Xəbər lenti
 
Aprelin 13-də Azərbaycan Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində Dövlət Gömrük Komitəsi və İranın Gömrük İdarəsinin nümayəndələri arasında işçi görüş keçirilib.
Ovqat.com “APA-Economics”ə istinadən xəbər verir ki, Komitənin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında əlaqələrin tarixi dostluq və qar­şılıqlı əməkdaşlığa əsaslandığı və bu cür görüşlərin gömrük sahəsində ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyini deyib.
 İranın Gömrük İdarəsi nümayəndə heyətinin rəhbəri, İranın Gilan Əyaləti üzrə Gömrük İdarəsinin baş direktoru Məhəmməd Şahbazi görüşün təşkilinə görə təşəkkürünü bildirib və İran Gömrük İdarəsinin sərhəd dövlətləri arasında ən çox azərbaycanlı həmkarları ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
 Görüş zamanı tərəflər gömrük nəzarətini sürətləndirmək və asanlaşdırmaq məqsədilə İrandan Azərbaycana ixrac olunan və ya tranzitlə keçən tez xarab olan malların paletlərdə daşınmasının mümkünlüyü, "X-ray" operatorlarının təcrübə mübadiləsinə dair təlimlərin təşkili, gömrük hüquqpozmaları sahəsində əməkdaşlığın genişləndirilməsi ilə narkotik vasitələr və qaçaqmalçılığa qarşı mübarizədə qabaqcıl təcrübələrin paylaşılması və şəxsi nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin sərhəd keçidinin asanlaşdırılması məsələlərini müzakirə ediblər.
 Bununla yanaşı, tədbirdə hər iki tərəfin gömrük xidmətlərinin iş saatının uzadılmasının iki ölkə arasında gömrük məsələlərinin effektivliyinə və səmərəliliyinə töhfə verdiyi qeyd olunub.
 İran tərəfi bu ilin martında Novruz bayramı ilə əlaqədar İrandan Azərbaycana səfər edən turistlərin sayının əvvəlki günlərdən daha çox olduğuna baxmayaraq, onların gömrük sərhəd-keçid prosedurlarında heç bir problem yaşanmadığı və işin yüksək təşkili üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
 
Görüşdə iki ölkənin gömrük idarələri arasında sıx əlaqələrin gələcək faydalı əməkdaşlığa töhfə verəcəyi bir daha vurğulanıb.



Ana səhifəyə qayıt        Baxış: 1 094          Tarix: 15-04-2017, 10:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma