanın və separatçıların istəyini səsləndirmişdi. Paşinyan Xankəndidə ikən Lavrovun siyasətinə uyğun hərəkət etdiyini biruzə verir. O ki qaldı, Lavrovun Bakıdakı görüşlərinə və verəcəyi açıqlamalarına, çox güman ki, Rusiyanın xarici işlər naziri İrəvanda dediyini bir az korrektə etmək məcburiyyətində qalacaq ki, Azərbaycanla körpüləri tamamən yandırmasın. Digər tərəfdən, Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq, Rusiya və Azərbaycan XİN-lərinin 2020-ci il üçün əməkdaşlıq konturları müəyyələşdiriəcək”.
Paylaş: