Xəbər lenti


İrəvanın Bakı ilə sülh müqaviləsinin yalnız bir alternativi var

Ermənistan rəhbərliyi seçkilərdə qələbəsini təmin etdikdən sonra yenə də avantürist mövqedən çıxış etməkdə, 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmaya zidd davranışlar sərgiləməkdədir. Rəsmi İrəvanın davranışlarındakı ziddiyyətlər, “nala-mıxa vurma siyasəti” xarici ekspertlərin də diqqətindən yayınmır.

Rusiyalı tarixçi-alim Oleq Kuznetsov Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamayacağını deyib. Bunu da o, belə əsaslandırır ki, Ermənistanın 23 avqust 1990-cı il Müstəqillik Bəyannaməsində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb və həmin bəyannamə də Ermənistanın yeni konstitusiyasının preambula hissəsində əks olunub. Yəni Paşinyan mövcud konstitusiyanı poza bilməz. Ona görə də onun qənaətincə, sülh müqaviləsinin imzalanması, yəni Azərbaycanın Ermənistan tərəfindən ərazi bütövlüyünün tanınması üçün iki yol mümkündür: “Ya Paşinyan köklü konstitusiya islahatlarına gedib onu dəyişdirəcək və yeni konstitusiyada Qarabağla bağlı, ”miatsum"la bağlı işarə belə olmayacaq, ya da Azərbaycanla ikinci müharibəyə ehtiyac olacaq və deyilən hüquqi-siyasi nəticələrə gətirəcək - lakin böyük insani və maddi itkilər hesabına”. Kuznetsov Qarabağ məsələsinin beynəlxalq səviyyədə tanınmış sərhədlər kontekstində yekun həlli üçün başqa yol, sadəcə, görmür. “Və seçim indi bütünlüklə İrəvanındır” , - deyə o qeyd edib.
Əslində indi seçim Ermənistanındır. Qələbədən sonra bölgədə prosesləri diktə edən Azərbaycanın növbəti dəfə dəmir yumruğu işə salması üçün əsaslar yaratmaq istəyirsə, buyursun, bu barədə dövlət başçımızın da kifayət qədər xəbərdarlıqları olub. Eyni zamanda Ermənistan ordusunun

Kəlbəcər istiqamətindən həyata keçirdiyi davamlı təxribatların qarşılığında Azərbaycanın müdafiə naziri Zakir Həsənov ordumuza belə hallar təkrarlanacağı halda düşməni dərhal yerində oturtmaqla bağlı əmr verib.
Hər halda Paşinyanın hansı yolu seçəcəyi də maraq doğurur. Çünki Ermənistanın baş naziri həm də Rusiyanın sülhməramlı təşəbbüslərinə qarşı çıxmaq gücündə deyil. Onu da qeyd edək ki, Paşinyan ölkənin təzədən prezidentli üsul-idarəyə qayıdışına prinsipial razılıq verib. Bundan ötrü də referendum olmalıdır. Bəs həmin referenduma konstitusiyada əksini tapmış bədnam müddəalar, ərazi iddiaları ləğv edilmək üçün salına bilərmi?

Elşən Mustafayev: “Ermənistan anlamalıdır ki, həmin deklarasiyanın olması işğal altındakı ərazilərin böyük hissəsini azad etməyə mane olmadı”
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, rusiyalı alimin dedikləri həqiqətdir, eyni zamanda yenilik deyil: “44 günlük müharibədən sonra konfliktin sona yetməsi üçün sülh müqaviləsi ilə bağlı çox fikirlər səsləndirilmişdi. Ermənistanın könüllü olaraq sülh müqaviləsinə qol çəkəcəyinə inanan yox idi. Çünki Ermənistan tərəfi hesab edir ki, üçtərəfli sazişdən sonra rus sülməramlılarının bölğəyə gəlişi ilə nəzarətlərində qalan ərazilərin təhlükəsizliyinə nail olublar .Azərbaycan tərəfinin təklif edəcəyi müqavilənin bəndlərində qondarma rejimin nəzarətində olan ərazilər də daxil olmaqla Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmaması öz əksini tapmalıdır. Bu gün

Ermənistan hakimiyyətində və ya müxalifətində kimsə belə bir sülh müqaviləsinin imzalanması məsuliyyətini öz üzərinə götürmək istəmir. Burada söhbət onların qanunlarının buna imkan verməməsindən getmir. Doğrudur, Ermənistanın 1990-cı ildə qəbul etdiyi Müsrəqillik Deklarasiyasında ” ... Millətlərin öz müqədəratını təyinetmə haqqını həyata keçirərək Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşməsi haqqında 1 dekabr 1989-cu il tarixli qərarına istinad edərək..." ifadələri yer alıb və kontitusiyanın priambulasında bu deklarasiyaya istinad olunduğu qeyd olunur. Ola bilsin ki, bu gün bu faktordan bəhanə kimi istifadə oluna bilər. Amma sülh müqaviləsinin imzalanmasına əngəl ola biləcək səbəb bu deyil. Bugünkü reallığı nəzərə alaraq demək olar ki, deklarasiyada belə bir müddəa olmasaydı belə, Ermənistan tərəfi hazırkı vəziyyətdə sülh imzalanmasına getməyəcəkdi. Çünki bu gün üçün onları buna məcbur edəcək faktorlar çox zəifdir".


E.Mustafayev digər məqamlara da toxundu: “Rusiyalı alimin ”Paşinyan ya bu məsələni həll etməli, ya da ikinci müharibəyə hazır olmalıdır" ifadələri hesab edirəm ki, doğrudur. Amma o halda real ola bilər ki, Paşinyan olacaqlara soyuq başla yanaşsın, ikinci müharibənin başlayacağı halda itirəcəklərini hesablasın. Hesab edirəm ki, sülh müqaviləsi ilə bağlı danışıqlara nə qədər tez başlanılsa, Paşinyan üçün bir o qədər yaxşı olar. Deklarasiyada bizə qarşı ərazi iddalarının olmasının prosesə elə də maneçiliyi yoxdur. Cünki birincisi, bu deklarasiya 1990-cı ildə müstəqillikdən qabaq qəbul olunub, ikincisi, konstitusiyada konkret həmin fikrə yox, ümumilikdə deklarasiyaya istinad olunub, hansı ki, orada başqa müddəalar daha çoxdur. Ücüncüsü isə məlum deklarasiya referendumla yox, Ermənistan SSR Ali Sovetində qəbul olunub. Yəni bu müddəadan imtina etmək üçün heç bir konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Ən nəhayət, Ermənistan hökuməti anlamalıdır ki, həmin deklarasiyanın olması Azərbaycanın işğal altında olan ərazilərinin böyük hissəsini azad etməsinə mane olmadı və müharibə yenidən başlasa, problemi kökündən həll etməyə heç nə mane olmayacaq".
Politoloq qeyd etdi ki, İrəvan belə bir riskə getməyin hansı acı nəticələrə gətirəcəyini indidən görməlidir: “Düşünürəm ki, Ermənistan tərəf könüllü olaraq sülh müqaviləsini bağlamaqla bağlı danışıqlar stoluna oturmayacaq. Ancaq onu bu addımı atmağa məcbur edən səbəblər ortaya qoyularsa, o zaman buna məcbur olacaq. Yəni Paşinyanın özünə qalsa prosesin ən azı hazırkı vəziyyətdə qalmasında daha maraqlıdır, nəinki sülh müqaviləsini imzalamağa. Amma inanıram ki, onu danışıqlar masasına oturtmaq mümkündür”.

Ceyhun Məmmədov: “Əgər Ermənistan bunu etməsə, növbəti ağır fəlakətlə üz-üzə qalacaq”

Deputat Ceyhun Məmmədov bildirdi ki, bütün hallarda Ermənistanın iki yolu var: “Ya acı məğlubiyyətlə barışıb digər ölkələrə qarşı ərazi iddiasına son qoymalı, ya da yenidən dəmir yumruqla üz-üzə qalmalıdır. Prezident İlham Əliyev qətiyyətli və prinsipial mövqeyini dəfələrlə Ermənistan tərəfinin diqqətinə çatdırıb. Azərbaycan öz mövqeyində israrlıdır. Əslində Ermənistanın konstitusiyasında belə bir maddənin olması özü absurd bir məsələdir. Ermənistan 80 milyonluq Türkiyə, 10 milyonluq Azərbaycana qarşı nə edə bilər? Əlavə olaraq İran və Gürcüstandakı azərbaycanlıları nəzərə alanda böyük bir rəqəm alınır. 30 ilin təcrübəsi Ermənistanın yanlış yolda olduğunu bir daha göstərdi, məhz bu siyasət səbəbindən Ermənistan bütün regional layihələrdən kənarda qaldı”.

Millət vəkili qeyd etdi ki, hazırda Ermənistan əhalisi kütləvi olaraq ölkəni tərk edir: “Bu baxımdan, yenidən müharibə Ermənistan üçün ölümə bərabərdir. Odur ki Ermənistanın bir yolu var, o da sülh sazişini imzalamaq. Bunun üçün Ermənistan referenduma da getməyə hazır olmalıdır. Əgər Ermənistan bunu etməsə, qeyd etdiyimiz kimi, növbəti ağır fəlakətlə üz-üzə qalacaq və gələcəkdə Ermənistan adında dövlətin mövcudluğu sual altında olacaq. Paşinyan yəqin ki, bunu yaxşı anlayır. İnanıram ki, Paşinyan ağır da olsa, düzgün yol seçərək Azərbaycan və Türkiyə ilə əməkdaşlıq barədə ciddi düşünərək sülh sazişini imzalayacaq. Çünki başqa yol yoxdur”.
Politoloq Qafar Çaxmaqlı də mövzumuzla bağlı maraqlı fikirlər söylədi: “Ermənistan 1990-cı ildə qəbul etdiyi Müstəqilliklə bağlı Konstitusiya

Aktında erməni əraziləri kimi Osmanlı dövlətinin 6 vilayətinə iddia ortaya qoyub. 6 vilayət Türkiyə Cümhuriyyəti zamanı ayrılıb 12 vilayət olub. Demək, Ermənistan 12 Türkiyə vilayətinə iddia ortaya qoyub. Oraya Azərbaycanın keçmiş Dağlıq Qarabağ və Naxçıvan əraziləri də daxil edilib. Sonra Ermənistan konstitusiyasında da bu iddialar yenilənib. Ayrıca qeyd edək ki, Türkiyə Cümhuriyyətinin ərazi bütövlüyünü tanımayan tək ölkə kimi də bir Ermənistan dövləti var. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların onaylanmasının səbəbi də bu idi.

Ermənistan konstitusiyası imkan vermədi ki, bu ölkə Türkiyə ilə diplomatik münasibətlər qursun və Türkiyənin ərazisi tanınsın. Ermənistanın konstitusiyası dəyişməyincə, nə Azərbaycanla, nə də Türkiyə ilə ərazi bütövlüyünü tanıyan anlaşma imzalana bilməz. Ermənistanın konstitusiyası dəyişməlidir. Paşinyan bunu edə biləcəkmi?! Bu problemi həll etmək o qədər də asan olmayacaq. Ümumən erməni ideologiyası qondarma ”erməni soyqırımı" üzərində qurulub və onu tanıtmaq, qəbul etdirmək xəttini dəyişdirmək inqilabi bir fəaliyyət ola bilər. Xalqdan səs alsa da, Paşinyanın siyasi iradəsinin belə bir məsələni həll edəcəyinə inanmıram".

Qafar Çaxmaqlı: “Ermənistan 12 Türkiyə vilayətinə iddia ortaya qoyub, oraya Azərbaycanın keçmiş Dağlıq Qarabağ və Naxçıvan əraziləri də daxil edilib”

Amma Q.Çaxmaqlı əlavə etdi Ermənistanın başqa çıxış yolunun olmadığı da faktdır: “Əldə etdiyi hakimiyyəti qoruyub saxlamaq üçün o, hüquqi islahatlara getməlidir. Bu, parlament üsul-idarəsinin dəyişdirilməsindən tutmuş, qonşularla əlaqələri normallaşdırma prinsiplərinə qədər bir çox məsələlərin həllinin qaçılmazlığını diktə edir. Paşinyan buna getməsə, onun hakimiyyətinin ömrü uzun ola bilməz. Azərbaycanla sərhədlərin müəyyənləşməsi indiki Ermənistan dövlətinin ”təhlükəsizliyi" baxımından da ona lazımdır. Bölgədə gərginliyə səbəb olacaq bütün problemlərin aradan qaldırılması üçün Ermənistan məsuliyyət daşıyır və o, konstitusiya məsələsini həll etməlidir. Əks təqdirdə, erməni dövlətinin taleyi sual altına düşə bilər. Azərbaycanla müqavilə bağlamağa ağlı başında olan ermənilər bu dövlətin xilas olma tədbiri kimi baxırlar. Referendumda bu məsələ də həll edilməlidir. Ermənistan militarist siyasətindən əl çəkməlidir".
Ermənistanda olduğu kimi, Qarabağ separatçıları da rus ordusuna xilaskar gözü ilə baxır və son günlər artan təxribatlar, həyasız davranışlar da məhz bu arxayınçılığın nəticəsidir. “Əgər rus ordusu regiona daxil olmasaydı, bizim taleyimiz başqa cür olardı”.

Azpost.info bildirir ki, bu sözləri Dağlıq Qarabağdakı separatçı güruhun başçısı Araik Arutyunyan yerli əhali ilə görüşü zamanı deyib. O etiraf edib ki, bölgədə sülhü və təhlükəsizliyi təmin etməyə qadir deyillər. Araik fantaziyasını işə salaraq daha uzağa gedib və sülhməramlılarsız yaşaya bilməyəcəklərini deyib: “Rusiya ordusu burada müvəqqəti yox, daimi qalmalıdır. Onlar gəlməsəydi, taleyimiz başqa cür olacaqdı”.
Qarabağ separatçılarının Azərbaycan üçün çox həssas bir ərazidə - Xocalıda, rus əsgərlərinin kölgəsində kənd salması da Azərbaycanın səbrini daşırmağa hesablanıb...

Elşad PAŞASOY,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 3 147          Tarix: 5-08-2021, 09:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma