Xəbər lenti

Forbes, ABŞ
28.07.2021


Müəllif: Pol İddon
Türkiyə ilə Azərbaycanın sıx hərbi əlaqələrinin daha da genişləndirməklə bağlı böyük planları var.

İyunun 15-də Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Onlar Dağlıq Qarabağ regionunda yerləşən, ermənilərin “Şuşi” adlandırdığı Şuşa şəhərini ziyarət ediblər. Xatırladaq ki, Azərbaycan bu şəhəri erməni hərbi qüvvələrindən ötən il Dağlıq Qarabağda baş vermiş müharibə zamanı azad edib (Ankara həmin müharibədən cəmi bir neçə ay əvvəl Bakıya silah tədarükünü artırmış, Azərbaycana “Bayraktar TB2” dronları belə, ixrac etmişdi. Azərbaycan Ermənistanın quru qoşunlarına qarşı məhz bu dronlardan istifadə edib. Bu, Ermənistan ordusu üçün dağıdıcı nəticələrə səbəb olub).

Ərdoğan ilə Əliyev Şuşa səfəri zamanı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Sənəddə bir sıra məsələlərlə yanaşı, iki ölkə arasında onsuz da geniş olan hərbi əlaqələrinin gücləndirilməsi də nəzərdə tutulur. Məsələn, Azərbaycanda Türkiyə ilə birgə hərbi dronların istehsal ediləcəyi zavodun yaradılması planlar var.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir hesab edir ki, Türkiyə ilə Azərbaycan bundan sonra da “bir millət, iki dövlət” şüarına uyğun hərəkət etməlidir. Bu iki dövlət bu şüarla aralarında sıx mədəni və siyasi əlaqələrinin olduğunu nümayiş etdirirlər.
“Jamestown Foundation”da dərc edilmiş məqalədə isə bildirilir ki, “sistemli şəkildə keçirilən birgə hərbi təlimlər və intensiv davam etdirilən qarşılıqlı əlaqələr sayəsində “bir millət, iki dövlət” artıq “iki dövlət, bir hərbi blok”a çevrilib”.

Prezident İlham Əliyev isə bildirir ki, Azərbaycan Türkiyə Ordusunun kiçik modelini quracaq. Təhlillərdən birində bunun Şuşa Bəyannaməsi sayəsində mümkün olacağı vurğulanır.

Son illərdə Türkiyə Ukrayna ilə də müdafiə sahəsində mühüm əlaqələr qurub. Buraya müdafiə və aerokosmik sahələrə dair texnologiyaların birgə yaradılması və istehsalı da daxildir. Bu yaxınlarda Ankara Kiyevə “Bayraktar TB2” dronları da tədarük edib. Ukrayna isə öz növbəsində, Türkiyəyə yeni “Bayraktar Akıncı” dronları üçün mühərriklər göndərib.

Ukraynadan fərqli olaraq, Azərbaycanın Türkiyənin belə silah sistemləri yaratmasına yardım göstərə biləcək böyük hərbi-sənaye bazası yoxdur. Əvəzində, Bakı zəngin enerji ehtiyatlarına malikdir. Bu isə Türkiyənin yeni silah sistemlərinin tədqiqatı və inkişafı işinin maliyyələşdirilməsi üçün əlavə imkandır.

Ümumiyyətlə, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə, azərbaycanlı hərbçilərə təlimlərin keçirilməsinə yardım göstərə, bu məsələdə çox iş görə bilər.

“Hesab edirəm ki, Azərbaycan Türkiyə ilə əməkdaşlıqdan çox faydalana bilər. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin həm struktur, həm də təchizat nöqteyi-nəzərdən modernləşdirilməsindən gedir”, - deyə “Stratfor”un Yaxın Şərq və Şimali Afrika üzrə böyük elmi işçisi Emili Hotorn nəşrimizə bildirib: “Əlbəttə, Azərbaycan Türkiyədən silah ixracını artıracaq və Türkiyənin hərbi avadanlıqların tədqiqatı və inkişafı ilə bağlı səylərinə töhfə verəcək”.

Hotornun fikrincə, Ankaranın Bakı və Kiyevlə hərbi sahədə geniş əməkdaşlığı Türkiyənin regional və qlobal səviyyədə hərbi əlaqələrini gücləndirmək istəyi ilə bağlıdır: “Türkiyə istehsal etdiyi silahlara, xüsusilə pilotsuz uçuş aparatlarına yeni alıcılar cəlb etmək istəyir”.
Bundan başqa, Rusiya ilə Türkiyə arasında regional nüfuz uğrunda rəqabətin olduğu hər kəsə məlumdur. Odur ki, Ankaranın hərbi əlaqələrini genişləndirməsi Rusiya ilə arasında müəyyən məsafə yaratmaq imnakı verəcək.

Türkiyəli ekspert, Qətər Universitetinin əməkdaşı İbn Haldun Mərkəzinin dosenti Əli Bakir son illər Ankaranın Qətərlə də hərbi və müdafiə sahəsində əməkdaşlığa dair razılaşmalar imzaladığını xatırladır: “Bu mənada, Şuşa Bəyannaməsi mövcud tendensiyanın davamıdır. Lakin bu sənəd Azərbaycanla Türkiyə arasında əməkdaşlığa yeni təkan verir, onların əməkdaşlığını daha ciddi çərçivəyə salır”.

“İki dövlət arasında əməkdaşlığın aspektlərindən biri müdafiə sahəsinə məsul dövlət orqanları arasında əlaqələrin inkişafı, Azərbaycan Ordusunun hərbi hazırlığının gücləndirilməsi, həmçinin müasir, peşəkar ordu və xüsusi təyinatlı qüvvələrin yaradılmasına yardım göstərilməsidir”, - deyə Əli Bakir əlavə edib. O, Ankara ilə Bakı arasında hərbi sahədə əməkdaşlığın Türkiyə ilə Ukrayna arasında mövcud modeldən mühüm dərəcədə fərqlənəcəyini düşünür: “İndiki mərhələdə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq əlavə tədbirlədən asılı ola bilər. Söhbət Türkiyənin Azərbaycanın ehtiyaclarını təmin edəcək silahlaların tədqiqatı və inkişafına, həmçinin istehsalı və layihələşdirilməsinə töhfəsindən gedir. Bakı Ankaranın bu səylərini maliyyələşdirməyə qadirdir”.

Əli Bakirin fikrincə, Azərbaycan sonrakı mərhələdə birgə hərbi avadanlıqların istehsalında effekli tərəfdaşa çevrilə bilər: “Güman ki, Ankara Qətər və ya Liviya kimi tərəfdaşları ilə məhz belə modeldə əməkdaşlıq etmək istəyir”.

Son illərdə Türkiyə ilə Azərbaycan mütəmadi olaraq birgə hərbi təlimlər keçirir. Məsələn, bu ilin iyununda Azərbaycan Hərbi Hava Qüvvələrinin Rusiya istehsalı olan “MiQ-29” qırıcıları və “Su-25” döyüş təyyarələri Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edib. Doğrudur, Türkiyə ilə Azərbaycan fərqli hərbi texnikalardan istifadə edirlər. Məsələn, Türkiyə Silahlı Qüvvələri uzun illərdir ABŞ və Avropa ölkələrinin istehsalı olan silahlardan, Azərbaycan isə hələ də əsasən Rusiya istehsalı olan silahlardan yararlanır.


Əli Bakir deyir ki, Azərbaycanın özünə məxsus zirehli texnikası olsa da, o, Türkiyə, İsrail, Almaniya və ABŞ-dan da böyük miqdarda hərbi texnikalar alıb: “Türkiyə yerli müdafiə sənayesini inkişaf etdirməklə, Azərbaycanın hərbi texnika sahəsində payını artıra bilər”.
Emili Hotorn isə bildirib ki, silahların birgə istehsalı zamanı müxtəlif ölkələrin avadanlıqlarından istifadə edilməsi iki ölkə arasında potensial koordinasiyanın həqiqi dərinliyinə mane ola bilər. Bununla yanaşı, o, Ankara ilə Bakının Ermənistanla Azərbaycan arasında 2020-ci ildə imzalanmış bəyanatdan sonra da birgə hərbi təlimlər keçirdiyini xatırladır: “Bu, iki ölkə arasında hərbi sahədə uyğunluğu tədricən artıracaq”.
Maraqlıdır ki, Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanmasından az sonra Türkiyənin Azərbaycanda hərbi baza yaradacağını istisna etməyib: “Burada daha sonra inkişaf, genişlənmə ola bilər”.

Türkiyə prezidentinin bu açıqlaması Rusiyada təəccüblə qarşılanıb. Axı Cənubi Qafqazda yerləşən Azərbaycan postsovet, Türkiyə isə NATO ölkəsidir.

Xatırladaq ki, Türkiyə ötən il baş vermiş İkinci Qarabağ müharibəsi zamanı qısa müddət ərzində Azərbaycanın Gəncə Beynəlxalq Hava Limanında 6 ədəd “F-16” qırıcısı saxlamışdı. Lakin Türkiyənin Azərbaycanda heç vaxt daimi və ya hazır hərbi bazası olmayıb.
Rusiyaya gəlincə, onun Ermənistanda hərbi bazası və Yerevanla müdafiə haqqında müqaviləsi var. Bu vəziyyətdə Moskva Ankara ilə Bakı arasında hərbi sahədə əlaqələrin genişləndirilməsinə və ya Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasına cavab olaraq, Yerevana daha müasir silahlar tədarük etməyə və ya bu ölkədə hərbi iştirakını genişləndirməyə məcbur deyil. Çünki o, uzun illərdir hər iki postsovet ölkəsi ilə isti münasibətləri qoruyub saxlamağa can atır.

“Düşünmürəm ki, Rusiya Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsinə cavab olaraq Ermənistanla münasibətlərini dərinləşdirsin. Əksinə, Moskva buna cavab olaraq Bakı ilə münasibətləri gücləndirəcək”, - deyə Emili Hotorn vurğulayıb: “Rusiya həm Azərbaycana, həm də Ermənistana silah ixrac edən böyük tədarükçülərdən biridir. Odur ki, o, hər zaman iki ölkə arasında balansı qorumağa çalışıb”.
Hotorn deyir ki, Rusiya Türkiyənin Azərbaycanda nüfuzunu artırmasına cavab olaraq, Ermənistana müasir silahlar tədarük etməyəcək. Başqa sözlə, Kreml proksi münaqişə yaratmaq istəməyəcək: “Əvəzində, Moskva Bakı ilə əlaqələrinin daha funksional olmasına, bu münasibətlərdən faydalanmağa çalışacaq”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Forbes


Ana səhifəyə qayıt        Baxış: 4 540          Tarix: 28-07-2021, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma