Xəbər lenti

Qazaxıstanın keçmiş Prezidenti, Elbaşı Nursultan Nazarbayevin Azərbaycana Avrasiya İttifaqında (Aİ) müşahidəçi statusu verilməsi haqqında bəyanatından sonra Rusiya Baş nazirin müavini Overçukun Bakıya səfəri, ekspertlər qrupunun Azərbaycan və Rusiya arasında münasibətlərin iqtisadi əsasları ilə bağlı müzakirələri, eləcə də bu barədə yayılan başqa informasiyalar Azərbaycan cəmiyyətində Avrasiya İttifaqına üzvlüyün faydaları, bu qurumda təmsilçiliyin mümkün olub-olmadığı barədə müzakirələrə rəvac verib. 

Politoloq Fərhad Məmmədov bildirir ki, 2012-2013-cü illərdə Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinə assosiativ sazişlər təklif olunanda Azərbaycan gömrük ittifaqları ilə bağlı kriteriyalar formalaşdırmağa başlayıb: "Bu ittifaqların suverenliyə, daxili siyasətə təsiri, Dağlıq Qarabağ münaqişəsinə münasibət və iqtisadi məqsədəuyğunluq əsas götürülüb. Münaqişənin həllindən sonra iki meyar qalır. Bildirilir ki, Avrasiya İttifaqı daxili siyasətə qarışmır, lakin iqtisadi mexanizm daxili siyasət üzərində təsir rıçaqları yaradır".

Politoloq qeyd edir ki, hazırda Azərbaycanın qeyri-neft ixracının 40-42%-i Avrasiya İttifaqı ölkələrinə, əsasən də Rusiyaya gedir: "Yanvar-oktyabr aylarında qeyri-neft sənayesinin əsas ixrac ölkələri bunlardır: Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ. Onu da qeyd edim ki, bu il qeyri-neft sektorunun ixracı 2 milyard dolları keçərək 2,2-2,4 milyard dollar arasında olacaq. Azərbaycanın məqsədi yaxın 5-7 ildə qeyri-neft sektorunun ixrac həcmini 6-8 milyard dollara çatdırmaqdır. Bunun üçün xüsusi razılaşmalar və ya gömrük ittifaqlarına qoşulmaqla əldə edilə bilən satış bazarları lazımdır". 

F.Məmmədov deyir ki, əgər hazırkı ixrac ətalətindən çıxsaq, o zaman yaxın illərdə tədricən Avrasiya İttifaqı ilə əməkdaşlığa meyl edəcəyik: "Bu inteqrasiya birliyinin standartlarına uyğun daha çox mal istehsal edib satacağıq. Bizə hesablamalar aparmaq lazımdır: ixrac üçün nəyi istehsal edə bilərik və istehsal edəcəyik, məhsul harda və kimə lazımdır. Hədəf bu bazarlar üçün çalışmaq olmalıdır. Kobud desək, biz pomidorla bərabər, texnologiya şirkətləri üçün lazım olan çiplərin istehsalına başlamağı planlaşdırırıq. Qərbdə yüksək standartlarla yanaşı ən yüksək ödəmə qabiliyyəti də var. Şərqdə isə bazar var, bəs orada nə sata bilərik, bizim Çinlə Gürcüstanın əldə etdiyinə bənzər azad ticarət müqaviləmiz varmı? Cənubda nəhəng bazarlar var, lakin zəif ünsiyyət, aydın qaydalar və ödəmə qabiliyyətinin səviyyəsi hər yerdə eyni deyil".

Politoloq əlavə edir ki, Azərbaycanın ikitərəfli müqavilələrlə işləmək təcrübəsi var, o Türkiyə, Böyük Britaniya ilə sıx əməkdaşlığı örnək gətirir: "İqtisadi və gömrük ittifaqlarına qoşulmadan bu yolla getsək, qeyri-neft sektorunun ixrac istiqamətlərinin şaxələndirilməsi ilə paralel olaraq 6-8 milyard dollar rəqəminə çatmaq olar.

 Yəni bu yolda Avrasiya İttifaqında müşahidəçi statusu almaq müəyyən sahələrdə üstünlüklər vəd edir. Eyni zamanda Avropa İttifaqı ilə yeni saziş müəyyən növ mallar üçün üstünlüklər deməkdir. Bundan başqa Çin ilə azad ticarət sazişi təchizat üçün kvotaların alınması və cənub, cənub-qərb (Yaxın Şərq) və cənub-şərq istiqamətlərində işlərin intensivləşdirilməsi vacibdir. Beləliklə, bu və ya digər şəkildə, bəlkə də iqtisadi ittifaqlara girmədən, lakin onlarla institusional əməkdaşlıq edərək, ikitərəfli formata investisiya qoyaraq nəzərdə tutulan məqsədlərə çatmaq mümkündür".

"AzPolitika.info"


Ana səhifəyə qayıt        Baxış: 3 220          Tarix: 22-12-2021, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma