Xəbər lenti


FarodiRoma, İtaliya
23.11.2020
Müəllif: Cordano Merlikko
Ermənistanın baş naziri Nikol Paşinyan guya Dağlıq Qarabağ probleminin dini və mədəni amillərə əsaslanan münaqişə olduğu fikrini yaratmağa çalışır. O, açıq-aşkar deyir ki, guya bu münaqişədə xristianlıqla islam arasında savaş gedir.

Ermənilər bu fikrin Avropa mətbuatında da mümkün qədər çox yayılması üçün əllərindən gələni edirlər. Bəziləri hətta deyirdilər ki, türklərin qarşısı alınmazsa, onlar tezliklə Vyanaya çatacaqlar. Burada sanki 17-ci əsrə aid Vyana döyüşünü yada salaraq, Avropa ölkələri həmrəyliyə səslənirdi. Əslində isə Ermənistan rəhbərliyi bütün bu vasitələrlə öz məğlubiyyətini ört-basdır etməyə çalışır.

Ümumiyyətlə, ölkədə köklü dəyişikliklər, əhalinin həyat şəraitinin yaxşılaşdırılacağı vədlərilə hakimiyyətə gəlmiş Paşinyan nəinki sözünü tuta bilməyib, hətta Ermənistanı indiyədək görünməmiş təcrid vəziyyətinə salıb. “Russia Today” telekanalının direktoru Marqarita Simonyandan tutmuş, məşhur rejissor Karen Şahnazarova qədər bir çox erməni mənşəli Rusiya vətəndaşının Paşinyanı son dərəcə sərt formada tənqid etmələri də buradan qaynaqlanır.

Amma Paşinyanın dediklərinə Avropa da laqeydlik göstərir. Bu da əsassız deyil. Bakı müharibənin dinlə heç bir bağlılığının olmadığını göstərmək üçün öz üzərinə düşəni edir. Azərbaycan tərəfi yenidən nəzarətə götürdüyü ərazilərdəki xristian mədəni irsinin qorunacağını birmənalı şəkildə bəyan edib. Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatında deyilir ki, “çoxmədəniyyətli və çoxmillətli ölkə olan Azərbaycan… mədəni irsin qorunmasına və bərpasına lazımi diqqəti göstərəcək. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz və fəal üzvüdür. Bu icmaya məxsus abidələr, ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən qorunur və mütəmadi şəkildə bərpa edilir. Təsadüfi deyil ki, Roma Papası Fransisk Bakıya 2016-cı ilin oktyabrında etdiyi səfər zamanı Azərbaycanı dini toleranlıq baxımından dünyaya örnək ölkə kimi qiymətləndirib”.
Son 20 ildə Azərbaycan dövləti Jen Mironosets Baş Kafedral Kilsəsindən tutmuş, Bakının mərkəzində yerləşən erməni kilsəsinədək bir çox dini məbədi təmir və bərpa edb. Bununla yanaşı, Bakıda Pravoslav Dini-Mədəniyyət Mərkəzi, “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsi kimi bəzi ibadət yerləri sıfırdan yaradılıb.

Amma məsələ bununla da bitmir. Azərbaycan öz hüdudlarından kənarda da xristian irsinin qorunmasına ciddi töhfələr verir. Rusiyada xristianlığın qəbul edilməsinin növbəti ildönümü münasibətilə Həştərxandakı Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda müqəddəs knyaz Vladimirin abidəsi Azərbaycan tərəfindən ucaldılıb. Bakı Fransada X-XII əsrlərə aid yeddi kilsənin bərpasına da maliyyə dəstəyi göstərib.
Bakının bu fəaliyyəti İtaliyadan, katolizmin paytaxtından da yan keçməyib. Roma katakombaları Heydər Əliyev Fondunun maliyyə dəstəyi hesabına bərpa edilib. Varikanda yerləşən Müqəddəs Marçellinio və Pietro katakombaları məhz Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış ikitərəfli saziş əsasından bərpa olunub.

Bütün bunların fonunda Azərbaycan hökuməti bəyan edir ki, tarixi və mədəni irsin qorunması ilə bağlı işlər bu yaxınlarda Rusiyanın vasitəçiliyilə imzalanmış sülh müqaviləsindən sonra onun yurisdiksiyası altına qayıdacaq Dağlıq Qarabağ ərazilərində də davam etdiriləcək.

(İtalyan dilindən tərcümə – WorldMedia.Az)
Mənbə: FarodiRoma



Ana səhifəyə qayıt        Baxış: 2 914          Tarix: 23-11-2020, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma