Xəbər lenti

Bir neçə gün əvvəl Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir mübadiləsi aparılıb.
O cümlədən, elə həmin gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. 

Beynəlxalq aləmdə Qarabağ münaqişəsi ilə bağlı aktivliyin artması fonunda cəbhə xəttində də gərginlik artır. Ermənistan tərəfinin təxribatı nəticəsində bir əsgərimiz şəhid oldu.

Maraqlıdır ki, hər il danışıqların aktivləşdiyi dövrdə cəbhədə bu cür gərginliklər baş verir. Bunun səbəbləri haqqında Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, illərdir danışıqlar aparılır, amma münaqişənin həllində heç bir irəliləyiş yoxdur:

“Mən proqnozlaşdırırdım ki, Münhendə Azərbaycan prezidenti və Ermənistan baş nazirinin debatından sonra vəziyyət gərginləşə bilər. Çünki prezidentin Azərbaycanın üstün olduğu məqamları, bütün tarixi faktları məntiqlə izah etdi. Bundan sonra ermənilərin təxribata əl atacağını gözləyirdim. Və bu baş verdi. Amma yenə deyirəm, danışıqlarda heç bir irəliləyiş yoxdur”.

Elxan Şahinoğlu cəbhə xəttindəki vəziyyəti münaqişə yaşanan Ukrayna ilə müqayisə edib. O xatırladıb ki, hazırda Ukraynada da atəşkəs ciddi şəkildə pozulub:

“Bunu ona görə deyirəm ki, separatçıları bir əl idarə edir. İstədiyi məqam da separatçıları hərəkətə gətirir, istədiyi məqamda sakitləşdirir. Ukraynada da eyni hadisə baş verir. Burada da həmin separatçıları idarə edən qüvvələr lazım olanda separatçıları hərəkətə gətirirlər. Onlar özbaşına deyillər.

Bizim bu halda cavabımız sərt olmalıdır. Mən hesab edirəm ki, danışıqlara bir müddət ara verib, Ermənistana ultimatum ünvanlamaq lazımdır. 3-6 ay vaxt vermək olar ki, bu müddətdə ermənilər addım atmasalar, mərhələli həll planını qəbul etməsələr, biz öz qərarımızı verək. Bunu bütün beynəlxalq aləmə bəyan etməliyik. Yoxsa, danışıqları hələ bir 25 il də davam etdirsək, heç bir nəticə əldə etməyəcəyik”.

 




Ana səhifəyə qayıt        Baxış: 510          Tarix: 18-02-2020, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma