Xəbər lenti

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə "Report" Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlərin geniş spektri, o cümlədən bu il fevralın 22-də iki ölkə arasında ali səviyyədə imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının icrası müzakirə edilib.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi müsbət qiymətləndirilib.

Bir sıra regional və beynəlxalq mövzular üzrə fikir mübadiləsi aparılıb. Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli bəyanatların bütün müddəalarının icra olunmasının gedişatını, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlara şərait yaradılmasını nəzərdən keçiriblər.



Ana səhifəyə qayıt        Baxış: 3 336          Tarix: 8-04-2022, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma