Xəbər lenti

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki, Moskva Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülmüş 3+3 regional məşvərət mexanizmini yaratmaq fikrini dəstəkləyir.

Qeyd edək ki, Gürcüstan bu formatın əleyhinə olduğunu bəyan edib. Rusiya ilə diplomatik, siyasi əlaqələri kəsmiş rəsmi Tiflis hesab edir ki, Moskva təcavüzkar siyasətini dəyişməyənə qədər belə əlaqələr qurula bilməz. Oktyabrın 18-də Gürcüstanda səfərdə olmuş ABŞ-ın müdafiə naziri Lloyd Austin Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze ilə görüşdən sonra “Altılıq platforması”nın yaradılması məsələsinə münasibət bildirmişdi. Nazir “Yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”,-deyə qeyd etmişdi.

Ermənistanın xarici işlər nazirinin müavini Vahe Gevorkyan isə "Altılıq platforması" haqda deyib ki, regional əməkdaşlığa dair bir neçə təkliflər var: “3+3 bu təkliflərdən yalnız biridir. Biz bütün təkliflərə münasibətdə, onlardan hər hansı birinə yaxşı və ya pis, qərəzlə yanaşmadan vahid mövqe nümayiş etdirməliyijk. Bizim üçün prioritet olan Ermənistanın milli maraqlarıdır və sizin də dediyiniz kimi, mümkün təhlükə və risklərin nəzərə alınmasıdır”.
Nazir müavini deyib ki, İrəvanın mövqeyinə görə bu təkliflər artıq mövcud olan formatları təkrarlamamalıdır: “Bu nöqteyi-nəzərdən bizim üçün prioritet budur ki, ATƏT-in Minsk Qrupu həmsədrliyi təkrarlanmasın. Bütün bu təkliflərə baxılır, amma hər hansı irəliləyiş və ya qərardan danışmaq hələ tezdir”.
Politoloq Elxan Şahinoğlu bildirir ki, Mariya Zaxarovanın açıqladığı mövqe ilk baxışdan Rusiyanın regionla bağlı niyyətinin saf olduğunu göstərsə də, 8 avqust 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərinin Rusiya tərəfindən işğal edildiyini yaddan çıxarmaq olmaz. "Məhz buna görə də Gürcüstan tərəfi Rusiya ilə hansısa platformada iştirak etmək niyyətində olmadığını hər fürsətdə dilə gətirməkdədir. Digər tərəfdən isə Gürcüstanın daha çox Qərblə, xüsusilə də ABŞ-la yaxınlaşmaq niyyəti "Altılıq platforması"nda Gürcüstan və Rusiyanın birgə olması məsələsini şübhə altında qoyur", - ekspert qeyd edib.

Politoloqun fikrincə, ABŞ müdafiə nazirinin sözügedən açıqlaması ABŞ-ın "Altılıq platforması" ilə bağlı mövqeyini tam şəkildə ortaya qoyub: "Rusiya XİN sözçüsü Zaxarova brifinq zamanı onu da qeyd edib ki, çoxşaxəli regional əməkdaşlığın inkişaf etdirilməsi bu formatın bütün mümkün iştirakçılarının mənafeyinə uyğundur.

Burada yaranan əsas sual ondan ibarətdir ki, niyə Rusiya bu platformanın yaradılması üçün bu qədər maraq göstərir? Təbii ki, burada Rusiyanın bir neçə hədəfi olduğu aydın şəkildə görünməkdədir:

1. Gürcüstanla iqtisadi əməkdaşlığı gücləndirməklə aralarındakı konflikti unutdurmaq və onu təsir dairəsində saxlamaq.

2. ABŞ və Avropa dövlətlərini regiondan mümkün qədər məsafəli saxlamaq.

3. Uzun illərdir Qərbdən özünə qarşı tətbiq edilmiş sanksiyaların təsirini bu platforma vasitəsi ilə qurulacaq iqtisadi əməkdaşlıqla aradan qaldırmaq.

4. Təkcə Cənubi Qafqaz dövlətləri ilə deyil, eyni zamanda Türkiyə və İranla əməkdaşlığı gücləndirməklə ticarət-iqtisadi şəbəkəsini möhkəmləndirmək və s.

5. Ukrayna məsələsi hələ də gərgin olaraq qalır və demək olar ki, gərginlik hər gün daha da artmaqdadır. Ona görə də Rusiya ikinci belə böyük münaqişədən yan keçməyə çalışır".

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın arzuları çoxdur, amma dünya siyasətinin mövcud reallıqları başqadır: "Kreml strateqləri yavaş-yavaş anlamağa başlayırlar ki, zor gücünə və silahla nəyisə əldə etmək dövrü bitib artıq. İndi əsas məsələ siyasi və iqtisadi müstəvidə uğur əldə etməkdir. Demək olmaz ki, "Altılıq platforması"nın yaradılması tam şəkildə Rusiyanın maraqlarına xidmət edir. Buna baxmayaraq, mövcud beynəlxalq siyasi şərait Rusiyanı vadar edir ki, Türkiyə və İranın da regionda varlığına səbrli yanaşsın. Odur ki, "Altılıq platforması" Rusiya üçün "könüllü məcburi" kimi qəbul edilə bilər".

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 4 074          Tarix: 6-11-2021, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma