Xəbər lenti


NEWS.ru, Rusiya
17.06.2021


Müəllif: Mixail Şipanov
Yəqin ki, bir çox müşahidəçi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu bəyanatı gözlənilməz olub: Biz istəyirik ki, bölgə rahatlıq və sülh içərisində yaşanan bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla (prezident İlham Əliyev ilə - red.) birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin də bu cür fədakarlığa hazırdır.

Əlbəttə, ilk baxışdan paradoksal görünür. Türkiyə Azərbaycanla müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalayır və bu, Cənubi Qafqazda yeni status-kvonun yarandığını göstərir. Rusiya isə Ermənistanın tarixi müttəfiqidir, lakin onu Azərbaycanla da çoxsaylı əməkdaşlıq bağları və birgə layihələr bağlayır. Bir yandan isə Rusiyanın bölgəyə təsirinin məhdudlaşacağı, onun burada tədricən sıxışdırılacağı barədə proqnozlar daha ucadan səslənməyə başlayır. Bəs bu dolaşıq şayiələrdən, informasiya sızıntılarından, aşkar dezinformasiyalardan necə baş açaq?
Birinci ondan başlayaq ki, bu bölgənin daim gərginliyin artdığı, perspektivlərinin qeyri-müəyyən olduğu, vəziyyətin daim silahlı münaqişə həddində qaldığı qarışıq məkana çevrilməsini heç kim istəmir. Müxtəlif rəng və konfessiyalara aid, gələcəkdə bandalarda birləşə biləcək və reallıqda heç kimə tabe olmayacaq beynəlxalq terrorçuların özlərini rahat hiss edə biləcəyi boz geosiyasi zona heç kimə lazım deyil. Nə Moskvaya, nə Ankaraya, nə də Bakıya.

Bu səbəbdən Türkiyə ilə Azərbaycanın bölgədə Rusiya sülhməramlı kontingentinin mövcudluğunu dəstəkləməsində qəribə heç nə yoxdur. Yeri gəlmişkən, bu kontingent Türkiyə-Azərbaycan zirvəsinin keçirildiyi Şuşa şəhərinin cəmi bir neçə kilometrliyində yerləşir. Üstəlik, həmin kontingentin rəhbərliyi bu günlərdə ermənilərin əlində olan mina sahəsi xəritələrinin 15 erməni əsirinə dəyişdirilməsində həlledici rol oynayıb. Demək, o, həm də qarşıdurma tərəfləri arasında münasibətlərin normallaşdırılmasında vasitəçi kimi çıxış edir.

Bundan başqa, Ağdamdakı Rusiya və Türkiyə hərbçiləri arasında da heç bir ziddiyyət yoxdur. Faktiki olaraq söhbət tarixən bu bölgəyə bağlı olan dövlətlərin bütün Cənubi Qafqazın maraqları baxımından sabitliyin dəstəklənməsi istiqamətində əməkdaşlığından gedir. Bu mənada, üçüncü dövlətlərin müdaxiləsinə yəqin ki, ehtiyac yoxdur. Hər halda, şübhəsiz ki, Cənubi Qafqazdakı vəziyyət Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Co Baydenlə keçirdiyi görüşdə və Rusiya-Amerika sammitində də müzakirə olunub.

Lakin əsas məsələ odur ki, prezidentlər Əliyev və Ərdoğan tərəfindən imzalanmış sənəd özündə həm də Rusiyanın ən geniş strateji maraqlarına cavab verən müddəaları əks etdirir. Əldə etdiyimiz məlumata görə, Bakı ilə Ankara təkcə müdafiə sahəsində deyil, həm də ümumi sabitlik üçün həlledici olan beynəlxaq terrora, kütləvi qarğın silahlarının yayılmasına, mütəşəkkil transsərhəd cinayətkarlığına, narkotiklərin qanunsuz dövriyyəsinə, çirkli pulların yuyulmasına və insan alverinə qarşı mübarizədə əməkdaşlıq barədə razılığa gəliblər.
Görünən odur ki, bu bəndlərə hətta Rusiyanın özü də imza ata bilərdi. İstisna deyil ki, belə bir sənəd bəzi düzəlişlər edilməklə hətta bütövlükdə Böyük Yaxın Şərq üçün vacib amilə çevrilə biləcək üçtərəfli bəyannamə üçün də əsas ola bilər. Sonra isə növbə Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və hətta İranın da iştirakı ilə “altıtərəfli platforma”ya çata bilər. Yalnız süni maneə və məhdudiyyətləri aradan qaldırılmaqla, sərhədləri açmaqla, köhnə mif və xürafatdan imtina etməklə buranı çiçəklənən bölgəyə çevirmək olar. Və bu məsələdə prezident Ərdoğan haqlıdır: bunun üçün əzm var.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: NEWS.ru


Ana səhifəyə qayıt        Baxış: 5 265          Tarix: 17-06-2021, 17:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma