Xəbər lenti


Bu gün belə bir məlumat yayıldı ki, Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Bununla bağlı yaxın günlərdə deputatların parlamentin sədrinə müraciət edəcəkləri gözlənilir.

Növbədənkənar sessiyanın iyun ayında keçirilməsi planlaşdırılır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyası çağırılır. Parlamentin yaz sessiyası mayın 31-də başa çatır.

Bu fakt bəzi suallar yaradıb. Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsinə nəyə görə zərurət yaranıb?

TNS-in özəl mənbələrdən əldə etdiyi məlumata görə, bu ilin yay aylarında ölkədə seçkilərin keçirilməsi nəzərdə tutulub. Mənbəmiz bildirir ki, bu il Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi gözlənilir. Milli Məclisin iyun ayında keçirilən növbədənkənar sessiyasında bununla bağlı qərarın qəbul olunacağı ehtimal edilir.

Bu il ölkədə hansısa seçkinin keçiriləcəyini bir sıra faktlar da təsdiqləyir. Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 20 484 078,0 manat vəsait ayrılıb. Halbuki, 2021-ci ilin dövlət büdcəsində seçkilərin keçirilməsi üçün vəsait nəzərdə tutulmayıb.

Bildiyimiz kimi, 2020-ci ilin fevral ayında Milli Məclisə seçkilər keçirilib. 2020-ci ilin dövlət büdcəsinə nəzər salanda görürük ki, büdcədə seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 75 830 025,0 manat vəsait nəzərdə tutulub. Ancaq 2021-ci ilin dövlət büdcəsində bu bənd yoxdur. Bütün bu faktlar onu deməyə əsas verir ki, bu il Azərbaycanda seçkilərin keçirilməsi gözlənilir.

Mənbəmiz iddia edir ki, bu il referendum da keçirilə bilər.



Ana səhifəyə qayıt        Baxış: 3 568          Tarix: 18-05-2022, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma