Xəbər lenti

“Dağlıq Qarabağ münaqişəsi tarixən, XIX əsrdə Çar Rusiyasının bölgədə apardığı məskunlaşma siyasəti ilə əlaqəlidir və Sovet İttifaqının dağılması prosesi ilə ortaya çıxıb”.

Musavat.com-un məlumatına görə, bunu rusdilli Vesti informasiya agentliyinə açıqlamasında türkiyəli tarixçi-alim, Moskva Dövlət Universitetinin aspirantı Burak Kolot deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sərhəddə gərginlik ocaqları yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ məsələsindən yayındırmağa çalışır. 
“Qarabağ münaqişəsini müxtəlif cəhətlərdən öyrənərkən görürük ki, özünün Ermənistan beynəlxalq hüquqa zidd hərəkətləri ilə diqqəti problemin siyasi həllinə yönəlik addımlardan yayındırmağa səy edir. Əslində Tovuzdakı insidentə məhz bu səbəbdən Ermənistanın təxribatı kimi baxmalıyıq, çünki sözügedən bölgənin Dağlıq Qarabağda davam edən münaqişə ilə heç bir coğrafi əlaqəsi yoxdur”, - deyə o qeyd edib.

Sərhəddəki toqquşmadan sonrakı vəziyyətlə bağlı regional oyunçuların mövqeyindən danışan Bürak Kolot deyir ki, nə Rusiya, nə də beynəlxalq strukturlar müharibədə maraqlı deyil: “Üstəlik, regional şərait müharibə üçün əlverişsizdir. Ermənistan-Azərbaycan problemini həllinə cavabdeh olan ATƏT-in Minsk Qrupu son insidentlə bağlı atəşkəsin pozulmasını pisləyib, Moskvanın özü isə təcili vasitəçilik təklif edib. Öz növbəsində ABŞ müxtəlif daxili və xarici maraqlar səbəbindən Ukrayna və Gürcüstanda olduğu kimi, Ermənistan-Azərbaycan düşmənçiliyində tərəfi tutub ruslarla qarşıdurmaya girmək istəməz. Bu iki böyük gücdən başqa, Türkiyə münaqişə tərəflərindən birinə yaxın olan yeganə oyunçudur”.
Münaqişənin tarixi mənşəyindən söz açan tarixçi bunun Sovet İttifaqının dağılması prosesi ilə əlaqəli problemlər üzündən yarandığını diqqətə çatdırıb. Bildirib ki, ümumiyyətlə, münaqişə Çar Rusiyasının Cənubi Qafqaz bölgəsində hələ XIX əsrdə yürütdüyü köçürmə siyasəti ilə birbaşa bağlıdır. 
“Rusiya Qarabağda yeni idarə olunan demoqrafik nizam yaratmağı planlaşdırırdı və bu işdə uğur qazana bildi. Belə ki, XIX əsrin sonunadək biz Qarabağda erməni əhalisinin sayının 35% -dən 50% -ə qədər artmasını müşahidə edirik. Rusiyanın 20-ci əsrdə də intensiv şəkildə davam edən köçürmə siyasəti sayəsində ermənilər Dağlıq Qarabağın ümumi əhalisinin yarıdan çoxunu təşkil etdilər. Bununla da Ermənistan əraziyə iddia etməyə və bölgədə yaşayan ermənilərin köməyi ilə 1992-ci ildə işğala başladı. Beynəlxalq hüquqa zidd olan bu işğal Azərbaycanın ərazi bütövlüyünü pozaraq iki il davam etdi və 1994-cü ildə atəşkəs sazişi imzalandı. Ermənistanın bu müddətdə apardığı etnik təmizləmə və qətliam siyasəti nəticəsində 1 milyondan çox Azərbaycan türkü bölgədən köçməyə məcbur edildi, minlərlə insan öldü. Hazırda işğalı davam edən bu bölgə Azərbaycan torpaqlarının 1/5 hissəsinə bərabərdir və zəngin faydalı qazıntı yataqlarına, geniş kənd təsərrüfatı və meşə sahələrinə malikdir. Bütün bunlarla yanaşı, ərazi “Böyük Ermənistan” xülyası üçün strateji mövqeyə malikdir”, - deyə tarixçi-alim ardınca vurğulayıb.
Onun sözlərinə görə, Qarabağ məsələsində Minsk Qrupundan asılı olmayaraq, istər müharibədən sonrakı dönəmdə, istərsə də müharibə dövründə özünü unutmağa qoymayan mühüm bir faktor mövcuddur: “Bu da Rusiyanın regiondakı çəkisidir. Rusiya Ermənistana həm nəzarət edilməli məkan kimi baxır, həm də onu özünün Qafqaz strategiyası və geostrateji təhlükəsizlik paradiqması çərçivəsində saxlayır. Eyni şəkildə ruslar Azərbaycanı Qərbin Qafqazın təhlükəsizliyi nöqteyi-nəzərindən itirə bilmədiyi strateji tərəfdaş kimi qəbul edirlər”.
Rusiyanın hazırkı mövqeyinə toxunan tarixçi hesab edir ki, Moskva gərginliyin artmasına imkan verə bilər, lakin müharibəyə imkan verməyəcək. “Bundan başqa, Moskva hər iki tərəfə silah satmaq naminə də buna getməz. Müharibə olacağı təqdirdə NATO Gürcüstan və Ukraynada olduğu kimi, Cənubi Qafqaza yeni giriş kanalları əldə edəcək. Türkiyə isə Liviyada olduğu kimi, bahalı müharibələri özü üçün əlverişli fürsətlərə çevirə biləcəyini göstərdi. Ruslar bunu indi çox yaxşı görürlər”, - deyə o sonda əlavə edib.
Siyasət şöbəsi,
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 247          Tarix: 3-08-2020, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma