Xəbər lenti

 
Məlum olduğu kimi Rusiyaya məxsus dövlət portalında yer alan məlumata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi şəhərciyində xidmət barədə tender elan olunub. Elanda rus sülhməramlıların yerləşdiyi ərazi isə Azərbaycan ərazisi kimi deyil, “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib. Elanda bildirilir ki, “Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fondunda kompleks xidmətin təşkili və həyata keçirilməsi üzrə xidmətin göstərilməsi” üzrə tender elan olunur.
 
Ovqat.com-un məlumatına görə, Azərbaycan XİN bu hadisə ilə əlaqədar Rusiyaya öz etirazını çatdırıb. Rusiyadan isə bunun “texniki səhv” olduğunu, dərhal düzəldiləcəyini bildirib, bundan sonra belə məsələlərdə daha diqqət olacaqlarına söz veriblər.
 
AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov isə Moskvanın bu sözlərinə inanmır, “texniki səhvin” qəsdən edildiyini düşünür.
 
“Rusiyanın sülhməramlı missiyasının və eləcə də rəsmi Moskvanın erməni separatçılarının mövqelərini dəstəkməsənin dəfələrlə şahidi olmuşuq. İndi isə Rusiya Müdafiə Nazirliyi timsalında rəsmi Moskvanın özünün separatçı hərəkətlərinin şahidi oluruq. Bu elan və orada “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi heç bir halda texniki səhv kimi qəbul edilə bilməz. Rusiya Müdafiə Nazirliyi öz hərbi birləşmələrinin harada yerləşdiyini və hansı ölkənin ərazisində olduqlarını kifayət qədər yaxşı bilir və bunu bildiyi halda həmin ərazini “Dağlıq Qarabağ Respublikası” adlandırırsa, bunun adı separatizmə dəstəkdən başqa bir şey deyil”. 
 
Rəşad Bayramovun təsbitlərinə görə, həmin məlumatın tarixini incələdikdə məlum olur ki, avqustun 13-də saytda yerləşdirilib: “Yəni Azərbaycan Müdafiə Nazirliyinin Rusiyaya Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoy” xəbərdarlığından bir gün sonra. Bu isə o deməkdir ki, Rusiya Müdafiə Nazirliyi faktiki olaraq Azərbaycanın xəbərdarlığına “həmin ərazilər Dağlıq Qarabağ Respublikası ərazisidir və nə edirəmsə özüm bilərəm” cavabını verib. Azərbaycanın müvafiq qurumları isə bu müddət ərzində baş verənlərə münasibət bildirmək əvəzinə susublar”.
 
Həmsöhbətimizin fikrincə, rəsmi Moskva tərəfindən bu şəkildə mövqe sərgilənməsinin əsl günahkarı Azərbaycanın rəsmi qurumlarıdır: “Bu kimi hallar rəsmilərimizin Rusiyanın separatçı davranışlarına vaxtında cavab verməməsindən qaynaqlanır. Rusiya Müdafi Nazirliyi uzun müddətdir ki, “sülhməramlılar”ın fəaliyyət göstərdiyi ərazilərlə bağlı bu və ya digər məlumat paylaşdığı zaman həmin ərazilərin rəsmi adlarından deyil, sonradan işğal dövründə ermənilər tərəfindən dəyişdirilmiş adlardan istifadə edir. Amma bu günə qədər Azərbaycanın rəsmi dövlət qurumlarından bununla bağlı hər hansı bir etirazın şahidi olmamışıq. 
 
Eyni susqunluq Prezident İlham Əliyevin Rusiya ilə bağlı çağırışlarına Lavrov və Zaxarova tərəfindən verilən cavablarda da müşahidə olundu. Təsəvvür edin, ölkə başçısı Rusiyanın Ermənistanı silahlandırmasına etiraz edir. Rusiya XİN-nin sözçüsü Zaxarova bunu Rusiyanın suveren hüququ adlandıraraq faktiki olaraq İlham Əliyevə “özümüz bilərik” deyir, Azərbaycanın XİN-i isə Zaxarovanın cavabına reaksiya vermir. Başqa bir misal; prezidentin işğal dövründə Qarabağ ərazisində qeyri-qanuni fəaliyyət göstərmiş şirkətlərin beynəlxalq məhkəmələrə veriləcəyi ilə bağlı bəyanatını yəqin ki, xatırlayırsız. Həmin bəyanatdan bir gün sonra Rusiya Xarici İşlər Naziri Lavrov bütün şirkətləri Rusiyanın nəzarətində olan və faktiki olaraq separatçıların yerləşdiyi ərazilərimizə sərmayə qoymağa çağırdı və bildirdi ki, bunun üçün münbit şərait var və bütün imkanlar mövcuddur. Bu nə idi? Təbii ki, prezident Əliyevin bəyanatına cavab. Amma biz yenə də nə Xarici İşlər Nazirliyinin, nə də hər hansı bir digər qurumun bununla bağlı etirazının şahidi olmadıq”. 
 
AMİP yetkilisi Azərbaycan XİN-nin və digər qurumların Rusiyadan bu qədər çəkinməsini mövqesizlik kimi qiymətləndirir:
 
Bu cür mövqesizliyin, hadisələrə vaxtında, operativ və qəti münasibət bildirməməyin nəticəsi isə göz qabağındadır. Azərbaycanın rəsmi qurumları Rusiyaya “əgər iki qarşı tərəfdən birini silahlandırmaq sənin suveren hüququndursa o zaman sən vasitəçi ola bilməzsən” demirsə, əgər Lavrova “sənin Azərbaycan ərazisinə kimisə sərmayə qoymağa dəvət etmək hüququn və haqqın yoxdur” cavabını vermirsə nəticədə Rusiya da öz bildiyini etmkdə davam edəcək. Odur ki, Azərbaycan hakimiyyəti, cavabdeh dövlət qurumları nəhayət ki, ayılmalı və qəti mövqe ortaya qoymalıdırlar. Başa düşmək lazımdır ki, mövqe ortaya qoyulmadığı təqdirdə Rusiya və onların dəstəklədiyi separatçı rejim ərazilərimizdə at oynatmağa davam edəcək”.
 


Ana səhifəyə qayıt        Baxış: 6 038          Tarix: 4-09-2021, 17:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma