Xəbər lenti

Eurasia Review, ABŞ
24.12.2021


Müəllif: Şəbnəm Həsənova
Azərbaycanın Ermənistanla 44 günlük müharibədə qalib gəlməsi ilə regionda kifayət qədər ciddi dəyişikliklər baş verib. Odur ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərə də yeni reallıqlar nəzərə alınaraq baxılmalıdır.

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi zəfər bölgədə sabitlik, əməkdaşlıq və davamlı təhlükəsizliyin təmini üçün əsaslı zəmin yaradıb. Postmüharibə dövründə isə o, təmkinli mövqe tutaraq, bölgədə sülhün bərqərar olmasına, sərhədlərin müəyyənləşdirilməsinə, nəhayət, yekun sülh müqaviləsinin imzalanmasına çalışır. İndi Azərbaycan buna nail olmaq üçün bütün tərəflərlə təmaslara, bərabərhüquqlu danışıqlara hazır, təşəbbüslərə açıq, müstəqil, konstruktiv siyasət yürüdən ölkə kimi xarakterizə edilir.

Cənubi Qafqaz ölkələrinin hər biri Brüssellə münasibətləri inkişaf etdirməyə fərqli yanaşır, bu istiqamətdə fərqli addımlar atır. Bakı Aİ ilə əlaqələri assosiativ üzvlük çərçivəsində deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi əsasında qurmağa üstünlük verir. Bunu Azərbaycanla 9 Aİ üzvü arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanası da təsdiqləyir. Bu gün İttifaqa üzv ölkələrin üçdə biri Bakını strateji tərəfdaş kimi qəbul edir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Brüsseldə keçirilən VI Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90%-dən çoxu artıq başa çatdırılıb. O, bu işlərin aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidini ifadə edib.

Azərbaycanla Aİ arasında tərəfdaşlığın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyidir. Tərəflər arasında 2011-ci ilin dekabrında Bakıda “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamənin imzalanması əlaqələr üçün geniş imkanlar yaradıb. Maraqlıdır ki, Azərbaycan ərazisində faktiki olaraq müharibənin getməsinə baxmayaraq, bu layihənin dördüncü və son seqmenti olan TAP kəməri savaşdan qısa müddət sonra – 2020-ci il dekabrın 31-də istifadəyə verilib. “Cənub Qaz Dəhlizi”nin dörd seqmentinin hər birinin əsas maliyyə yükünü məhz Azərbaycan öz üzərinə götürüb.

Qeyd edək ki, TAP gələcəkdə tikiləcək interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Məlum olduğu kimi, bir vaxtar Bolqarıstan bir qaz tədarükçüsündən asılı olub və “mavi yanacaq” çatışmazlığından ciddi əziyyət çəkib. Amma indi Bolqarıstanın qaza olan təlabatının 33%-ni TAP kəməri vasitəsilə təmin etmək, başqa sözlə, enerji təhlükəsizliyini gücləndirmək imkanı yaranıb.

Artıq “Cənub Qaz Dəhlizi”ndə iştirak etməyən dövlətlər də bu layihəyə qoşulmaq niyyətlərini ifadə edirlər. Əlbəttə, buna Azərbaycan da müsbət baxır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı, nə də soyuqdan donma olur. Üstəlik, “Cənub Qaz Dəhlizi” nəinki marşrutların, həmçinin mənbələrin şaxələndirilməsi missiyasına xidmət etdiyi üçün əsl enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan uzun illərdir ki, Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına rəhbərlik edir.

Bu ilin ilk 10 ayında Azərbaycan bu marşrutla beş ölkəyə – Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstana 14 milyard kubmetrdən çox qazı ixrac edib. “Cənub Qaz Dəhlizi” vasitəsilə ixrac edilmiş qazın yarısını Aİ üzvü olan dövlətlərin istehlakçıları alıb. Gələn il Aİ ölkələrinə 9 milyard, 2022-ci ildə isə azı 11 milyard kubmetr qaz tədarük ediləcək.
Avropa İttifaqı-Azərbaycan münasibətlərinin gündəliyindəki əsas məsələlərdən biri də şübhəsiz ki, Yerevanla Bakı arasında münasibətlərin normallaşdırılmasıdır. Postmüharibə dövründə ilk dəfə olaraq dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib. Müzakirələr 5 saata yaxın davam edib. Cənab Əliyev bu danışıqları konstruktiv mühitdə keçən səmərəli və praqmatik görüş kimi xarakterizə edib.

Azərbaycanın dövlət başçısı elə dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” nəşrinə müsahibəsində jurnalistin “Sizcə, Brüsseldə Avropa İttifaqının rəhbərliyi ilə təmas Soçidəki son görüşdən nə ilə fərqlənir?” sualını belə cavablandırıb: “Səmimi desək, mən heç bir fərq görmürəm. Çünki mən iki ölkə arasındakı münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyini görürəm. Əks halda, onlar bu danışıqlarda bizə vaxt sərf etməzdilər və bizim vaxtımızı almazdılar”.

Şarl Mişelin görüşün nəticələri haqda bəyanatında isə ən önəmli məqam onun Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinin aradan qaldırılmasına etdiyi çağırışdır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişə başa çatıb və artıq bu səhifəni çevirməyin, gələcəyə baxmağın zamanıdır. Şarl Mişel onu da bildirib ki, Ermənistanla Azərbaycan 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşlərindən, həmin görüşlərdə qəbul olunmuş bəyanatlarından irəli gələn öhdəlikləri yerinə yetirilməlidir. Bu, mühüm məqamdır. Bundan başqa, bəyanatda Aİ-nin minatəmizləmə səylərinə dəstəyi davam etdirəcəyi də vurğulanır.

Şarl Mişel Azərbaycana hələ bu il iyulun 18-də etdiyi rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında demişdi ki, Aİ Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üçün ekspert yardımı göstərməyə, lazım olarsa və arzu edilərsə, monitorinq aparmağa hazırdır. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil: “Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır”. O, iki məsələnin detallı şəkildə təhlil edilməsinə ehtiyac olduğunu vurğulamışdı.

Aİ Azərbaycanın əsas ticarət tərafdaşıdır – təxminən 40%. Ötən il tərəflər arasında ticarət dövriyyəsinin gəcmi təxminən 9,5 milyard dollar olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə ixrac həcmi 6,8 milyard dollar təşkil edir. Bundan başqa, Aİ ölkələrinə məxsus 1700-dən çox şirkət bu gün Azərbaycanda fəaliyyət göstərməkdədir.

Ümumiyyətlə, Brüssel Bakı ilə bərabərhüquqlu tərəfdaş kimi, müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır. Hər halda, tərəflər arasında sıx əməkdaşlıq var. Amma bəzi maraqlı məqamları da qeyd etmək lazımdır. Məsələn, bu gün Azərbaycan Ukrayna, Gürcüstan və Moldova ilə bərabər rəqəmsal texnologiyalara keçiddə fəal iştirak edir. Amma Aİ Gürcüstana 3,9 milyard, Ermənistana 2,6 milyard dollar, Azərbaycana isə cəmi 140 milyon dollar maliyyə yardımı ayırır...

Prezidenti İlham Əliyev dekabrın 15-də Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bu mövzunu belə şərh edib: “Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu... Eyni zamanda, bizim hesablamalara görə orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz... Mən dəfələrlə bu məsələləri qaldırmışam və dünən də cənab Mişellə görüşdə hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar... Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır”.

Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə görüşündən sonrakı bəyanatında Bakı üçün mühüm əhəmiyyət kəsb edən daha bir məqam var. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dən çox azərbaycanlının taleyi hələ də məlum deyil. Məsələ tarixdə ilk dəfə olaraq Aİ-nin gündəliyinə salınıb. Bəyanatda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin zəruriliyi vurğulanır.

Aİ-nin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması ilə bağlı həyata keçirilən işləri dəstəklədiyini də vurğulamaq lazımdır. Lakin Azərbaycan indiyədək bu işləri yalnız öz hesabına görür.

Bundan başqa, Avropa İttifaqı bəyan edir ki, o, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində məşvərətçi statusda iştirak edə bilər. Qurum regionda kommunikasiya infrastrukturun yaradılmasına, tərəflər arasında nəqliyyat əlaqələrin açılmasına və inkişafına dəstəyini ifadə edir. O, bu layihələri iqtisadi və investisiya resursları vasitəsilə dəstəkləyə bilər. Bu yanaşma və sadalanan digər məsələlər göstərir ki, Aİ ilə Azərbaycanın gündəliyində olan mövzular üst-üstə düşür.

Bu arada, Azərbaycan humanizm prinsiplərinə sadiqlik göstərərək, daha 10 erməni hərbi qulluqçunu dekabrın 19-da məhz Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Xatırladaq ki, həmin hərbçilər bu il noyabrın 16-da Azərbaycana qarşı Kəlbəcər istiqamətində təxribat törədən zaman saxlanılmışdılar.

Beləliklə, Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələr regional və qlobal miqyasda meydana gələn yeni geosiyasi reallıqlar kontekstində inkişaf edir. Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramının yeganə üzvüdür ki, uzun illərdir ardıcıl mövqe nümayiş etdirir. Azərbaycanın bu uğurlu mövqeyinin əsasını onun müstəqil dövlət kimi, bərabərhüquqlu tərəfdaşlıq üzərində qurduğu qarşılıqlı faydalı əməkdaşlıq xətti təşkil edir. Keçmiçin təcrübəsi göstərir ki, Bakının tutduğu mövqe perspektivli, reallığa uyğun və ən əsası, səmərəlidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eurasia Review


Ana səhifəyə qayıt        Baxış: 5 076          Tarix: 25-12-2021, 17:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma