Xəbər lenti

Xəbər verildiyi kimi, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Nəticədə 6 erməni hərbçisi tərksilah edilərək saxlanılıb.

Erməni hərbçilərin ərazimizdə təxribat törədərkən saxlanması və zərərsizləşdirməsi, Azərbaycan Ordusunun əsgərlərinin Kəlbəcərdə minaya düşməsi və s. olaylar rəsmi Bakının anti-terror əməliyyatı keçirməsində mövqeyini gücləndirir. Ermənistanın son davranışları Azərbaycan tərəfi antiterror əməliyyatları keçirməyə vadar edə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, 10 noyabrdan sonra Azərbaycan Qarabağda 2 antiterror əməliyatı həyata keçirib: “Məntiqlə əslində gərək ermənilər kənara çəkilsinlər, gözləmə mövqeyinə keçsinlər. Amma görürük ki, məntiqdən kənar, bu qədər hərbi texnika itirmələrinə rəğmən, bunca canlı qüvvə itkisinə rəğmən, görürük ki, təxribatlarla məşğuldurlar. Bu, əslində özlərinin vəziyətini gərginləşdirir. Ona görə istisna deyil ki, sərhəddə müəyyən toqquşma olsun. Bu dəfə amma fərqli toqquşma olacaq. Əgər Qarabağ savaşı Azərbaycanın daxilində gedirdisə, biz sərhədlərimizi qorumağa çalışırdıqsa, indi çöldən qorunmağa çalışacağıq. Bu geniş miqyaslı Azərbaycan Ermənistan müharibəsinə də çevrilə bilər. Sərhədlər mütləq mənada müəyyənləşməlidir. Ermənilər çox pis alışmışdılar, 30 illik işğal nəticəsində sərhəd yox idi və elə düşünürdülər ki, bu əbədiyyətə qədər sürəcək. Amma Azərbaycan olaraq biz Qarabağda hədəflərimizə çatdıq və normal ölkələr kimi sərhədlərimizi müəyyənləşdiririk, texniki məsələləri həll edirik. Ermənilərsə, prosesi pozub üçüncu dövlətləri prosesə qatmaq istəyirlər. Son təxribatlar da əslində üçüncü dövlətləri prosesə qatmaq məqsədi daşıyır”.
Ekspert deyir ki, ermənilər Rusiyanın prosesdə birbaşa iştirakı üçün əllərindən gələni ediblər və edirlər: “Rusiya gəlsin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) üzvləri gəlsin, Fransa gəlsin, Amerika gəlsin. Rusiyadan, KTMT-dən narazıdırlar, çünki görürlər ki, istədikləri müdaxilə yoxdur. İndi yapışıblar Fransa ilə Amerikanın ətəyindən. Amma Fransa və Amerika onsuz da bura qoşun göndərən deyil. Uzaqbaşı Azərbaycan əleyhinə hansısa açıqlamalar verə bilər. Amma gəlib bizə mane olan deyillər. Tam əksinə, Amerika bir tərəfdən Ermənistanı bir yolda dəstək verirsə, ikinci tərəfdən Azərbaycana məktublar yazırlar ki, Azərbaycanla əməkdaşlıqda maraqlıdılar. Amma vəziyyət həqiqətən də gərgindir. Mayın 27-də bir hərbi texnikamız minada partlayıb. Həlak olan hərbçimiz də var. Bu belə davam etdikcə, sərhəddə toqquşma riski də getdikcə artacaq”.
Politoloq hesab edir ki, Azərbaycan indiki zaman kəsiyində hələlik təkbaşına hərəkət etməlidir: “Əgər Ermənistanla vəziyyət gərginləşərsə, biz təkbaşına hərəkət etməliyik. Rusiya birbaşa Ermənistana dəstək verərsə və Azərbaycan əleyhinə hər hansı addım atsa, bu halda mütləq mənada Türkiyə də Azərbaycan tərəfinə real dəstək verəcək, prosesdə iştirak edəcək”.

E.Şahinoğluna görə, Ermənistandan Naxçıvana hücumlara da adekvat reaksiya verilir: “Naxçıvan Azərbaycanın bir hissəsidir. Ermənistan Kəlbəcər, Qarabağ istiqamətində sərhəddə problemlər yaradarsa və müdaxilələr olarsa, bizim də tam haqqımız çatar ki, Naxçıvan istiqamətindən onlara real cavablar verək. Onların qüvvələrini yayındırmaq baxımından bu, bizim maraqlara cavab verə bilər. Bu gün də gələn xəbərə görə, Naxçıvanda olan bizim mövqeləri atəşə tutublar. Təzyiqi özləri qəsdən artırırlar. Təzyiqi artırırlarsa, bizim də boynumuza düşən təxribatlara cavab verməkdir. 44 günlük savaşı apardığımız kimi, eləcə də bu təxribatlara biz gərək anındaca cavab verək”.

/Azpolitika.info


Ana səhifəyə qayıt        Baxış: 3 232          Tarix: 28-05-2021, 19:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma