Xəbər lenti
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
9-12-2024, 21:49
9-12-2024, 21:00
9-12-2024, 20:00
9-12-2024, 19:00
Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin vəziyyəti aclıq və səfalət durumuna sürətlə yaxınlaşır; Ermənilər xilas variantları sırasına Azərbaycan dövlətinin himayəsinə sığınmaq seçimini də daxil etməyə başlayıblar...
Erməni toplumu Cənubi Qafqaza köçürüldüyündən üzübəri ən ağır dövrünü yaşayır. Cənubi Qafqazda baş verən son hadisələr erməni toplumu üçün olduqca məyusedici məzmun daşıyır. Və bu toplum dünyadan, inkişaf prosesindən nə qədər geri qaldığına real örnəklər ilə şahid olmağa başlayıb.Üstəlik, bu situasiya çox qısa zaman intervalında, cəmisi bir il ərzində cərəyan edən hərbi-siyasi proseslərin nəticəsidir. Yəni, proses hələ yeni başlayıb və intensiv şəkildə davam etməkdədir. Bu isə o deməkdir ki, erməni toplumunu kollektiv depresiyaya sürükləyə biləcək daha məyusedici proseslər hələ irəlidədir.
Məsələ ondadır ki, cəmisi bir il öncə II Qarabağ savaşı başladı. Azərbaycan ordusunun cəmisi 44 gün ərzində qazandığı tarixi zəfər erməni toplumunun 30 illik yersiz və uydurma "özgüvən mifləri"ni yerlə-yeksan etdi. Onilliklər boyu təbliğ edilmiş "erməni xəyalları" artıq əlçatmaz xarakter daşıyır. Və erməni toplumu üçün artıq acı reallıqla üzləşmə dövrü başlayıb.
Erməni toplumunun hər imkanda öyündüyü "məğlubedilməz Ermənistan ordusu" artıq yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin cəmisi 44 gün ərzində darmadağın etdiyi Ermənistan ordusunun yalnız tör-töküntülərindən danışmaq mümkündür. Hətta normal hərbi təlimlərin keçirilməsi üçün canlı qüvvə və hərbi texnika tapa bilmirlər.
Ona görə də, ehtiyatda olan erməniləri üçaylıq təlimlərə toplayıb, guya yeni ordu qurmaq niyyətlərini nümayiş etdirməyə çalışırlar. Əslində isə Ermənistan hazırda normal ordunu təmin edə biləcək maliyyə-iqtisadi resurslara belə, malik deyil. Müasir hərbi texnika ala biləcək imkanları yoxdur. Və yenə də Rusiya ordusunun "hərbi texnika zibilliyi"ndə eşələnmək məcburiyyətində qalıblar.
Bütün bunlara paralel olaraq, Azərbaycan tərəfə nəzər saldıqda, Ermənistan cəmiyyətində məyusluq daha da artır. Bu düşmən ölkənin mətbuatında Azərbaycan ordusunun ardıcıl hərbi təlimlərinin Ermənistan cəmiyyətində böyük narahatlıqla izlədiyi vurğulanır. Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri Ermənistanda ümumiyyətlə, xof yaradır. Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin "Üç qardaş 2021" təlimləri isə Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaradıb. Və bu, Ermənistan mətbuatında açıq şəkildə etiraf edilir.
Azərbaycan və Türkiyənin Laçın dəhlizi yaxınlığında keçirdiyi hərbi təlimlər isə Ermənistanda şok effekti yaradıb. Ermənistan Xarici İşlər Nazırliyi bununla bağlı etiraz açıqlaması da yayıb. Halbuki Azərbaycanın hansı bölgəsində hərbi təlimlərin keçirilməsi rəsmi Bakının səlahiyyətləri çərçivəsində olan məsələdir. Və Ermənistanın bu məsələyə hər hansı aidiyyəti yoxdur.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük quruculuq işləri də Ermənistan cəmiyyətində qısqanclıq ilə qarşılanmaqdadır. Ermənilər tərəfindən 30 il ərzində dağıdılmış Füzulidə qısa müddətdə müasir hava limanının inşası, işğaldan azad edilmiş rayonlarda yolların çəkilməsi, infrastrukturun yaradılması, elektrik stansiyalarının işə salınması və s. ermənilərin yuxularına haram qatıb.
Çünki bütün bunlar onların bacara bilmədiyi işlərdir. Onlar yalnız dağıtmağa, talan etməyə, vandallığa öyrəşiblər. Xarici jurnalistlər tərəfindən Ağdamın "Qafqazın Xirosiması" adlandırılması da məhz erməni vandallığının nəticəsidir. Xarici media nümayəndələri Ağdamda gördükləri mənzərəni nasistlərin Ukrayna və Belarus şəhərlərində törətdikləri vəhşiliklər ilə müqayisə edirlər. Və nasistlərin bu məsələdə ermənilərdən geri qaldıqlarını da vurğulayırlar.
Təbii ki, bütün bunlar Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin psixoloji durumuna birbaşa təsir göstərir. Onlar seçim qarşısında olduqlarını artıq anlamağa başlayıblar. Çünki gözləri qarşısında baş verənlər onlar üçün olduqca ciddi örnəkdir.
Xankəndi və ətraf bölgədə yaşayan ermənilər dövlət anlayışı ilə tanış olmaq imkanı qazanıblar. Erməni media mənbələri artıq müəyyən müqayisələr etməyə başlayıblar. Həmin mənbələr xüsusi olaraq, qeyd edirlər ki, son 30 il ərzində rəsmi İrəvan nə Ermənistanda nə də hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu ərazidə hər hansı tikinti və ya yenidənqurma işləri aparmayıb. Azərbaycan isə qısa müddətdə Ermənistanın 30 ildə bacarmadığı işləri görməyə nail olub.
Maraqlıdır ki, Xankəndi və ətraf bölgədə mövcud olan vəziyyət ilə bağlı Ermənistan mətbuatında, eləcə də, sosial şəbəkələrin erməni seqmentində olduqca maraqlı məlumatlar yer almaqdadır. Həmin məlumatlara görə, hazırda Xankəndi və ətraf bölgədə sosial vəziyyət dözülməz xarakter daşıyır. Elektrik enerjisi ilə təchizat bərbad vəziyyətdədir. Su təchizatı Rusiya sülhməramlı qüvvələrinin ümidinə qalıb. Ən adi gündəlik ehtiyac malları belə çətinliklə əldə olunur.
Digər tərəfdən, Xankəndi və ətraf bölgədə iş yerləri mövcud deyil. Xankəndidə yaşayan erməni qadınların əsas qazanc yerləri zaman keçdikcə daha da artan bardellər hesab olunur. Həmin bardellərin əsas müştəriləri isə Rusiya sülhməramlılarıdır. Rus hərbçilər öz boş vaxtlarını Xankəndi bardellərində erməni qadınları ilə keçirməyi xoşlayırlar. Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, rus hərbçilərin "günahı" ucbatından hamiləlik problemi ilə üzləşən gənc erməni qızlarının sayı artır.
Onu da qeyd edək ki, bütün baş verənlərə görə son vaxtlar Xankəndidə yaşayan ermənilər hər kəsdən daha çox Ermənistanı və Araik Arutyunyanın separatçılarını günahlandırırlar. Sosial şəbəkələrin erməni seqmentində yayılan son məlumatlara görə, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər artıq səfalətdən xilas olmağın yollarını axtarmağa başlayıblar. Onların bir qismi bölgəni həmişəlik tərk edirlər. Bəziləri isə bu barədə ciddi şəkildə düşünür. Eyni zamanda, bəzi ermənilərin Azərbaycan dövlətinə sığınmağın yollarını axtardıqları barədə də məlumatlar mövcuddur.
Bir müddət öncə 15 nəfərə yaxın erməninin Xankəndi və Şuşa arasında olan Azərbaycan əsgərlərinin postuna gəldikləri bildirilir. Onlar Azərbaycan əsgərlərindən rəsmi Bakıya onların vəziyyəti və xahişləri barədə məlumat verilməsini istəyiblər. Ermənilər bildiriblər ki, Xankəndidə iş yerləri yoxdur, dolana bilmirlər.
Ona görə də, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını vurğulayıblar. Əvəzində isə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq prosesində onların da iş yerləri ilə təmin olunmalarını xahiş ediblər. Azərbaycan əsgərlərinin ermənilərə onların xahişlərinin mərkəzi hökumətə çatdırılacağını bildirdikləri vurğulanır. Və həmin ermənilərin rus sülhməramlılar tərəfindən zorla Xankəndiyə qaytarıldıqları da bildirilir.
Sosial şəbəkələrin erməni seqmentində Azərbaycan dövlətinin himayəsi altına sığınmaq istəyən ermənilər nə qədər qınaq obyektinə çevrilsələr də, belə faktların sayı kifayət qədərdir və durmadan artır.
Məsələn, lurer.com saytına müraciət edən başına gələnləri danışan erməni qadının dedikləri Xankəndi və ətraf bölgədə mövcud olan vəziyyəti təsəvvür etməyə imkan verir. Ermənistanın işğalı dövründə Şuşa şəhərində yaşadığını iddia edən İzaura Balasanyan adlı erməni qadın Xankəndidə dözülməz vəziyyət olduğu üçün dörd azyaşlı uşağı ilə Azərbaycan dövlətinin himayəsinə sığınmaq istədiyini deyib. O, bildirib ki, avqust ayının 1-də uşaqları ilə birlikdə yaşamaq üçün Şuşa şəhərinə getməyə cəhd göstərib. Ancaq Rusiya sülhməramlıları onların bu cəhdinin qarşısını alıblar.
Erməni qadın bildirib ki, onu belə bir addım atmağa Xankəndidə üzləşdiyi səfalət və ümidsizlik məcbur edib. Xankəndidə yaşadığı evin sahibinin kirayə haqqını 100 min dramdan 150 min drama qaldırması ona başqa çıxış yolu buraxmayıb: "Bizə ev kirayəsi üçün cəmisi 50 min dram verirlər. Bunun üzərinə 50 min dram da özümüz əlavə etməli oluruq. Ev sahibi kirayə haqqını 150 min drama qaldıranda anladım ki, mən bu məbləği ödəyə bilməyəcəm. Ona görə də, Şuşa şəhərinə getmək qərarı verdim".
Göründüyü kimi, olduqca ibratamiz hadisədir. İzaura Balasanyanın dedikləri Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin vəziyyətini təsəvvür etməyə imkan verir. Çıxılmaz vəziyyətdə olan ermənilərin seçim variantları sırasına artıq Azərbaycan dövlətinin himayəsi altına sığınmaq da əlavə olunmağa başlayıb. Belə davam edəcəyi təqdirdə, Azərbaycan vətəndaşlığının qəbul olunması ermənilər üçün hətta yeganə seçim variantına da çevrilə bilər.
Belə anlaşılır ki, çox tezliklə Xankəndidən Şuşaya kütləvi erməni köçü başlaya bilər. Hər halda, çarəsiz vəziyyətdə olan ermənilərin Xankəndidən Şuşaya qaçmağı xilas yollarından biri kimi istifadə etməyə başladıqları inkaredilməz reallıqdır. Və artıq başlayan bu prosesin qarşısını hələlik yalnız Rusiya sülhməramlı qüvvələri ala bilirlər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar