Xəbər lenti

 
Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin Anadolu Agentliyinə verdiyi açıqlamasında Ermənistan 5 təklif göndərildiyini bəyan etmişdi və İrəvandan adekvat cavab gözlənildiyini bildirmişdi. Ceyhun Bayramovun bildirdiyinə görə, cəmi 1 vərəqdən ibarət olan bu təkliflər paketi beynəlxalq hüquq normalarına uyğundur və Ermənistan fürsəti fövtə vermədən onları qəbul etsə, qarşılıqlı münasibətlərdən faydalana bilər.
 
“Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması üçün baza prinsiplərini təqdim etdik. Həmin o prinsiplərə keçməyəcəm. Ancaq onu qeyd edə bilərəm ki, oradakı prinsiplər hamısı beynəlxalq hüquqa əsaslanır. Burada heç bir qeyri-adi müddəa yoxdur. Hesab edirik ki, həmin təklifləri rədd etmək çox məntiqsiz olar. Ermənistan tərəfinin cavabını gözləyəcəyik. Bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirik. Bir ilə yaxın müddət idi ki, sülh müqaviləsi təklifini vermişdik və buna heç bir cavab yox idi. Ancaq biz ikinci sənədi Ermənistana təqdim edəndən sonra dünən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq üçün beynəlxalq vasitəçilərə müraciət etmək planlarını dilə gətirib. Bu ikinci təklifə müəyyən mənada Ermənistandan cavab reaksiyası idi", - XİN başçısı qeyd edib.
 
Bəs Ceyhun Bayramovun detallarını açıqlamadığı həmin prinsiplər nədən ibarətdir?
 
Ovqat.com-un məlumatına görə, XİN Ermənistana münasibətləri normallaşdırmaq üçün təqdim edilən təklifləri açıqlayıb: 
 
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; 
 
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 
 
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 
 
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; 
 
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
 


Ana səhifəyə qayıt        Baxış: 6 038          Tarix: 14-03-2022, 18:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma