Xəbər lenti

 
“Belinə çöpdən dirək”
 
2020-ci ildə 44 gün davam edən müharibə zamanı baş verənlər müəyyən mənada Rusiya ilə əsasən Türkiyə arasında aparılan sövdələşmələrin nəticəsidir. Bu sövdələşmə Yaxın Şərq problemlərinə, xüsusən də Rusiya Federasiyası ilə Türkiyənin Suriya münaqişəsinin həlli istiqamətində birgə addımlarına, həmçinin Qərbin Türkiyə və Rusiyaya qarşı artan təzyiq və sanksiyalarına aiddir”.
 
Ovqat.com xəbər verir ki, erməni politoloq Qaqik Keryan “Kentron” telekanalına verdiyi müsahibədə belə deyib.
 
Politoloqun fikrincə, 44 günlük müharibə ərəfəsində aprılan sövdələşmələrdə Rusiya Qarabağ münaqişəsinin ermənilərin milli maraqlarına zidd həllində Türkiyə qarşısında “əhəmiyyətli dərəcədə boyun əymişdi”. Bu addımı Rusiya siyasi rəhbərliyinin kobud səhvi hesab edən politoloqun qənaətinə görə, Rusiya öz artıq öz davranışını dəyişdirir.
 
"Müharibədən təxminən bir il sonra, fikrimcə, Kremldəki bir çox yüksək rütbəli məmurlar, hər halda, Türkiyə-Azərbaycan tərəfinə lazım olduğundan artıq güzəştə getdiklərini anladılar və bundan sonra mövqelərini dəyişdirdilər", - deyən Keryan hesab edir ki, KTMT -nin baş katibi Stanislav Zasın Ermənistana və Ermənistan Müdafiə naziri Arşak Karapetyanın Moskvaya səfəri buna sübutdur.
 
Politoloqun fikrincə, indi Rusiya müharibədən əvvəl mövcud olan vəziyyətə qayıtmağa çalışaraq bölgədəki güc balansını bərpa etməyə doğru gedir. Və bu müddət ərzində kəskin ermənipərəst tələblər irəli sürməsə də, məsələn, Qarabağın bütövlüyünün bərpasını tələb etməsə də, son dövrdə Rusiya-Azərbaycan münasibətlərində gərginlik nəzərə çarpır.


 
"4 aydan çoxdur ki, bu gərginliyi görürəm. Bəlkə də bu, tədricən baş verir, amma bütün hallarda Əliyevin bəyanatları Rusiya Federasiyasında açıq-aşkar dəstəklənmir, onun dialoq əvəzinə dəhliz tələbinə Rusiya sükutla cavab verir. Rusiyanın Ermənistan-Azərbaycan sərhədinin müxtəlif yerlərində keçid məntəqələri yerləşdirməsi, dostumuz İranın olduğu kimi, Rusiyanın da mövqeyində qətiyyətli olduğunu, Ermənistan sərhədinin onlar üçün "qırmızı xətt" mənasına gəldiyini göstərir",- deyə Qaqik Keryan bildirib.
 
Politoloq bu kontekstdə 9 noyabr tarixli bəyanatda olmayan məqamların (?) - Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılmasını, nəqliyyat əlaqəsi adı altında dəhlizin təmin edilməsini Azərbaycan üçün həyata keçirilməmiş hədəf kimi qiymətləndirir.

Bir sözlə, erməni politoloqun fikrincə, Rusiya ötən il noyabr ayında Türkiyə və Azərbaycan qarşısında boyun əymişdi, indisə qəddini düzəltməyə çalışır. Atalar demişkən, “belinə çöpdən dirək”.



Ana səhifəyə qayıt        Baxış: 6 729          Tarix: 14-08-2021, 18:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma