Xəbər lenti


Kommersant, Rusiya
18.06.2021


Müəllif: Sergey Strokan
Azərbaycana rəsmi səfər etmiş Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan çərşənbə axşamı Şuşaya yollanıb. Dağlıq Qarabağın rəmzi sayılan bu şəhər ötən ilki müharibədən sonra Azərbaycanın nəzarəti altına keçib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə azərbaycanlı həmkarı İlham Əliyev Şuşada müttəfiqlik münasibətləri haqqında “tarixi bəyannamə”yə imza atıblar. Bu zaman Türkiyə lideri Yerevana da münasibətlərin normallaşdırılması haqda çağırış edib və Cənubi Qafqazda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı ilə altıtərəfli əməkdaşlıq formatının yaradılması təklifini irəli sürüb. Prezident Ərdoğanın bu səfəri Moskvanın maraq dairəsinə daxil olan bölgədə Ankaranın iddialarının artdığını nümayiş etdirir.
Ev sahibi İlham Əliyevin “tarixi əhəmiyyət daşıyan saziş” adlandırdığı sənəd – Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından əvvəl Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə görüşüb. Türkiyə lideri üçün bu görüş Ağ Evin əvvəlki rəhbəri Donald Trapmla davam edən çoxillik münaqişədən sonra ciddi irəliləyişdir.

ABŞ Ankaraya Rusiyadan “S-400” zenit-raket sistemləri alması səbəbilə təzyiqlər göstərirdi. Lakin indi Ərdoğan faktiki olaraq, Ağ Evin yeni rəhbərini Vaşinqton üçün ürəkaçan olmayan bu reallaqlı barışmağa, Türkiyəyə təzyiqi dayandırmağa məcbur edib. “Pozitiv və məhsuldar görüşümüz oldu. Əminəm ki, Türkiyə ilə Birləşmiş Ştatlar arasında gerçək irəliləyişə nail olacağıq” deyən Co Bayden münaqişədən uzaq olduğunu vurğulamağa çalışıb. Rəcəb Tayyib Ərdoğun isə qeyd edib ki, ABŞ ilə Türkiyə arasında “həlli mümkün olmayan problem yoxdur”. O, həmçinin NATO-ya qarşı barışdırıcı jest edərək alyansı Aralıq dənizindən Qara dənizə, Avropadan Asiyaya qədər Türkiyənin “təhlükəsizlik çətiri”nə ehtiyac duyduğu bütün bölgələrdə fəal rol oynamağa çağırıb.

ABŞ və NATO ilə münasibətlərin bərpasını öz aktivinə yazan Ərdoğan bazar ertəsi axşam xanımı Əminə Ərdoğanla birlikdə Bakıya səfər edib. Bu səfər isə Azərbaycan-Türkyə münasibətlərində yeni irəliləyişlə yadda qalıb.

Səfərin rəsmi proqramı çərşənbə axşamı Füzuli rayonundan başlayıb. Buradan günün ikinci yarısında iki ölkənin prezidentləri Şuşaya yollanıb. Şuşada Türkyə liderinin rəsmi qarşılanma mərasimi təkşil edilib. Mərasimdə Azərbaycanın birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva da iştirak edib. Bundan sonra iki liderin bağlı qapılar arxasında danışıqlar aparıb. Danışıqlar Şuşa bəyannaməsinin imzalanması ilə başa çatıb. İmzalamadan sonra keçirilən mətbuat konfransında bir sıra ciddi bəyanatlar səsləndirilib.

“Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, - deyə mətbuata açıqlamasında İlham Əliyev bildirib. O, Türkiyəni Azərbaycana ən yaxın ölkə adlandırıb və iki ölkə arasında münasibətlərin “nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi” olduğunu bildirib. Əliyevin sözlərinə görə, Şuşa Bəyannaməsi əməkdaşlığın bütün istiqamətlərini, o cümlədən müdafiə sahəsini əhatə edir: “Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.

Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində, bölgənin əsas altı dövlətini cəlb etməklə Qarabağın bərpası işini sürətləndirməyə çağırıb. “Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır”, - deyə prezident Ərdoğan bəyan edib. O, xatırladıb ki, bu barədə təklifi ilk dəfə hələ ötən ilin dekabrında hərbi paradda iştirak üçün Bakıda olarkən səsləndirmişdi.

“Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşdıqda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik”, - deyə Ərdoğan bildirib.

Türkiyə liderinin Azərbaycana səfəri Ermənistanda keçiriləcək parlament seçkisi və Cenevrədəki Rusiya-Amerika sammitindən cəmi bir neçə gün əvvələ təsadüf edib. Bu səfər İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni reallığı əks etdirməli idi. Rəcəb Tayyib Ərdoğan hələ ötən həftə demişdi: “NATO sammitindən sonra biz Azərbaycana səfər edəcəyik. Əvvəlcə Füzuli şəhərində olacağıq. Sonra isə qardaşım İlham Əliyevlə birlikdə Şuşaya yollanacaq, orada Türkiyə ilə Azərbaycan arasında tammiqyaslı saziş imzalayacağıq”.
Ərdoğanın Bakı səfəri ərəfəsində Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq iştirakçılarının toplantısının keçirilməsini rəmzi hadisə saymaq olar. Əsas müzakirə mövzusu təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələsi olub. Bundan əvvəl prezident Əliyev bəyan etmişdi ki, Azərbaycan dünyanın ən güclü ordularından biri sayılan və NATO-nun ikinci güclüsü ordusu olan Türkiyə Ordusunun “kiçik modelini yaratmaq niyyətindədir”. Bundan başqa, Ankara ilə Bakı mütəmadi olaraq birgə hərbi təlimlər keçirir, diversiya qruplarının məhvi və antiterror əməliyyatlarının keçirilməsi bacarıqlarını təkmilləşdirir.

Türkiyə prezidentinin Azərbaycana səfərinin bölgədəki bütün oyunçulara siyasi jest və siqnal olduğunu təsdiqləyən amil isə iki liderin danışıqları “azad edilmiş Şuşa”da keçirilməsidir. Dağlıq Qarabağın ikinci böyük şəhəri olan Şuşanı İlham Əliyev bu ilin mayında Azərbaycanın mədəniyyət paytaxtı elan edib.

Əvvəllər Nikol Paşinyanın nümayişkaranə səfərlər etdiyi Şuşanın itirilməsi həm erməni cəmiyyəti, zəm də hazırda hakimiyyət uğrunda mübarizə aparan erməni siyasətçilər üçün həddindən artın ağrılı məsələdir. Müxalifət Paşinyanı Şuşanı satmaqda günahlandırır, o isə eyni iddia ilə Baş qərargah rəisi Onik Qasparyana qarşı çıxış edir. Seçicilər qarşısında çıxış edən Paşinyan deyib: “Onik Qasparyan hələ Şuşanın itirilməsinə görə cavab verməlidir. Mənim qarşımda yox, məhkəmə qarşısında! Necə oldu ki, Şuşaya dəstək üçün göndərilən qrup gün yarım gecikdi?”.

Bu fonda Türkiyənin bölgədə liderlik iddiasını təsdiqləyən daha bir fakt Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Ankaraya dövlət səfəri olub. “Türkiyə Gürcüstanda bölgədə əməkdaşlığın açarını görür. Biz inanırıq ki, birgə səylərlə bölgəmizdə sülhü möhkəmləndirə bilərik. Bu mənada Azərbaycanın da iştirakı ilə üçtərəfli əməkdaşlığımız çox vacib əhəmiyyət daşıyır. Türkiyə istənilən üçtərəfli əməkdaşlığı dəstəkləyir, istər Gürcüstan-Azərbaycan-Ermənistan olsun, istər Gürcüstan-Azərbaycan-Türkiyə”, - deyə Rəcəb Tayyib Ərdoğun İrakli Qaribaşvili ilə danışıqlardan sonra bəyan edib. Türkiyə lideri həmçinin ən qısa zamanda Türkiyə-Gürcüstan Strateji Şurasının toplantısını keçirərək, ikitərəfli və çoxtərəfli regional əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə etmək əzmində olduqlarını bildirib.

Öz növbəsində, Gürcüstanın baş naziri iki ölkənin daha çox birgə layihə həyata keçirəcəyinə və əməkdaşlığı dərinləşdirəcəyinə ümid etdiyini bildirib. O, Rəcəb Tayyib Ərdoğanı Tibilsiyə səfərə də dəvət edib.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Kommersant


Ana səhifəyə qayıt        Baxış: 4 318          Tarix: 18-06-2021, 15:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma