Xəbər lenti


IRNA, İran
10.09.2021


Azərbaycanın Tehrandakı yeni səfiri Əli Əlizadə hesab edir ki, ölkəsi ilə İran arasında ticarət əlaqələrinin, biznes münasibətlərinin miqyası indikindən 2-3 dəfə çox olmalıdır.

IRNA xəbər verir ki, Əli Əlizadə İrana gəldikdən sonra verdiyi ilk açıqlamalardan birində iqtisadi əlaqələrdən danışıb. “Azərbaycan rəhbərliyinin tövsiyəsi ticarət və biznes əlaqələrini inkişaf etdirmək, 2-3 qat artırmaqdır”, - deyə səfir bildirib: “Azərbaycan iki ölkə, xüsusilə həmsərhəd bölgələr arasında iqtisadi-ticari əlaqələrin inkişafını dəstəkləyir”.

Ərdəbil vilayətinə dəvət olunmuş səfir bu dəvəti məmnunluqla qəbul etdiyini bildirib: “Ən qısa zamanda Ərdəbilə gedəcək, dövlət rəsmiləri və özəl sektor nümayəndələri ilə görüşlər keçirəcəyəm”.

Bu arada, Ərdəbil vilayəti başçısının iqtisadi məsələlərin koordinasiyası üzrə müavini Ərjəng Əzizi bu vilayətlə Azərbaycan Respublikası arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. İran-Azərbaycan sərhədini ən etibarlı sərhədlərdən biri adlandıran Əzizi deyib: “İranla Azərbaycanın ortaq mədəni, sosial və dini cəhətləri var. Təsadüf deyil ki, iqtisadi-ticari əlaqələrin inkişafının vacibliyi daim hər iki ölkənin yüksək vəzifəli şəxsləri tərəfindən vurğulanır və dəstəklənir”.

Azərbaycanın Tehrandakı yeni səfirini Ərdəbil vilayətinə səfərə dəvət edən Əzizi fikrini belə davam etdirib: “Vilayət rəsmilərinin yeni səfirdən gözləntisi pandemiya şəraitində Ərdəbil vilayətindən iş adamlarının Azərbaycana gediş-gəlişinin sadələşdirilməsinə, Parsabad rayonunun Yenikənd sərhəd məntəqəsində dəmir yolu dokunun tikintisi ilə bağlı Azərbaycan rəsmiləri ilə əldə olunmuş razılaşmanın həyata keçirilməsinə töhfə verməsidir”.

Qeyd edək ki, Azərbaycanın yeni səfiri İrana Astaradan quru sərhədi ilə daxil olub. Onu burada vilayət başçısının müavini, Ərdəbil Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri və Astara Gömrük Baş İdarəsinin rəisi qarşılayıblar.

İran Fars körfəzinin ərəb ölkələri ilə müqayisədə, bu ilin birinci yarısında ən çox ticarət əməliyyatlarını Azərbaycan Respublikası ilə həyata keçirib. Bu müddətdə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 194 milyon dollardan çox olub.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: IRNA


Ana səhifəyə qayıt        Baxış: 3 866          Tarix: 10-09-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma