Xəbər lenti


Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın iyunun 2-də Fransaya səfəri İrəvanın sərhəd məsələsində Parisdən növbəti dəfə dəstək almaq məqsədi daşıyırdı. Fransa Prezidenti Emmanuel Makron Paşinyanla görüşdə dedi ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər.

Makron bu açıqlamanı ikinci dəfədir səsləndirir. Fransa Prezidentinin məsələnin mahiyyətini bilmədən yalnız ermənilərin mövqeyini səsləndirməsi bu ölkənin vasitəçi statusuna kölgə salır. Makron Prezident olduğu müddətdə Fransa-Azərbaycan münasibətlərini əvvəlki axarına qaytarmaq çətin olacaq. Bunun üçün Makron Azərbaycana münasibətini dəyişdirməlidir. Ancaq Makron müharibə və ondan sonrakı dövrdə olduğu kimi qatı ermənipərəst siyasətini davam etdirir. 

Nikol Paşinyanın Makronla görüşdə səsləndirdiyi digər cümlə diqqəti çəkdi. Paşinyan Ermənistanda keçirilən son sorğuya istinad edərək dedi ki, ermənilərin Fransaya rəğbəti daha da artıb. Bu açıqlama Kremldə xoş qarşılanmayacaq. Çünki həmin sorğunun nəticəsinə görə ermənilərin Fransaya artan rəğbəti Rusiyaya azalan rəğbəti müqabilində baş verib. Ermənilər düşünürdülər ki, Rusiya gəlib onların əvəzinə Azərbaycanla savaşmalıdır və ya sərhəddə Azərbaycan hərbçilərini durdurmalıdır.

Bu baş vermədikdə ermənilərin Rusiyaya rəğbəti azalmağa başlayıb. Nikol Paşinyan Fransaya səfər etməklə parlament seçkisi öncəsi daha çox səs qazanacağına ümid edir. Paşinyan bir tərəfdən göstərir ki, o, ermənilərin daha çox rəğbət etdiyi Fransaya səfər edib, digər tərəfdən Fransa Prezidenti yenə Ermənistanı dəstəkləyib. Buna baxmayaraq, Fransanın Azərbaycanla Ermənistan sərhəddinin müəyyənləşdirməsinə təsir etmək imkanı yoxdur. Azərbaycan Fransanı artıq vasitəçi dövlət kimi qəbul etmir. Fransanın Azərbaycana təzyiq etmək alətləri də yoxdur. Əksinə, Emmanuel Makron hər dəfə İrəvanı dəstəkləməklə Fransa-Azərbaycan münasibətlərinə zərbə vurur.

Bu arada, yəni iyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələr keçirməsi diqqəti çəkdi. Tərəflər Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı rayonlarında deeskalasiyanı müzakirə etdilər. İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olundu.

Rəsmi Bakı Moskvanın vasitəçiliyini qəbul edir. Ancaq Azərbaycan sərhəd məsələsini birbaşa Ermənistanla həll etməlidir. İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycanla sərhəddə yerləşsinlər. Digər tərəfdən İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycan sərhədçilərini yerləşdikləri məntəqələrdən çıxarsınlar. Bu mümkün deyil. Rəsmi Bakı Rusiya hərbçilərinin Ermənistan tərəfdə sərhəddə yerləşdirilməsinin əleyhinə deyil, bu Rusiya ilə Ermənistanın daxili işidir. Ancaq bu Azərbaycan hərbçilərinin Ermənistanla sərhədi tam nəzarətə götürməsindən sonra mümkündür. 

Moskva bu məsələdə ehtiyatlıdır. Kreml Azərbaycanla Ermənistan arasında moderator olduğundan Azərbaycana təzyiq etmək istəmir. Digər tərəfdən Türkiyə amili də var. Moskva sərhəd məsələsində Azərbaycana təzyiq etmək istəsə Türkiyə sərhəd məsələsində Azərbaycana real dəstək verəcək, türkiyəli hərbçilərin Qarabağda yerləşməsi prosesi sürətlənəcək. 

“Atlas” Araşdırmalar Mərkəzi



Ana səhifəyə qayıt        Baxış: 3 431          Tarix: 3-06-2021, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma