Xəbər lenti

"Ermənilərə və havadarlarına xatırlatmaq lazımdır ki, Xankəndinin özünü tamamilə susuz və enerjisiz qoymaq mümkündür"
Ermənilər Qarabağda yeni su elektrik stansiyası tikməyi planlayır. Erməni mediasının məlumatından aydın olur ki, bu barədə Xankəndindəki ermənilərin rəhbəri Araik Arutyunyan açıqlama verib.

Separatçı-quldurbaşının bildirdiyinə görə, Kəlbəcərin Qozlu (Getavan) kəndində, Tərtər çayı üzərində gücü 17,6 Mvt olan su elektrik stansiyası (SES) tikiləcək. Dəyəri 25 milyon dollar təşkil edəcək “Getavan-1" SES Xankəndi və ətraf ərazilərin enerji təminatını həyata keçirməlidir. 
Layihəni A.Arutyunyann özünün müşahidə şurasının sədri olduğu ”Arsax İnvestisiya Fondu"nun maliyyələşdirməsi nəzərdə tutulur. Lakin Arutyunyan özəl investorlar üçün də qapıların açıq olduğunu bəyan edib. O, həmçinin 44 günlük Vətən müharibəsinə qədər Qarabağda irili-xırdalı 36 SES-in fəaliyyət göstərdiyini, lakin hazırda onların cəmi 6-nın ermənilərin nəzarətində qaldığını deyib: “Artsax enerji ixrac edən ölkədən idxalçıya çevrilib”.

A.Arutyunyanın dediklərində həqiqət payı var: Azərbaycan öz ərazilərini işğaldan azad edib və həmin ərazilərdəki 30 kiçik SES-ə nəzarəti təmin edib. Bu stansiyalardan xeylisi Kəlbəcər və Laçın rayonlarında yerləşirdi. Ermənistan qoşunları bu rayonlardan çıxarılana qədər o stansiyaların böyük əksəriyyətinin avadanlıqları sökülüb aparılıb, aparılmayanlar da dağıdılıb.

Ermənilərin nəzarətində qalan ən böyük SES Sərsəng su anbarı üzərində qurulub və istehsal gücü 50 Mvt-dır. Qalan 5 stansiya birlikdə 26 Mvt enerji istehsal etmək gücündədir. Lakin hazırda onların çoxu işləmir, yaxud tam gücü ilə işləyə bilmir, çünki zəruri həcmdə su yoxdur. Buna görə də 5 stansiyadan cəmi 5 Mvt enerji əldə etmək mümkündür.

Ermənilərin özlərinin etirafına görə, 2020-ci ilin sentyabrına qədər Qarabağda SES-lərin istehsal gücü 187,5 MVt təşkil edib. Bu isə nəinki yerli tələbatı təmin etməyə, həmçinin artıq enerjini Ermənistana ötürməyə imkan verirdi. Ermənistanda ən ucuz enerji də elə işğal altındakı ərazilərdən gedən enerji idi. Açıqlanan məlumatlardan aydın olur ki, ilk dəfə 2018-ci ildə Qarabağdan Ermənistana 17 milyon kVt/saat elektrik enerjisi ixrac olunub. 2019-cu ildə Qarabağdakı 31 SES-də 475 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun da 85 milyon kVt/saatı Ermənistana ixrac olunub. Heç də qəribə deyil ki, Ermənistan rəsmilərinin “ucuz” adlandırdığı bu enerjinin Qarabağdan məhz neçəyə alındığı heç zaman açıqlanmırdı. Eyni gizlilik Qarabağdan daşınan digər sərvətlərə, məhsullara da aiddir: buğdadan tutmuş, üzümə, nara, mis və qızıl-gümüşə qədər.

2019-cu ildə Qarabağda 12 SES-in tikintisi davam edirdi. 2020-ci ilin birinci yarısında ərazidə elektrik enerjisi istehsalı 324,8 milyon kVt/saat təşkil edib. Bu, 2019-cu ilin eyni dövründən 50 faizə yaxın çox deməkdir. Beləliklə, sentyabrda başlayan Vətən müharibəsi olmasaydı, 2020-ci ildə Qarabağdan Ermənistana təxminən 200 milyon kVt/saat həcmində enerji ötürüləcəkdi. Nəzərə alsaq ki, Qarabağda daha 12 SES-in tikintisi aparılırdı, onda Ermənistanın bu il iki dəfə artıq pulsuz enerji əldə etmək imkanından məhrum olduğunu söyləyə bilərik.

Bugünlərdə erməni rəsmiləri 2021-ci ildə Qarabağdan Ermənistana 330 milyon kVt/saat elektrik enerjisinin ötürülməsinin nəzərdə tutulduğunu açıqlayıblar. Nəzərə almaq lazımdır ki, Qarabağdan Ermənistana ötürülən digər sərvətlər kimi, elektrik enerjisi ilə bağlı statistika da mötəbər sayıla bilməz. Belə ki, 2017-ci ilin birinci yarısında Qarabağda elektrik enerjisi istehlakı 166 milyon kVt/saata yaxın olub. Bu hesabla illik enerji istehlakı 300 milyon kVt/saatdan yuxarı olmayan ərazidə 2019-cu ildə istehsal 475 milyon kVt/saat olub. Bu isə Ermənistana daha çox həcmdə enerjinin verilməsi ehtimalını artırır.
Maraqlıdır ki, bir müddət öncə Qarabağda qalan ermənilər enerjiyə tələbatın 30 faizə qədər azalacağını deyirdilər. Bunun əsas səbəbi kimi əksər iri sənaye müəssisələrinin yerləşdiyi ərazilərin Azərbaycan Ordusu tərəfindən azad olunması göstərilirdi. Çatışmayan cüzi enerjinin Ermənistandan veriləcəyi bəyan olunurdu. Ötən ilin payızından artıq Ermənistandan Xankəndinə enerji verilişi təmin olunmuşdu. Bu halda, Xankəndi erməniləri nədən yeni və böyük stansiyaya ehtiyac duydular?
Sualın cavabını ermənilərin 30 ilə yaxın müddətdə Azərbaycana qarşı yürütdükləri ekoloji terror siyasətində axtarmağa ehtiyac var. Belə ki, ermənilər işğal altında saxladıqları ərazilərdən Azərbaycanın digər bölgələrinə su buraxmırdılar. Baxmyaraq ki, Sərsəng su anbarı bütünlüklə Azərbaycanın vəsaiti hesabına inşa olunub, ermənilər bu anbardan qonşu rayonlara suyun verilişini var gücləri ilə əngəlləyirdilər. Suqovuşan su anbarından da Tərtər və Ağdama gedən kanallar dağıdılmışdı. Nəticədə Azərbaycanın Tərtər, Yevlax, Goranboy, Bərdə və digər rayonlarında kəskin su qıtlığı yaşanırdı.

Suqovuşan su anbarı, həmçinin Tərtərçay və bölgədəki digər xırda və orta çayların mənbəyi yerləşən Kəlbəcər, Laçın rayonlarının azad olunmasından sonra ermənilər ekoloji terroru davam etdirmək imkanından məhrum oldular. Bir müddət əvvəl Ermənistan və Xankəndi erməniləri Azərbaycanın üzərinə böhtan ataraq, ölkəmizin Tərtərçayın məcrasını dəyişməklə Sərsəng su anbarını susuz buraxmağa hazırlaşdığını iddia edirdilər. Lakin indi məlum olur ki, bu iddiaların arxasında daha çirkin niyyətlər dayanırmış: ermənilər Sərsənglə Suqovuşan arasında SES tikməklə çayın Suqovuşan su anbarını su ilə təchiz etməsinin qarşısını almağa çalışırlar.
Hazırda bu imkan onlarda yoxdur. Çünki Tərtərçaya Sərsəngdən sonra bir neçə xırda çay qovuşur. Sərsəngdən gələn su tam dayandırılsa belə, bu çayların hesabına Suqovuşana su yığmaq mümkün olacaq. Qozludərə isə həmin çayların Tərtərçaya qovuşma nöqtəsindən aşağıda yerləşir. Burada böyük SES-I su ilə təmin etmək üçün ermənilər Tərtərçayın suyunu tam olaraq mənimsəməlidilər. Bu isə Suqovuşan anbarının məhvi deməkdir. Azad edildikən sonra Suqovuşandan Azərbaycanın 6 rayonunda 100 min hektara yaxın ərazinin suvarılması üçün istifadə olunmağa başlanıb.
Onu da qeyd edək ki, ermənilər Sərsəng su anbarına nəzarəti əllərində saxladıqlarını dəfələrlə üstünlük kimi vurğulayır, ondan Azərbaycanın digər ərazilərinə su verilməyəcəyini bəyan edirlər. İndi aydın olur ki, erməni vandalları dediklərini reallaşdırmaq üçün konkret addımlar atmağa hazırlaşırlar.
O da aydındır ki, bu addımlarla bağlı bölgədəki Rusiya sülhməramlılarının ən azı neytrallığı təmin olunmalıdır. Belə ki, Qarabağdakı Rusiya sülhməramlı kontingenti üçün ilk hərbi şəhərcik məhz Qozlukənddə salınıb. Bu baxımdan, SES tikintisinə sülhməramlıların da dəstək verəcəyi istisna olunmur.


Osman Gündüz: “Bölgədəki infrastruktur işləri Azərbaycan hökumətinin iştirakı ilə gerçəkləşməlidir”
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, belə bir ciddi, həyati əhəmiyyətli infrastruktur imkanının qondarma “Arsax respublikası”na yaradılması yolverilməzdir: “Güman ki, onlar bunu Rusiyanın, oradakı sülhməramlıların dəstəyi ilə gerçəkləşdirəcəklər. Fikrimcə, buna ciddi reaksiya vermək lazımdır. Sülhməramlıların olduğu ərazilərimizdə infrastrukturun yenilənməsi, enerji və rabitə təhcizatının yenidən qurulması istiqamətində müşahidə olunan addımlar təhlükəlidir. Onlar yenidən möhkəmlənmək fikrindədirlər. Düşünürəm ki, bu cür addımlar, infrastruktur işləri Azərbaycan hökumətinin iştirakı ilə gerçəkləşməlidir. Ümid edirəm hökumət qondarma ”Artsax prezidentinin" bu addımlarının qarşısını ala biləcək".

Ədalət Verdiyev: “Bizim bu tikintini əngəlləmək üçün imkanımız kifayət qədərdir”
Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycanın hərbi potensialı ermənilərin yalnız Qarabağda deyil, ətraf ərazilərdəki hər hansı təxribat əməllərinin qarşısını almaq üçün yetər də, artar da: “Bizim bu tikintiyə mane olmaq imkanımız kifayət qədərdir. Amma gəlin baxaq, indiyədək tikdikləri su elektrik stansiyaları indi kimin nəzarətindədir? Mənim bildiyim qədəri Ermənistanın Qarabağda Vətən müharibəsinə qədər istismar etdiyi 36 stansiyadan 30-u Azərbaycanın tam nəzarətindədir. Əgər 31-cini də Azərbaycana hədiyyə etmək istəyirlərsə, buyursunlar. Kəlbəcərdəki Söyüdlü qızıl yatağının taleyi göstərir ki, Azərbaycan öz sərvətlərinin hər qramının da hesabını sormağa qadirdir”.

Hərbi yoldan əlavə, Azərbaycanın Qozludərə təxribatının qarşısını almaq üçün digər imkanları da yetərincədir. Belə ki, yalnız Sərsəngə deyil, rus sülhməramlılarının nəzarətində olan əraziyə gələn suların 95 faizə yaxını Laçın-Kəlbəcərdən gedir. Yəni bu sulara nəzarət bütünlüklə Azərbaycanın əlindədir. Azərbaycan onsuz da azad olunan ərazilərdəki su ehtiyatlarından səmərəli istifadə üçün plan tərtib edib. 

Bu planda Həkəri, Bəşəri çayları üzərində su anbarlarının tikintisi nəzərdə tutulur. Plana kiçik əlavə edib Sərsəngə qədər olan ərazidə Tərtərçayın üzərində 2-3 kiçik su anbarı tikməklə Azərbaycan Xankəndi erməniləri və onların bölgədə varlığını hər vəchlə təşviq edən qüvvələrin xain planlarını birdəfəlik poza bilər. Eyni zamanda mənbəyini Laçın-Kəlbəcərdən, Şuşa ətrafından götürən çayların üzərində anbarlar yaratmaqla Xankəndinin özünü tamamilə susuz və enerjisiz qoymaq mümkündür.
Yəqin ki, Azərbaycan həm Ermənistana, həm Xankəndinə, həm də onların himayədarlarına bu imkanlarla bağlı xatırlatmanı edəcək...(musavat.com)


Ana səhifəyə qayıt        Baxış: 3 493          Tarix: 5-08-2021, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma