Xəbər lenti



Eurasia Review, ABŞ
10.09.2021


Müəllif: Taras Kuzio
Ermənistanın son 30 ildə Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələri normallaşdırması mümkün deyildi. Səbəb onun 1994-2020-ci illərdə Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlaması idi. Amma 44 gün davam etmiş İkinci Qarabağ müharibəsindən sonra vəziyyət radikal şəkildə dəyişib. Müharibənin nəticələri erməni millətçilərini “Böyük Ermənistan” xülyasından əl çəkməyə vadar edir. Erməni İnqilabi Federasiyasının (daşnaklar) uzun illərdir dəstəklədiyi bu ideya Türkiyənin şərq, Azərbaycanın isə qərb ərazilərinə (Qarabağ) iddiaya əsaslanır.
Daşnaklar ənənəvi olaraq erməni diasporuna güclü təsir göstərib. Bu gün onlar Ermənistanın xarici siyasətinə də ciddi təsir göstərir. Məhz bunun nəticəsidir ki, Ermənistanın Xarici İşlər Nazirliyi hələ də qondarma “Artsax Respublikası”nın “müqəddəratını təyinetmə” hüququndan danışır.

Bu gün Azərbaycan Qarabağ və ona bitişik 7 rayona nəzarəti geri qaytarıb. Demək, Yerevanın Bakı ilə sülh müqaviləsi imzalamaq imkanı yaranıb. Bəs sülh müqaviləsi hansı prinsiplər əsasında imzalana bilər? Bunun üçün erməni millətçiləri “Böyük Ermənistan” xülyasından əl çəkməli, Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımalı, qondarma “Artsax Respublikası”nın “müqəddəratını təyinetmə” hüququ haqda tələblərə son qoyulmalıdır.

Ermənistan 1990-cı illərin əvvəllərində müstəqillik qazandıqdan bəri avtokratik, imperialist dövlət olan Rusiya və teokratik İrana yaxınlığı ilə tanınır. Yerevan Rusiyapərəst xarici siyasət yürüdür, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı kimi, Moskvanın başçılıq etdiyi inteqrasiya layihələrində yer alır.
Doğrudur, Ermənistanın Rusiya ilə quru sərhədi yoxdur. Odur ki, iki ölkə arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Amma Yerevanın Tbilisi ilə də əlaqələri o qədər də yaxşı deyil. Artıq qeyd etdiyimiz kimi, Yerevan “miatsum” şüarı altında “Böyük Ermənistan” xülyası ilə yaşayır. Belə bir erməni separatçılığı fonunda gürcülərin ölkələrində yaşayan erməni azlığa şübhə ilə yanaşması təəccüblü olmamalıdır.

Ermənistan digər qonşusu İranla cəmi 44 kilometrlik sərhədə malikdir. Yerevan Moskvadan asılılığını azaltmaq üçün zaman-zaman məhz Tehranla əlaqələri balanslaşdırmağa çalışıb. Amma onun bu səylərinin ciddi nəticə verdiyini söyləmək çətindir.
Beləliklə, Ermənistan sərhədlərinin böyük hissəsi Türkiyə və Azərbaycanın payına düşür. Lakin Yerevanın son dövrlərə qədər Azərbaycan ərazilərini işğal altında saxlaması həm Azərbaycan, həm də Türkiyənin onunla sərhədlərini qapamasına səbəb olub. Odur ki, indi Yerevan bu vəziyyətə son qoymaq haqda düşünməli, bunun üçün isə postmünaqişə dövründə Bakı ilə sülh müqaviləsi imzalamalıdır. Bu, Ermənistana 5 strateji fayda qazandıracaq.

Birincisi, Ermənistan Avropa ilə Asiya ölkələri arasında balanslaşdırılmış xarici siyasət yürütməklə, Rusiya və İran kimi “izqoy” dövlətlərdən asılılığını azaldacaq. Moskva Yerevanın iqtisadi inkişafında maraqlı deyil. Çünki o, Ermənistana Avrasiyadakı nüfuz dairəsinin bir hissəsi, hərbi bazalarının yerləşdiyi ərazi kimi baxır.   

İkincisi, Ermənistan Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” təşəbbüsündə daha dərindən iştirak edə biləcək. Bu isə onun inkişafına Vladimir Putinin Avrasiya İqtisadi İttifaqından daha çox fayda verəcək. Əslində, hazırda Yerevan üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə Aİ-nin arasında qalıb. Onun Azərbaycanla əlaqələri normallaşdırması, nəticə etibarı ilə Ankara ilə də münasibətlərinin yaxşılaşmasına səbəb olacaq. Bu, Ermənistana Dərin və Hərtərəfli Azad Ticarət Zonası (DCFTA) vasitəsilə Aİ-nin Gömrük İttifaqına daha ciddi inteqrasiyasına əlavə imkanlar yaradacaq. Bu mənada, Yerevan Ukraynadan nümunə götürməlidir. Kiyev Aİ ilə 2014-cü ildə assosasiya sazişi imzalayıb və bununla da tərəflər arasında ticarət dövriyyəsi xeyli artıb. İndi Ukraynanın ixracının 50%-i məhz Aİ-nin payına düşür. Demək, Yerevanın Brüsellə münasibətlərini genişləndirməsi onların arasında ticarət əlaqələrini artıracaq.

Amma burada Ermənistan iqtisadiyyatı üçün az əhəmiyyət kəsb etməyən başqa məqamlar da var. Məsələn, Aİ-nin tələbləri. Söhbət məhsulların yüksək standartlarla istehsalından, korrupsiyanın səviyyəsinin aşağı salınmasından, normativ aktların sayının azaldılmasından və s. gedir.

Üçüncüsü, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılması regional ticarətin, nəticə etibarı ilə onun iqtisadiyyatının inkişafını sürətləndirəcək. Yerevan indiyədək kənarda qaldığı regional inteqrasiya layihələrinə qoşulmaqla, Tehranla Moskvanın onun üzərindəki hökmranlığını azalda biləcək. Regional layihələrdə iştirak Ermənistan iqtisadiyyatına təbii ki, böyük fayda verər, iş, daha yaxşı həyat axtarışı ilə vətənini tərk edən ermənilərin sayını xüyli azaldardı.

Yeri gəlmişkən, bu gün Rusiyada 2 milyon erməni yaşayır və işləyir. Ermənistan əhalisinin təxminən 3 milyon nəfər olduğunu nəzərə alsaq, bu, kifayət qədər böyük rəqəmdir. Azərbaycanla Türkiyənin ümumi əhalisi isə 92 milyon nəfərdir. Demək, Ermənistanın qonşusu olan bu iki dövlət geniş satış bazarına malikdir. Onlarla müqayisədə Rusiya və İran Ermənstan üçün daha uzaqdır, demək bu ölkələrlə ticarət də ermənilərə daha baha başa gəlir. Başqa sözlə, Ermənistan öz məhsullarını Azərbaycan və Türkiyəyə ixrac edən zaman nəqliyyat xərcləri də azalacaq.

Dördüncüsü, Ermənistanın Rusiya və İranla münasibətləri az da olsa soyutması onun beynəlxalq imicini yaxşılaşdırardı. Ermənistan illərdir BMT-də Şimali Koreya, Suriya, Myanma, İran, Venesuela və Nikaraqua kimi “izqoy” dövlətlərlə birgə, Rusiyanın Krımı ilhaq etməsini pisləyən qətnamələrə qarşı çıxır. Yeri gəlmişkən, erməni siyasətçilərinin Qarabağa yanaşmasında olduğu kimi, Rusiya da Krım məsələsində “müqəddəratını təyinetmə” prinsipini önə çəkir.

İrana gəlincə, son illərdə Ermənistan, iqtisadiyyatında durğunluq yarandıqca, Tehrana daha çox yan almağa balayıb. Bununla o, İranın ABŞ və digər Qərb dövlətlərinin sanksiyalarından yayınmasına da kömək edib. Məsələn, Yerevan Bolqarıstanda istehsal edilən silahların İrana tədarükündə vasitəçi olub. Tehran isə bu silahları İraqdakı İranpərəst qruplara göndərib. ABŞ ordusuna hücumlar zamanı məhz həmin silahlardan istifadə edilib.

Bu da son deyil. Ermənistan İranın BƏƏ-də fəaliyyət göstərən uydurma şirkətinə biokimyəvi avadanlıqlar belə, tədarük edib, müxtəlif yalançı gedişlərdə yer alıb. Məsələn, Ermənistan təyyarələri gizli şəkildə Tehrana “təcili eniş” ediblər, orada bu təyyarələrə reyder hücumları təşkil olunub. Nəticədə Vaşinqton xarici terror qrupu kimi tanıdığı İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds qüvvələrinə və İran hökumətinə müvafiq olaraq, aviasiya və bank xidmətləri göstərdiyinə görə Ermənistana sanksiyalar tətbiq edib.

Beşincisi, Ermənistan “Cənub Qaz Dəhlizi” kimi regional enerji layihələrində iştirak edə biləcək. Nəticədə Yerevanın İran qazından asılılığı aradan qalxacaq. Xatırladaq ki, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya neft-qaz nəql edən kəmərlər – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum və TANAP Ermənistandan yan keçir. Halbuki, Yerevan layihələrin bir hissəsin çevrilə bilərdi.
Beləliklə, Azərbaycanın ötən il 44 gün davam etmiş müharibə nəticəsində öz ərazilərinin işğalına son qoyulması Ermənistana Rusiya və İran kimi “izqoy” dövlətlərin asılılığından qurtarmaq imkanı yaradıb. Odur ki, erməni siyasətçilər və millətçilər Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışmalıdırlar. Bu sənədlə iki dövlətin Sovet dönəmindəki sərhədləri tanınmalı, Ermənistan Qarabağ iddialarından əl çəkməli, bir daha “müqəddəratını təyinetmə” prinsipindən danışmamalıdır.

Ermənistan sülh müqaviləsini imzalamaqdan imtina edə bilər. Amma bu qərar ölkədə onsuz da illərdir yaşanan iqtisadi durğunluğun davam etməsinə, Yerevanın beynəlxalq səviyyədə qınanmasına səbəb olacaq. Yox, Ermənistan Qarabağ münaqişəsinin başa çatması nəticəsində yaranmış yeni reallıqlarla barışarsa, regional, həmçinin Avropanın inteqrasiya layihələrində iştirak etmək, bununla da Rusiya və İrandan asılılığını azaltmaq, iqtisadiyyatını inkişaf etdirmək, ticarət əlaqələrini genişləndirmək, əhalisinin həyat şəraitini yüksəltmək imkanı qazanacaq.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eurasia Review


Ana səhifəyə qayıt        Baxış: 4 529          Tarix: 10-09-2021, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma