Xəbər lenti

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən ötən bir il müddətində Zəngəzur dəhlizinin açılması gündəmdə olub. Bu məsələ rəsmi Bakı tərəfindən israrlı şəkildə gündəmə gətirilir və hazırkı proseslər də onun reallaşacağını göstərir. Çünki regionda hərbi-siyasi vəziyyətə ciddi təsir imkanları olan Rusiya və Azərbaycanın, eyni zamanda onun strateji müttəfiqi Türkiyənin bu məsələdə mövqeyi üst-üstə düşür. 

Dəhlizin çəkiləcəyi ərazilərin sahibi olan Ermənistan da uzun çəkən tərəddüdən sonra dəmiryolu və avtomagistralın çəkilməsinə razılaşıb. Bunu Baş nazir Nikol Paşinyan MDB dövlət başçıslarının sonuncu zirvə görüşündə çıxış edərkən deyib.

Zəngəzur dəhlizi nəyi ehtiva edir?
Zəngəzur dəhlizi Azərbaycanın böyük hissəsini Naxçıvan Muxtar Respublikası (NMR) ilə əlaqələndirəcək, eyni zamanda Naxçıvan üzərindən Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə qurulacaq.

Xatırladaq ki, Qarabağ münaqişəsindən əvvəl bu dəhliz istifadə olunub, amma münaqişə başlaandan sonra Azərbaycanın Naxçıvanla quru əlaqəsi ancaq İran ərazisindən keçməklə olub.

Hüquqi və siyasi baza


Dəhlizin çəkilməsinin hüquqi və siyasi əsası 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış atəşkəs bəyanatı ilə qoyulub. Həmin sənədin 9-cu bəndində yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Yanvarın 11-də liderlərin Moskvada keçirlmiş üçtərəfli görüşündə isə kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun yaradılması haqda razılaşma əldə edilib. İyun ayından etibarən bu qrupun Moskvada bir neçə görüşü baş tutub.
Zəngəzur dəhlizi hansı ölkəyə daha çox faydalıdır?
Dəhlizin açılmasından Azərbaycanın, eləcə də region ölkələri - Rusiya, Türkiyə və Ermənistanın nə əldə edəcəyi ilə bağlı cəmiyyətdə geniş diskussiyalar var. Bəzi siyasətçilər və ekspertlər rəsmi Bakının təşəbbüskar və israrlı mövqeyinə rəğmən Zəngəzur dəhlizindən elə də böyük fayda götürməyəcəyini bildirirlər. Amma Rusiya və Ermənistanın isə əksinə, dəmir yolu və avtomagistraldan daha çox fayda götürəcəyini iddia edirlər.

Bəs gerçəklik nədən ibarətdir? Azərbaycanın və digər iştirakçı ölkələrin mənfəəti necə formalaşacaq?
Qüdrət Həsənquliyev: "Dəhlizin açılması Rusiya və Ermənistana daha çox xeyirdir"

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib ki (musavat.tv), Zəngəzur dəhlizi daha çox Rusiya və Ermənistan üçün faydalıdır. Azərbaycanın isə böyük investisiya yatırdığı Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini azaldacaq: "Biz bu dəmir yolu vasitəsilə istənilən yükümüzü, hətta silah da daşıya bilirik. Bizim Bakı-Tbilisi-Qars xəttində əsas marağımız odur ki, həmin yolla daha çox yük daşınsın ki, Gürcüstana verdiyimiz krediti geri qaytara bilək. Çünki sövdələşmənin şərtlərinə görə, Azərbaycan Gürcüstana verdiyi 770 milyon dollar krediti qonşu ölkə yalnız həmin dəmir yolundan əldə elədiyi qazancdan verəcək. Naxçıvana onsuz da Türkiyədən, İrandan yüklər daşınır. Zəngəzur dəhlizini açmaqla guya Türk dünyası birləşir..."

Deputatın sözlərinə görə, bu dəhliz əsasən Rusiya və Ermənistanın maraqlarına cavab verir: "Çünki bu dəmir yol xətti ilə Rusiya İran və Ermənistanla birləşir. Siyasətdə bəzən incə məqamlar var: özünü elə aparırsan ki, guya bu, məndən çox sənə lazımdır. Ermənistan daha çox bu məsələnin üzərində oynayır. Sonda onu Azərbaycana çox böyük güzəşt kimi təqdim edəcək. Beləliklə, dəhlizin açılması nəinki Azərbaycanla Türkiyəyə, Rusiya və Ermənistana daha çox xeyirdir". 
Fazil Mustafa: "Quru yolla Türkiyə ilə birləşməyimizdən sonra bizə zaval yoxdur"

BQP-nin sədri, deputat Fazil Mustafa isə əksini düşündüyünü açıqlayıb: "Zəngəzur dəhlizi transmilli kommunikasiyadır. Bu, həm açılım, həm maliyyə, həm də Türkiyə ilə birləşmək baxımından həyati əhəmiyyət daşıyır. Quru yolla Türkiyə ilə birləşməyimizdən sonra bizə zaval yoxdur".
Tofiq Zülfüqarov: "Ermənilər hələ indi ayılıblar..."

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, Zəngəzur dəhlizi işlək vəziyyətə gətirilsə, deməli sovetlər vaxtı mövcud olan vəziyyət bərpa olunacaq: "Yəni SSRİ dəmiryolları indiki halda Azərbaycan və Rusiya dəmiryolları deməkdir. 

İranın birbaşa Naxçıvanın Culfa rayonu vasitəsilə bu dəmiryollarına bağlantısı olacaq. Bu dəhiz artıq mövcuddur və işlək vəziyyətə gətiriləcək. Belə olan təqdirdə ruslar nə dərəcə maraqlı ola bilərlər ki, Fars körfəzindən keçən mallar Ermənistan ərazisindən keçib Gürcüstana gəlməli və bundan sona şimala qalxmalıdır? Sizcə, ruslar buna icazə və razılıq verərlərmi? Onu da unutmayın ki, dediyiniz xətdə yalnız avtomobil yolu var, dəmiryolu ümumiyyətlə mövcud deyil. Bu baxımdan ermənilər çalışırlar ki, bizim gördüyümüz işlərin təkrarını etsinlər. Amma biz bu işləri çoxdan görmüşük. Hazırda Şərq-Qərb dəhlizinin bir hissəsi bizdən keçir və Şimal-Cənub dəhlizini də biz öz tərəfimizə çəkə bilmişik. Ermənilər hələ indi ayılıblar və hansısa böyük nəqliyyat layihəsi barədə danışırlar. Halbuki bu, mümkün olan iş deyil".

Fərhad Məmmədov: "Biz nəyi Gürcüstan vasitəsi ilə daşıya bilmirdik ki, indi Zəngəzur dəhlizi vasitəsi ilə daşıya biləcəyik?"

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş rəhbəri, politoloq Fərhad Məmmədov isə “AzPolitika”ya şərhində Zəngəzur dəhlizinin Azərbaycan və digər ölkələr üçün əhəmiyyəti barədə bunları deyib: "Azərbaycan hər zaman bildirir ki, Araz boyu dəmiryolu və avtomobil yolunun çəkilməsi prioritetdir. Dəhliz əsasən Naxçıvan Muxtar Respublikasına quru yolunu təmin edəcək.

 Azərbaycanın strateji təşəbbüsü imkan verir ki, o öz addımlarını rahat həyata keçirə bilsin. Çünki Azərbaycan postsovet məkanında çox nadir ölkələrdən biridir ki, özü strateji infrastrukturu yarada bilib. Bunu Rusiya və Azərbaycan istisna olmaqla, heç bir ölkə həyata keçirə bilməyib. Bura neft, qaz kəmərləri, avtomobil və dəmir yolları daxildir. Biz, əlbəttə, Naxçıvana Gürcüstan və Türkiyə üzərindən və İran vasitəsi ilə çata bilirik. Amma bu çox uzaq məsafədir.

Naxçıvanın iqtisadi təhlükəszilik təminatı artıq Türkiyə vasitəsi ilə həyata keçirilir. Zəngəzur dəhlizi ikinci yoldur, amma əsas yol olacaq. Heç kim bizi təhdid edə bilməz ki, sabah bu yolu bağlasam, Naxçıvanda nə qaz, nə işıq olacaq və s. Biz alternativ infrastrukturu yaratmışıq. İndi orada Qars - Naxçıvan dəmir yolunun tikintisi qalıb. Onun maliyyələşdirlməsi və s. işlərlə bağlı danışıqlar gedir.
İkinci məsələ, Zəngəzur dəhlizi vasitəsi ilə Türk dünyasının quru yolla birləşdirilməsidir. Amma onsuz da Gürcüstan vasitəsi ilə birləşmişik. Biz nəyi Gürcüstan vasitəsi ilə daşıya bilmirdik ki, indi Zəngəzur dəhlizi vasitəsi ilə daşıya biləcəyik? Əlbəttə, bu da bir alternativdir. Hər bir halda Qərb-Şərq vektorunda olan nəqliyyat dəhlizlərinin Azərbaycanla bağlı hissəsində nə qədər çox alternativlər olsa, bir o qədər bizim üçün yaxşıdır.

Rusiya üçün faydası
Zəngəzur dəhlizi Rusiya üçün yeni funksional əlaqə oldu. Rusiya, məlumdur ki, Ermənistanın təhlükəsizliyinin qarantıdır, iqtisadiyyatında, ticarətində vacib paya malikdir. Azərbaycanla da bu münasibətlər var. Ermənistan vasitəsi ilə həm bu yolların təhlükəsizlik qarantiyasını əlinə alıb, eyni zamanda öz şirkəti olan Cənubi Qafqaz Dəmir Yolu vasitəsi ilə bu yolda iştirak edir. Beləliklə, Ermənistan vasitəsi ilə bizə müəyyən dərəcədə asılılıq yaranır. Yəni Zəngəzur dəhlizində hərəkət ancaq Rusiyanın təhlükəsizlik qarantiyası ilə həyata keçirilə bilər. Bu artıq Rusiyanın regiondakı maraqlarının bir qoludur, bu qol da Azərbaycanın maraqlarına zidd deyil. Bu, Azərbaycana təsir mexanizmdir, amma bizim ərazimizdə deyil.

Türkiyə nə əldə edir?
Türkiyənin marağı isə alternativ yollardır. Çünki yaxın gələcəkdə buna alternativ Qərb-Şərq nəqliyyat dəhlizinin formalaşması ehtimalı yoxdur. Hazırda Transsibir xətti var: Sibirdən keçən yoldur, Çinin Şimalından başlayır, Ukrayna ərazisindən keçir. Bu yolun illik yükdaşıma qabiliyyəti 25 milyon tondur. Çin Qazaxıstan vasitəsi ilə də bir dəmir yolu çəkib, o da Belarusdan keçməklə Rusiyaya gedir. Onun yükdaşıma qabiliyyəti illik 10-12 milyon tondur. Bu yollarla bağlı vacib problem odur ki, qış aylarında demək olar ki, dayanır, işləmir, mənfi 20-30 dərəcə hərəkəti çox ləngdir. İndi orta yol vacibdir, burada hava mülayimdir, ildə 365 gün daşıma həyata keçirilə bilər. Xəzər dənizində də küləklərə görə Şərqdən Qərbə daşımalar vaxtında çatdırıla bilmir. Ona görə vacibdir ki, yüklər quru və bir nəqliyyat növündən istifadə edilməklə daşınmalıdır. Bu da dəmir yoludur və Türkiyə orada öz iştirakını təmin edə bilir
Narazı Ermənistan nə qazanacaq?

Ermənistanın dəmir yollarının xəritəsinə baxdıqda görürük ki, Zəngəzur tərəfə dəmir yolu yoxdur. Hətta sovet hökuməti də onu tikməyib. Əgər Ermənistanda istehsal olunan mallar Rusiyaya göndərilirsə, Qazax rayonu və Naxçıvan tərəfdən bizim dəmir yoluna çıxış əldə edirlər. Onlar üçün əsas səmərəsi odur ki, İranla ticarəti Naxçıvan vasitəsi ilə həyata keçirə bilərlər. Çünki Naxçıvandan İrana dəmir yolu mövcuddur. Bu da ən ucuz və sərfəli daşıma yoludur. Başqa tərəfdən, İran Avrasiya İttifaqı ilə əməkdaşlıq edir və bunu məcbur qalıb Azərbaycan vasitəsi ilə həyata keçirir. Amma Zəngəzur dəhlizi işə düşdükdən sonra onu Ermənistan vasitəsi ilə həyata keçirmək mümkündür.

 Ermənistan Zəngəzur dəhlizindən Naxçıvan vasitəsi ilə İrana, eyni zamanda Avrasiya İttifaqı, Gömrük İttifaqına üzv olan ölkələrə Xəzərdəki bizim portlar vasitəsi ilə çıxış əldə edir.

Biz Zəngəzur dəhlizinə bir parça kimi baxmamalıyıq. Çünki bu ümumi kommunikasiyaların açılmasının tərkib hissəsidir. Bu zaman ermənilər həm də Türkiyəyə çıxış əldə edirlər. Xəritədən göründüyü kimi, Gümrü tərəfdən Türkiyəyə dəmir yoluna girişləri mövcuddur.
Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yoluna necə təsir edəcək?
Zəngəzur dəhlizinin Bakı-Tbilisi-Qars dəmir yoluna təsiri olacaq, çünki ona alternativdir. Azərbaycan-Türkiyə ticarətinin dəmiryolu ilə aparılan hissəsi bu xətt vasitəsi ilə həyata keçirilir. Bundan sonra yüklərin müəyyən həcmi artıq Zəngəzur dəhlizi ilə gedəcək.

Azərbaycan və onun partnyorları Şərqdən Qərbə və əksinə yeni həcmlərlə bağlı düşünməlidir ki, Bakı-Tbilisi-Qars dəmiryolunun rentabelliyi artsın. Yəni Zəngəzur dəhlizinin tikilməsi ilə paralel olaraq bu işlər həyata keçirilməlidir ki, bu dəmir yolundan yalnız Azərbaycandan Türkiyəyə, yaxud Türkiyədən Mərkəzi Asiyaya gedən yüklər yox, həmçinin beynəlxalq səviyyədə yüklərin daşınmasında istifadə olunsun”.
E.Rüstəmli
"AzPolitika.info"


Ana səhifəyə qayıt        Baxış: 4 409          Tarix: 23-11-2021, 14:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma